Gənclik təravətdir, ömürdən ala bildiyin ən qiymətli qənimətdir. Bəli, gənclik illəri ömrün ən gözəl çağlarıdır. Onu elə yaşamaq lazımdır ki, nə vaxtsa xatırlayanda ağrı-acısı az olsun. Demirəm ki, onun azadlığını boğasan, imtiyazlarından istifadə etməyəsən. Axı, o sənə ikinci dəfə verilməyəcək, bir də heç kim deməyəcək ki,- "Hələ gəncdir, yaşlananda anlayar".
Haqqında söhbət açdığım Elvin Yolçuyev də gəncdir, vur-tut 25 yaşı var. Amma ağıllı gənclərdəndir, vətəndən uzaqda böyüsə də milli kimliyini unutmur, soy-kökünə sədaqətlidir. Onu söhbət zamanı bilərəkdən ana dilimizdə danışdırdım ki, azərbaycanlı olduğundan qürur duysun. Fikirlərini rahat ifadə edir, düşündüklərini çatdırmağa çalışır. O, danışdıqca adam belə bir gənc soydaşının olmasına çox sevinirdi.
1993-cü ildə Şamaxı rayonunda dünyaya gəlib. Atasıgil onun 7 yaşı olanda ABŞ-ın İlinois ştatının Çikaqo şəhərinə köçüblər. Orta təhsilini Çikaqoda alıb. 2016-cı ildə Miçiqan Dövlət Universitetini bitirib. O, burada kompyuter elmləri, biznes, media və informasiya ixtisasına yiyələnib. Hazırda "VIZNAMI ©" media şirkətinin rəhbəridir. Rəhbərlik etdiyi şirkət xeyli uğurlara imza atıb. Müqavilə yolu ilə işə götürdüyü bir neçə təcrübəli əməkdaşı da var. Şirkətin gördüyü işlər sırasında bu xidmətlər yer alıb- qrafik dizayn, kliplərin çəkilməsi və montajı, vebsaytların yığılması, reklam çarxlarının hazırlanması və s.
Deyir ki,- "Daha keyfiyyətli iş görmək, daha çox müştəri deməkdir. Şirkətin fəaliyyət sahəsini genişləndirmək istəyirəm. Planlaşdırıram ki, film çəkilişləri ilə də məşğul olaq. Bunun üçün şirkətimizə qarşı inam, etibar yaratmaq lazımdır ki, rejissorlar bizimlə işbirliyindən çəkinməsinlər". Hər iki-üç ildən bir ata-baba yurduna gedir. Söylədiyinə görə, Azərbaycanı çox sevir. Bütün bunlar bir başlanğıcdır, Elvin Yolçuyevin ən böyük uğurları hələ qabaqdadır. İnanırıq ki, nə vaxtsa onun adı ABŞ-ın ən varlı sakinlərinin sırasında hallanacaq.
Elman Eldaroğlu,
ABŞ, Miçiqan