25 noyabr Kəlbəcər Şəhəri Günüdür

Siyasət 25 Noyabr 2024 | 17:56
OXUNUB: 1857

Yüksək dağ zirvələri ilə əhatə olunmuş, zəngin fauna və florası, faydalı qazıntıları, otuz mindən artıq bulağı olan qədim qala və məbədlərlə tarixi yaşadan Kəlbəcər rayonu təbiətin muzeyi, vətənimizin əsrarəngiz diyarıdır. Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir.

 

Rayonda əsasən dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gələn İstisu mineral bulaqları öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə dünyada yek və nadir hesab olunur. Kəlbəcər rayonu özünün filiz və qeyri-filiz faydalı qazıntıları o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Bundan əlavə sənaye əhəmiyyətli ehtiyatlar, onlardan istismar olunan 200 tondan çox civə, tuf, gil, perlit və digər yataqlar mövcuddur. Arxeoloji araşdırmalar zamanı burada yerləşən Zar mağarasının Üst paleolit, Qoçdaş abidəsinin Orta tunc dövrünə aid olması aşkar olunmuşdur. Qaragöl və Zalxa göllərinin sahillərində təsvirlərin çoxu Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid olan qayaüstü rəsmlər, qədim yaşayış yerləri, Alban xristian məbədləri, qalalar vəs. dövlət qeydiyyatına alınmışdır. Kəlbəcər rayonundakı Xudavəng və Gəncəsər monastr kompleksləri təkcə Azərbaycanın deyil, bütün Qafqazın xristian memarlığının şah əsərlərindən hesab edilir.

 

Kəlbəcər dağlarında qalan müdafiə tikililərin ən monumentalı isə XIII-XIV yüzilliyə aid Lev qalasıdır. Azərbaycan ərazisində ulu əcdadlarımız tərəfindən əsrlər boyu yaradılan tarixi-mədəni abidələrin hamısı bizim milli yaddaşımızın tərkib hissəsidir. Bu ulu insan məskəninin istər daş-qayası, istər torpağı, suyu, istərsə də havası loğmandır. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.

 

Kəlbəcərin işğalından sonra BMT-nin Təhlükəsizlik Şurası Qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin ermənilər heç bir Qətnaməyə əhəmiyyət verməyərək işğalçı əməllərini davam etdirirdilər. İşğal etdikləri bütün ərazilərdə vandallıqla məşğul olaraq mülki evləri, obyektləri, muzeyləri, yeraltı, yerüstü sərvətləri talan edir, meşələri kəsib doğrayır, məscidlərimizi, milli-mədəni obyektlərimizi uçurur, hətta qəbristanlıqları dağıdaraq qəbir daşlarını belə satırdılar.

 

Kəlbəcərin ərazisində olan Alban kilsələrinin isə erməni kilsəsi olduğunu iddia edirdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq.” İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycanın Şanlı Ordusu ermənilərin özləri və orduları haqqında yaratdıqları mifi darmadağın etdi. Bir gün belə dayanmadan irəliləyərək hər gün yeni əraziləri erməni vandallarından təmizlədi. Haqqı-ədaləti öz gücü ilə bərpa etdi. Bu günü Azərbaycan xalqı neçə illər idi ki, səbirsizliklə gözləyirdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Ağdamı, sonra isə Kəlbəcəri siyasi yolla nəzarət altına keçirdi. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqi idi.

 

Bu gün Kəlbəcərdə yüksək səviyyədə genişmiqyaslı quruculuq-abadlıq işləri görülür. Kəlbəcərlilər sevinclə doğma yurd-yuvalarına üz tuturlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Şəhər Günləri təsis edilib. Sərəncama əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!.”

 

Könül Hüseynova Abşeron rayonu, Məmmədli kənd tam orta məktəbin direktoru

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man