Bir neçə gün əvvəl rus, yoxsa Azərbaycan bölməsi ətrafında müzakirələr getdi. Jurnalistlərdən biri müzakirəyə qoşularaq, rus bölməsinin abituriyentləri arasında 700 bal yığanın olmadığını bildirdi. Əslində isə var.
Nərgiz İsmayılbəyli Azərbaycan təhsil tarixində 2007-ci il üçün rus bölməsi üzrə ilk dəfə 700 bal toplamış abituriyentdir.
Sfera.Az "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsilini xarici ölkədə davam etdirən mama-ginekoloq Nərgiz İsmayılbəyli ilə müsahibəni təqdim edir:
Nərgiz 1990-cı ildə anadan olub. 1997-ci ildə Bakıda 10 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 2007-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub.
Prezident təqaüdünə layiq görülüb. Altı il orada təhsil aldıqdan sonra 2013-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib, Respublika Diaqnostika Mərkəzində Rezidenturaya daxil olub.
2011-ci ildə yay istehsalat təcrübəsi çərçivəsində İtaliyanın Genuya Universitetinin klinikasında ginekologiya şöbəsində həkim köməkçisi kimi fəaliyyət göstərib.
- Necə oldu Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına qoşuldunuz?
- Rezidenturaya qəbul olduğum il analıq məzuniyyətinə çıxmışdım. Həmin ərəfələrdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə tanış oldum. Müraciət etdim. Burada rezidentura təhsilimi dayandırdım və proqram çərçivəsində İtaliyanın Roma "La Sapienza” Universitetində (Universita di Roma "La Sapienza”) "prenatal diaqnostika və dölün patologiyası” ixtisası üzrə təhsilimi davam etdirdim.
Orada iki il təhsil aldım: birinci il dövlət hesabına, ikinci il isə öz hesabıma. Daha sonra yenidən buraya qayıtdım və rezidentura təhsilimi yenidən davam etdirirəm. Artıq dördüncü kursdayam, bir ildən sonra həkim kimi fəaliyyətə başlayacağam.
- İtaliyadakı təhsillə Azərbaycandakı təhsil arasında hansı oxşar və fərqli məqamlar var?
- İtaliyada aldığım təhsillə Azərbaycandakı təhsili müqayisə edə bilməyəcəyəm. Çünki fərqli bölmələr üzrə təhsil almışam. Mən orada bir il "prenatal diaqnostika və dölün patologiyası”, ikinci il isə sonsuzluq problemləri ilə bağlı oxumuşam. Burada isə mama-ginekoloq üzrə təhsil alıram.
- Azərbaycan Tibb Universiteti tarixində rus bölməsi üzrə maksimal balla qəbul olan ilk tələbə olmusunuz.
- Bəli. Universitetə qəbul olduğum dövrdə maksimal bal toplamışdım. Bununla bağlı məktəbimizdə tədbir oldu. Eyni zamanda, icra hakimiyyətindən məni təbrik etdilər. Düşünürəm ki, zəhmətimin bəhrəsini görmüşəm.
- Hər zaman təhsil sahəsində azərbaycan və rus bölmələri arasında bir mübahisəli məqam var. Çoxluq düşünür ki, rus bölməsində oxuyan şagird və tələbələr dərslərinə diqqətsiz, dissiplinsiz olurlar. Buna münasibətiniz necədir?
- Düşünürəm ki, bu fikrə qarşı illər əvvəl göstərdiyim imtahan nəticələri bariz nümunədir. Mən rus bölməsində oxumuşam. Nəinki özüm, eləcə də, sinif yoldaşlarım, qrup yoldaşlarım da dərslərinə qarşı məsuliyyətli olublar.
Bilirsiniz, bu, yanlış yanaşmadır. Çünki hər şey insanın özündən asılıdır. Fərq etmir rus bölməsində oxuyursan, yoxsa Azərbaycan. Əgər sən qarşına məqsəd qoymusansa, ona nail olmaq üçün əlindən gələni edəcəksən. Mühit necə olur-olsun, sən iradəli olmağı bacarmalısan. Hər şey insanın özündən asılıdır.
- İtaliyada öyrəndiyiniz hansı metodikanı fəaliyyət sisteminizdə tətbiq etməyi düşünürsünüz?
- Əslində, mən sonsuzluq problemləri ilə bağlı bir çox məsələlər üzərində çalışmaq istəyirəm. Hazırda çalışdığım müəssisədə bu istiqamətdə işlər görülmür. Hələlik daha çox mamalıq-ginekologiya ilə maraqlanıram. Gələcəkdə sırf sonsuzluqla bağlı problemlər üzərində çalışmaq fikrindəyəm.
Könül Cəfərli