Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni layihənin icrasına başlayır.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, avtomobil daşımaları sahəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, avtomobil daşımaları sahəsinə investisiya cəlb edilməsi, daşıyıcıların sayının artırılması və daşımalar bazarında təklifin genişləndirilməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətində “Daşıyıcı bələdçisi” xidməti təşkil edilib.
Layihə çərçivəsində avtomobil daşımaları sahəsində sahibkarıq fəaliyyəti ilə məşğul olan və yaxud məşğul olmaq istəyən şəxslər müraciətləri əsasında mövcud qanunvericiliyin tələbləri, avtomobil daşımalarının xüsusiyyətləri və digər istiqamətlər üzrə maarifləndiriləcək, onlara məsləhətlər veriləcək və aidiyyəti sualları cavablandırılacaq. Ehtiyac olarsa, sahibkarlara qısamüddətli təlimlər də keçiriləcək.
“Daşıyıcı bələdçisi” xidməti aşağıdakı istiqamətləri əhatə edir:
- Avtomobil daşımaları sahəsində sahibkarlıq fəaliyyətinin təşkili;
- Müntəzəm sərnişin daşımalarına daşıyıcıların cəlb edilməsi qaydası;
- Avtovağzallar və avtostansiyalarla qarşılıqlı münasibətlər;
- Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarına görə vergilərin ödənilməsi xüsusiyyətləri;
- Sürücülərin iş və istirahət rejimi qaydaları;
- Beynəlxalq avtomobil daşımalarında “İcazə” blankları və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli icazələri;
- “BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası” istifadə edilməklə yerinə yetirilən beynəlxalq daşımalar;
- Beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) rəsmiləşdirilməsi;
- Avtonəqliyyat vasitələrinin idxalı.
“Daşıyıcı bələdçisi” xidmətindən istifadə etmək istəyən şəxsə avtomobil nəqliyyatı sahəsi üzrə qüvvədə olan digər tənzimləmə normaları haqqında da məlumatlar təqdim edilə bilər.
Xidmət həm onlayn, həm də adi qaydada ödənişsiz həyata keçiriləcək.
“Daşıyıcı bələdçisi” xidmətindən istifadə etmək istəyən şəxslər [email protected] e-poçt ünvanı, //www.facebook.com/AzDANX rəsmi “Facebook” səhifəsi, (+99412) 514 27 51, (+99450) 404 53 62 telefon nömrələri vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət edə bilərlər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man