"Narahat olmayın"la başlayıb, qəza ilə bitən məktəbli turları - Qaydalar nəyi tələb edir?
Yazarlar13 İyun 2022 | 16:49
OXUNUB: 801
Tədris ilinin sonu olduğu üçün məktəblilərin, xüsusilə buraxılış siniflərinin (IV, IX,XI) müxtəlif istirahət zonalarına səfərləri artıb. Belə səfərlərlə yanaşı, qəzaların da sayı artır. Artıq son 10 gündə məktəblilərin olduğu avtobusların qəzaya düşməsi ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi olub.
Bəs müəllim və məktəblilərin iştirakı ilə həyata keçirilən turlar necə təşkil edilməli, təhlükəsizlik necə təmin olunmalıdır? Azvision.azeksertlərdən məsələyə münasibət öyrənib. Təhsil eksperti Kamran Əsədov bildirib ki, ümumtəhsil məktəblərində oxuyan şagirdlərin valideynlər və müəllimlərinin iştirakı ilə hər hansı yol hərəkatı qaydalarına riayət edilmədən kütləvi şəkildə səfərə çıxılması yolverilməzdir və tövsiyə edilmir: “Bu, ancaq o halda baş verə bilər ki,Təhsil Nazirliyi və ya yerli təhsil idarəsi hansısa fənn olimpiadası və ya başqa əhəmiyyətli tədbir keçirdir. Amma biz şagirdlərin kütləvi səfərlərini görürük. Son 10 gündə artıq neçənci belə hadisədir yaşanır. Bunun aradan qaldırılması üçün valideynlərin və müəllimlərin birlikdə yaşayış yerini tərk etməsinə icazə verilməməlidir. Məktəblilərin səfəri yalnız xüsusi icazə ilə olmalı və xüsusi turlar təşkil edilməlidir. Həmçinin daşıyıcı avtobuslar da təhlükəsizlik standartına cavab vermir və yekunda bədbəxt hadisələr yaşanır. Bütün hallarda valideynlərin özlərinin təşəbbüsü olsa belə, təhsil müddəti ərzində şagirdlərin yay istirahətinin və ya səfərinin təşkil edilməsi yolverilməzdir”.
Məktəbli turları Tədbirlər Planına salınmalıdır
Təhsil eksperti qeyd edib ki, şagirdlərin tədris ilinin sonunda səfəri məktəbin tədbirlər planı çərçivəsində edilməlidir. Belə səfərlər eyni zamanda digər dövlət orqanları ilə təhlükəsizlik təmin olunmaqla razılaşdırılmalıdır.
- Bu səfərlərdə şagirdlər olacaqlarsa, yol patrul xidmətinin mühafizəsinin təşkili təmin edilməlidir. Bu, ciddi məsələdir və məsuliyyətdir. Turlar valideynin təşəbbüsü ilə ola bilər, lakin müəllimlər də burada iştirak edirsə, artıq təhsili düşündürən məsələdir, deyən K.Əsədov vurğulayıb ki, qeyri-iş günün olması məsələnin çıxış yolu deyil:
“Heç kim düşünməsin ki, istirahət günü olub və səfər öz təşəbbüsləri ilə olub. Bütün hallarda məktəblilərin bu tipli kütləvi səfəri məhdudlaşdırılmalıdır, yoxsa adi hala çevriləcək və şagirdlərin həyatı təhlükədə qalacaq”.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov qeyd edib ki, turizm şirkətləri turlar üçün nəqliyyat şirkətlərindən avtobusları icarəyə götürür. O bildirib ki, səfərdə turist şirkətlərindənsə, nəqliyyat şirkətlərinin rolu daha çoxdur:
“Turizm şirkətləri səfərə nəzarət etməlidirlər. Belə səfərlərdə bir yox, iki sürücü olmalıdır. Çünki sürücülər sezon vaxtı çox işləyir, yorulur, istirahət etmədən ikinci səfərə çıxır. Bu düzgün deyil. Məktəblilərin iştirakı ilə baş verən belə qəza isə məsələni həssaslaşdırır. Onların hansı turizm şirkəti ilə getdiyi bilinmir. Əgər bizim Assosasiyanın üzvüdirsə, onunla bağlı iş aparılacaq, üzvümüz deyilsə, onlara nəsə etməyə səlahiyyətimiz çatmır”.
Turizm şirkətləri reyestrdən keçiriləcək
G.Qəhrəmanov bildirib ki, turizm şirkətləri kirayə nəqliyyat götürdüyü şirkətlərlə müqavilələr bağlamalıdır və standartlar qorunmalıdır: “Avtobusda sərnişinlərin kəmərdən istifadəsi diqqətdə saxlanılmalıdır. Uşaqlar olanda isə buna xüsusi nəzarət olunmalıdır. Eyni zamanda hər bir tur zamanı iştirakçılar sığortalanmalıdır. Amma turizm şirkətlərinin buna öz yanaşması var. Onların hər biri bizə üzv olmadığı üçün nəzarət edə bilmirik. Amma gələcəkdə bu məsələ tənzimlənəcək.
Məsələn, Türkiyədə turizmə nəzarət mexanizmi TÜRSAB-dadır və bəlli standartlar var. Turistləri daşıyan nəqliyyatlar onların nəzarətdədir və hər biri standartlardan keçməlidirlər.
Artıq ölkəmizdə yeni “Turizm” haqqında yeni qanun qüvvəyə minib, tezliklə standartlar və mexanizlər təsdiq olunacaq. Orada turizm şirkətlərinin reyestrdən keçirilməsi gündəmdədir”.
Məktəbli turlarını polis müşayiət etməlidir
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə məktəbliləri daşıyan avtobusların xüsusi mühafizə olunmalı olduğunu vurğulayıb:
- Baş Dövlət Yol Polis İdarəsi məktəblərə müraciət edib ki, belə səfərlər olanda onlara deyilsin və təhlükəsizliyi təmin etmək üçün polis heyəti ayrılsın. Yol Polisi İdarəsi buna etməyə hazırdır, amma valideynlər unudur və nəzərə almırlar. Təəssüf edirəm ki, idarə tərəfindən verilən məlumatlara əhəmiyyət verilmir, turizm şirkətinin “narahat olmayın, hər şey yaxşı olacaq” sözünə inanılır və nəticədə qəzalar yaşanır”.
Ekspert qeyd edib ki, günü-gündən çoxalan turizm şirkətləri təcrübəli sürücülərlə işləmir: “Maddiyyat hər şeydən önə keçir. Daha çox pul qazanmaq istəyi sonda qəzalara səbəb olur. Bəzi sürücülər hədsiz dərəcədə tamahkarlıq edirlər. Dərin araşdırılsa məlum olar ki, dünən qəza edən sürücü başqa heyəti aparıb, gətirib. Dincəlməmiş digər qrupu aparıb. Yolda yuxulayıb, ya diqqətsizlik edib, qəza baş verib. Turizm şirəti isə ad çəkmir. Görün nə qədər harınlayıblar?! Yaralı varsa, cinayət işi açılacaq, sürücü və turizm şirkəti də cinayət məsuliyyətinə cəlb olunacaq. Amma uşaqların aldıqları travma onlara illərlə bəs edəcək. Bu nümunələrdən sonra digər məktəblilər artıq qorxur və hətta çoxları bəlkə də səfərləri ləğv edirlər”.
E.Muradlı qeyd edib ki, səfərlər üçün təcrübəsiz turizm şirkətləri ilə danışmaqdansa, avtovağzallara müraciət edilsin:
“Onlar həm komfortlu avtobus, həm də ehtiyat sürücü ayıracaqlar. Onsuz turlarda tarixi yerlər barədə məlumat verilmir. Eyni yolu onlar da gedir və daha təhlükəsizdir”.