Metroda gediş haqqı bahalaşacaq - Amma 3 dəfə deyil...

Yeniliklər 10 May 2021 | 20:40
OXUNUB: 1643

“İndidən belə qiymət səsələndirirlər ki, sonradan gediş haqqı 50 qəpiyə qalxanda insanlar “yaxşı ki, 97 qəpik olmadı” desinlər”

 

2021-ci il üçün Bakı metrosunda sərnişindaşıma planı gediş haqqını ödəyən sərnişinlər üçün 194,2 milyon nəfər həddində proqnozlaşdırılıb. Bu barədə “Bakı Metropoliteni” QSC-dən açıqlama verilib.

 

“Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən, metro nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti 1 iyun 2021-ci il tarixinədək dayandırılıb. Qeyd edilən tarixdən sərnişindaşıma fəaliyyəti bərpa olunarsa, hesabat dövrü üçün gözlənilən 132,6 milyon nəfərlik sərnişindaşıma həcminə uyğun olaraq, bir sərnişinin daşınma xərcinin 0,97 manat təşkil etməsi gözlənilir”, - deyə açıqlamada bildirilir.

Bəxtiyar Məmmədov: “Metronun “Nəriman Nərimanov” stansiyasında ...

QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun AYNA-ya dediyinə görə, söhbət proqnozlaşdırılan rəqəmdən gedir: “Yəni iyunun 1-də metro sərnişindaşımaya açılarsa və il ərzində 132 milyondan çox sərnişin daşınarsa, bir sərnişinin daşınma xərcinin 97 qəpiyə başa gəlməsi gözlənilir”.

 

“Lakin bu, həmin qiymətə daşınacaq mənasını vermir. Bu, sadəcə ehtimaldır. Fəqət 2020-ci il üzrə maliyyə hesabatına görə, xərclərin bir sərnişinin daşınmasına görə daşıma qiyməti 1 manat 54 qəpik olub”, - deyə qurumun sözçüsü bildirib.

 

Məmmədov əlavə edib ki, sərnişindaşıma ilə bağlı gediş haqqı qiymətini Tarif Şurası müəyyən edir: “Metropoliten qiymət tənzimləməsi ilə bağlı hələlik Şuraya müraciət etməyib. Əsas vəzifəmiz infrastrukturu sərnişindaşımaya hazır vəziyyətdə saxlamaqdır”.

 

İqtisadçı ekspert Natiq Cəfərli də metroda gediş haqqının o dərəcədə artırılacağını düşünmür. Onun AYNA-ya şərhinə görə, uzun illərdir Metropoliten rəhbərliyi insanlara mesaj ötürür ki, bir sərnişinin daşınmasının maya dəyəri kifayət qədər yüksəkdir və indiki qiymətlərlə həmin maya dəyərini ödəmək olmur: “Demək istəyirlər ki, buna görə də dövlətdən dotasiyalar almağa məcbur qalırlar”.

Gələn ilin büdcəsindən devalvasiya “qoxusu” gəlir, amma...” -

“Biz dəfələrlə mütəxəssislər olaraq müraciət də etsək, qurum bircə dəfə də olsun bir sərnişinin gediş haqqının maya dəyərini necə hesabladıqları ilə bağlı heç bir açıqlama verməyib. Onların hesablaması nəyə əsaslanır? Burada hansı parametrlər əsas götürülür? Nəyə görə bir sərnişin “Neftçilər”dən minib, “Elmlər Akademiyası”na gələndə də eyni qiymət,  “Elmlər Akademiyası”ndan “İnşaatçılar”a bir dayancaq olmasına baxmayaraq yenə eyni qiymətdir? Bütün bu suallara Metropoliten rəhbərliyi cavab verməlidir”.

 

Ekspertin fikrincə, qurum bu cür yüksək qiymət səsləndirməklə insanların nəbzini yoxlayır: “Onlar sadəcə indidən belə qiymətlər səsələndirirlər ki, sonradan qiymətlər 50 qəpiyə qalxanda insanlar “yaxşı ki, 97 qəpik olmadı” desinlər. Sanki bu cür ictimai şüuru hazırlamaqla məşğuldurlar”.

 

Bu səbəbdən Cəfərli əmindir ki, Metropoliten sərnişin daşınmasının maya dəyərinin hesablanması ilə bağlı ictimaiyyətə hesabat verməlidir: “Bununla bağlı ictimaiyyətə açıqlama verməlidirlər və biz də mütəxəssislər olaraq həmin hesabatlara baxmayılıq ki, bunlar necə hesablayıblar. Hesablama doğrudurmu? Nəyə görə bir sərnişin üçün maya dəyəri bu qədər yüksək alınır? Yalnız bu suallara cavab verildikdən sonra bununla bağlı bir qərar vermək mümkün olar. Bununla bağlı artıq 3-4 ildir ki, danışıqlar gedir. Çox güman ki, Metropolitendə gediş haqqı təqribən 0,50 qəpiyə qədər qaldırılacaq”.

 

Nəqliyyat ekspert Elməddin Muradlı isə AYNA-ya açıqlamasında deyib ki, əgər bu gün metro yenilənirsə, yeni qatarlar alınırsa, infrastruktur dəyişirsə, maliyyə rentabelliyi qorunmursa, müəyyən dərəcədə qiymət artımına gedilməsi qaçılmazdır: “Biz bunu illər öncədən deyirik. Bakı şəhərində həm metroda, həm avtobuslarda daşınma xərcləri bir sərnişin üçün təxminən 0,50-1 manat arasındadır. Ona görə də Metropoliten də rentabelliyi qorumaq üçün  bu cür təkliflər edir. Amma hər bir halda əhalinin güzarınını da nəzərə almaq lazımdır. Buna uyğun qərar qəbul edilməlidir”.

Afaq Bəşirqızı və küçə uşaqları... ELMƏDDIN MURADLI YAZIR

Muradlı da qiymətin birdən-birə bu qədər qalxacağına inanmır: “Lakin müəyyən artım ola bilər. Bu, qaçılmazdır. Çünki bugünkü reallıqlar bunu tələb edir. İnsanlarımız da bunu başa düşməlidir. Çünki etroda infrastrukturun yenilənməsi, yeni vaqonların alınması böyük maliyyə xərci tələb edir”.

 

“Bu gün dünyada iqtisadi çətinliklər yaşanmaqdadır. İstehsal prosesi aşağı düşür. Bu vaqonlar da kifayət qədər baha başa gəlir. Bu baxımdan hər bir halda Bakı Metropoliteni əgər qiymət artımına gedəcəksə, çox istərdim ki, cəmiyyətə bunun hesabatı da verilsin. Bu, əsaslandırılmış şəkildə olmalıdır. Tarif Şurası hər hansı bir dəyişikliklə bağlı qərar qəbul edəcəksə, bunu əsaslandırmalıdırlar”, - deyə həmsöhbətimiz vurğulayıb.

 

Qeyd edək ki, normal iş rejimində 1 gün ərzində Bakı metrosu 600 mindən çox sərnişin daşıyır. Tarif (Qiymət) Şurasının tənzimlədiyi qiymətlərə görə, bir sərnişinin daşınma haqqı 30 qəpikdir. Amma “Bakı Metropoliteni”nin açıqladığı məlumata görə, bir sərnişinin daşınması quruma 2018-ci ildə 0,52 manata, 2019-cu ildə 0,51 manata, 2020-ci ildə isə 1,54 manata başa gəlib.

 

1967-ci ildə əsası qoyulan Bakı metrosunun hazırda xətlərinin sayı 3-ə (yaşıl, qırmızı və bənövşəyi), xətlərinin uzunluğu təxminən 40 km-ə, stansiyalarının sayı isə hələ istismar edilməyən “8 Noyabr” stansiyası da daxil olmaqla 26-ya çatır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man