"DİM-in nəşr etdirdiyi kitablar keyfiyyət və məzmun baxımından baha başa gəlir. Digər tərəfdən, DİM publik təşkilatdır”.
Sfera.az-a açıqlamasında bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) çap etdirdiyi nəşrlərin olduqca baha olması səbəblərinə münasibət bildirərkən təhsil eksperti Məlahət Mürşüdlü deyib.
Onun sözlərinə görə, digər tərəfdən həmin vəsaitlərin baha olmasına bu sayaq kitablara tələbin yüksək olması da təsir göstərir:
"Bir neçə il bundan öncə bu məsələ ilə ictimai şura olaraq maraqlandıq və təklif etmişdik ki, DİM buraxdığı kitabları bir qədər ucuz qiymətə satsın. Ancaq onlar bildirdilər ki, həmin nəşrlər baha başa gəlir. Dövlət İmtahan Mərkəzinin (DİM) çap etdirdiyi vəsaitləri həm keyfiyyət, həm də məzmun baxımından baha başa gələn nəşr və jurnallardır. Burada müəlliflərə əmək haqqı, qonorarların ayrılması amili var, həmçinin çap prosesi nəşriyyatda baha başa gəlir. İkinci bir tərəfdən, DİM publik təşkilatdır, öz-özünü maliyyələşdirən qurumdur. Dövlətdən heç bir vəsait almır. Ona görə çap etdirdiyi nəşrlər hesabına özünə əlavə qazanc əldə etmək istəyir. Bu baxımdan da həmin kitab və jurnallar belə baha qiymətə satılır.
Həmçinin, övladının təhsil almasında maraqlı olan valideynlər arasında DİM-in buraxdığı kitab və nəşrlərə istər-istəməz böyük tələbat yaranır. Yəni insanların tələbi var ki, hansı qiymətdə olmasından asılı olmayaraq həmin kitabları alırlar. Ona görə bu nəşrlər satılır, mətbələrdə rəflərdə qalmır. Qiymətin baha başa gəlməsinə bu amil də təsir göstərir.
Sözsüz ki, əhalinin hazırkı vəziyyətini nəzərə alaraq bu istiqamətdə bir qədər ucuzlaşmaya da gedə bilərdilər. Fikrimcə, buna getsələr daha yaxşı olardı. Ancaq bütün hallarda həmin nəşrlərin çapının baha başa gəldiyi də unudulmamalıdır”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi hər il təhsilə aid xeyli sayda kitab, jurnal və digər nəşrlər buraxır. Əhali arasında DİM-in buraxdığı nəşrlərə maraq və tələb olsa da, insanlar bu kitabların çox baha olduğunu deyirlər. Belə ki, həmin kitabların real qiyməti məsələn, 5 manat olsa da, DİM onu iki dəfəyə qədər baha, 10 manata satır.
ELÇİN