Ötən gün ABŞ-də keçirilən prezident seçkilərində Donald Tramp Floridada tərəfdarlarına müraciət edərək qalib gəldiyini bildirdi və özünü ölkənin 47-ci prezidenti adlandırdı. ABŞ seçki sisteminə görə, respublikaçıların namizədi ştatlardakı nümayəndələrin 277-sinin, demokratların namizədi isə 226-sının dəstəyini qazandı. Tam qələbəyə nail olmaq üçün namizədlərdən biri onların 270-inin səsini əldə etməli idi.Beləliklə, Donald Tramp yanvarın 20-də aniçmə mərasimindən sonra verdiyi vədləri yerinə yetirməyə başlayacaq. Bu konteksdə, hazırda maraq obyektində olan məsələlərdən biri də Cənubi Qafqaz regionu ilə bağlıdır.
Maraqlıdır, Trampın hakimiyyəti dövründə bölgədə vəziyyət necə olacaq?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Donald Trampın prezident seçilməsi Cənubi Qafqaz siyasətini arxa plana keçirəcək.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh müqaviləsini bağlamaq üçün bütün şərtləri yerinə yetirəcək:
“Gürcüstanda hakim partiya – “Gürcü Arzusu”nun da şansı gətirdi. Artıq bu ölkədə inqilab və hakimiyyətin dəyişilməsi gözlənilmir. Azərbaycan isə Cənubi Qafqazda Türkiyə ilə birgə yeni siyasi nizamın inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirməlidir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının nüfuzunun artırılması, yeni hərbi blokun yaradılması labüddür. Rusiya prosesi sabotaj etməyə çalışsa da, Azərbaycan və Türkiyə qərarlı şəkildə yeni siyasi nizamda Türk Dövlətləri birliyi ilə beynəlxalq müstəvidə güclənməlidir”.
Politoloq bildirdi ki, Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmaq üçün danışıqlar prosesini sürətləndirəcək:
“Rəsmi İrəvanın Rusiyadan uzaqlaşmaq üçün Türkiyənin siyasətini dəstəkləməsi də mümkündür. Ümumiyyətlə, regionumuz üçün Rusiya təhlükəsi var. Ukrayna müharibəsində Donald Tramp çeviklik göstərməsə, Avropa ölkələri Rusiyaya qarşı yeni cəbhə açaraq birləşəcək. Bu da Azərbaycan və Cənubi Qafqazın təhlükəsizliyi baxımından vacib faktordur”.
Günay Rəsulqızı
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man