Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələrində baş verən hadisələr həmin bağçalara nəzarətin necə olduğu barədə suallar doğurur. Qeyd edək ki, 2024-cü ilin əvvəlinə olan rəsmi məlumata görə, ölkə üzrə 1700-ü dövlət, 157-si özəl olmaqla 1857 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Elm və Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilib. 2021-ci ildə isə yenidən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Maraqlıdır, hazırda özəl məktəbəqədər təhsil müəssisələri hansı qurumun tabeliyindədir? Özəl bağçalara nəzarət necə təmin edilir?
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanladıq.
MÜTDA-dan Sfera.az-ın sorğusunda cavab olaraq bildirildi ki, özəl məktəbəqədər təhsil müəssisələri müstəqil sahibkarlıq subyekti kimi hər hansı qurumun tabeliyində deyil və öz nizamnaməsi əsasında fəaliyyət göstərir:
“Özəl məktəbəqədər təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə həyata keçirilir”.
Məlumat üçün bildirək ki, bağçaların fəaliyyət göstərməsi üçün lazım olan lisenziyanı İqtisadiyyat Nazirliyi verir. Belə ki, 2016-cı ildə Azərbaycan prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr tarixli, 650 nömrəli fərmanı ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi aidiyyəti dövlət orqanlarının rəyini almaqla, İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Bunları nəzərə alaraq deyə bilərik ki, özəl məktəbəqədər təhsil müəssisələrinin tabe olduğu qurum yoxdur. İqtisadiyyat Nazirliyindən lisenziya ala bilən müəssisələr öz daxili nizamnamələri ilə fəaliyyət göstərə bilirlər. Elm və Təhsil Nazirliyinə isə sadəcə dövlət məktəbəqədər təhsil müəsissələri tabedir.
Firuzə Əliyeva
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man