Oktyabr ayının əvvəlindən Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhədə baş çəkməsi halları artıb. Dünən daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. Bununla bağlı yerli mediada kadrlar da yayılıb. Görüntülərdə görünüb ki, indiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, dünən sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.
Bu, xüsusilə Azərbaycan-Fransa münasibətləri fonunda necə dəyərləndirilməlidir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, bu hərəkət nümayişkaranə şəkildə edilirsə, deməli verilən bir mesaj var:
“Bu mesaj da ondan ibarətdir ki, Azərbaycan bu cür davrandığı təqdirdə, Fransanın Ermənistana dəstəyi davam edəcək. Ancaq bu, bizim üçün heç nə ifadə etmir. Fransanın bu səviyyədə Ermənistanda varlığı müəyyən mənada beynəlxalq strukturlarda, xüsusilə də Fransanın bir növ inhisarı altında olan bəzi Avropa strukturlarında Azərbaycan əleyhinə prosesləri tətikləyə bilər. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyasında ölkəmizin əleyhinə qəbul olunan qərarları görürük. Doğrudur, bunlar məsləhət, tövsiyə xarakterli qərarlardır və keçərliliyi yoxdur. İndiki vəziyyətdə bu tələblərin Avropa icra strukturları tərəfindən qəbul olunma ehtimalı da aşağıdır. Bilirsiniz ki, Avropada bütün qərarlar konsensus şəkildə qəbul olunur, ancaq Azərbaycanın bu gün qış ərəfəsində qaz satdığı 9-a yaxın cənub-şərqi Avropa ölkəsi var. Onlar da bu konteksdə əleyhimizə olan qərarlara imza atmayacaq”.
Politoloq qeyd etdi ki, bu yöndə Fransanın Azərbaycan üçün yaratmaq istədiyi problemlər var:
“Nəticə etibarilə Fransa hər zaman uğursuz siyasətlə üzləşir. Bunun nəticəsidir ki, rəsmi Parisin Cənubi Qafqazda geosiyasəti tamamilə fiaskoya uğradı. Fransanın Azərbaycana düşmənçiliyi onun “Cənubi Qafqaz qapısı”nı bağlayır. Bir tərəfdə Azərbaycan, digər tərəfdə özünün aləti olan Salome Zurabişvili vasitəsilə Gürcüstanda aranın qarışdırılması məsələsi Fransanın əleyhinə çevrilməyə başlayıb. Yəni onun bu cür diktə siyasəti öz əleyhinə yönəlir. Məhz buna görə gürcü xalqı Avropaya inteqrasiyaya tərəfdar olsa belə, rusiyayönlü İvanaşvili və onun siyasi partiyasına müəyyən mənada səs verdilər. Bu, Fransanın bariz uğursuzluğudur. Sərhəddə növbəti dəfə könül bulandırmaqları isə Azərbaycana gözdağı vermək xarakteri daşıyır. Bu, yeganə hadisə deyil. Bundan öncə də erməni bayrağının üstündə səlib yürüşünün simvolu olan böyük xaç işarəsi var idi. Əminəm ki, bu, Ermənistanın etdiyi bir hadisə deyil. Bunun arxasında da məhz Fransa dururdu. Çünki bu gün səlib yürüşü ideologiyasının yeganə rəhbəri statusunda Makron Fransası çıxış edir. Buna milyonlar xərcləyirlər, bu cür missionerlər bütün dünyada fəaliyyət göstərirlər. Azərbaycana verilən mesaj da bu idi. Guya, bütün xristian dünyası, bütün səlibçilər Ermənistanın yanındadırlar və Azərbaycana qarşı istənilən müharibədə iştirak etməyə hazırdırlar. Bunlar boyu aşan vədlərdir. Hər hansı bir toqquşma olduğu təqdirdə, əmin olun ki, heç bir Fransa əsgəri gəlib bölgədə bizə qarşı döyüşməyəcək. Çünki bunu mümkün etməyən bir çox amillər var. Bu hadisəni də növbəti təxribat kimi qəbul etmək lazımdır. Eyni zamanda bu, təkcə Azərbaycana verilən mesaj deyil. Düşünürəm ki, digər region ölkələri də bundan narahat olmalıdır”.
Günay Rəsulqızı
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man