“Baku Bus” üslubunda təmir: donorluq, yoxsa texniki vandalizm?

Yazarlar 06 May 2022 | 16:48
OXUNUB: 1653

Birinci Avropa Oyunlarından sonra Fransadan alınmış avtobuslar sərnişinlərin sərəncamına verildikdə çoxumuz sevindik. Düşünürdük ki, nəhayət normal avtobuslarla hərəkət etmək imkanımız olacaq. Lakin görünməyən başqa işlər də varmış. Onu da sağ olsun, Hesablama Palatası gün işığına çıxarıb.
Məlum olub ki, Baku Bus periodik təmir və texniki qulluq zamanı ehtiyat hissə almamaq üçün bir avtobusu söküb hissələrini digər avtobusa yığıb. Nəqliyyat tariximizdə ilk dəfədirmi? Xeyr.
Müstəqillikdən sonrakı illərdə Bakıda hiss olunan ciddi avtobus qıtlığı şəraitində müəssisələr bir neçə avtobusu sökərək birinə yığıb istismar edirdi. Eyni hal trolleybuslarda da müşahidə olunurdu. Bəs nəqliyyat müəssisələrini o dövrdə ittiham etmək mümkün idimi? Əsla yox. 
Ölkə müstəqilliyi yeni əldə etmişdi, iqtisadi və siyasi vəziyyət ürəkaçan deyildi. Ən əsası, Çeçenistanda müharibə getdiyi üçün Rusiyadan böyük partiya mal gətirmək üçün insanlar öz həyatlarını təhlükə altında qoymalı idilər. Bir sözlə, o zaman görülən işlər yeganə çarə idi və buna görə kimisə qınamaq ədalətsiz olar. 
Donorluq məsələsindən avtomobil kolleksiyaçıları geniş istifadə edirlər və bu da tam normaldır. Sadə dildə desək, kimsə eyni modeldən olan 3 köhnə avtomobili satın alaraq ortaya 1 avtomobil çıxarır. Bu zaman hər avtomobilin salamat qalan detalları götürülür. Məsələn, 1972-ci ilin “VAZ-2101”nin farası bu gün də satışda var, amma Rusiya istehsalıdır. İtaliya istehsalı olan faranı əldə etmək üçün azı 2 avtomobil sökülməlidir.

Bura qədər dediklərimiz donorluq adlanır və köhnə, istehsaldan çıxarılmış, ehtiyat hissələri tapılmayan texnikanı ayaq üstə saxlamaq üçün əsas çıxış yoludur. Ehtiyat hissələrinə pul xərcləməmək üçün saz texnikanı şikəst etməyin isə öz adı var: TEXNİKİ VANDALİZM.

Bu günlərdə Paris bələdiyyəsi yanğın probleminə görə 149 elektrobusu satışdan çıxardığı üçün fransızlar sosial şəbəkədə nəqliyyatı idarə edən qurumu yumşaq desək atəşə tuturlar. Halbuki 1500-dək xəttin olduğu şəhər üçün bu qədər texnika böyük göstərici deyil. Üstəgəl, parislilərin əsas nəqliyyatı metro və qatardır.
Bizdə isə təəssüf ki, daşıyıcı şirkətin yarıtmaz idarəçiliyi sayəsində texnikanın yarısı “metallom” statusu alıb. Yəqin ki, sərnişinləri yolda qoyaraq sünii narazılıq yaradanlarla başqa dövlət qurumları da maraqlanacaq. 
Bütün hallarda, 21-ci əsrdə ehtiyat hissə tapmaq mümkün deyil və ya çətindir iddiası, sadəcə olaraq bəhanədir.

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man