Zakir Fərəcov Sülh küçəsini təmir etdirir - 73 minlik tender
Yeniliklər01 Noyabr 2021 | 16:25
OXUNUB: 1286
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Corat Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi "Californias 252 C” MMC ilə maliyyə dəyəri 73 199.82 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. Qaynarinfo xəbər verir ki, müqavilədə Corat qəsəbəsində Sülh küçəsinin divarlarının cari təmiri nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına qeyd edilir ki, "Californias 252 C” MMC 12 noyabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Dostluq küçəsi, ev 18/31, mənzil 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Orucov İmran Əliş oğludur.
Açıq mənbələrdə nə şirkət, nə də qanuni təmsilçisi barədə məlumat var. MMC-nin əlaqə nömrələri və internet səhifəsinə də rast gəlinmir. Bununla belə, araşdırmalarımız zamanı məlum olub ki, "Californias 252 C” MMC ilə əsasən Sumqayıt Şəhər İcra Hakimiyyəti və şəhərin yerli qurumları əməkdaşlıq edir. Bu ilin iyununda qurumla şirkət arasında 443 minlik satınalma müqaviləsi imzalanıb. Müqavilədə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun ətraf hissəsinin abadlaşdırılması və yaşıllıq işlərinin satınalınması nəzərdə tutulur.
Ötən il isə "Californias 252 C” MMC ilə Sumqayıt Səhiyyə Şöbəsi satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 119 000 AZN təşkil edən müqavilədə cari təmir nəzərdə tutulur.