Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
XİN-dən Sfera.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan ilə ATƏT arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri, habelə regionda baş verən ən son proseslər barədə fikir mübadiləsi aparıblar.
C.Bayramov həmsöhbətinə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində, xüsusilə ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Nazir həmçinin üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycan tərəfindən atılan addımlardan danışıb.
Eyni zamanda postmünaqişə mərhələsində həyata keçirilən quruculuq və reinteqrasiya proseslərində ATƏT-in mümkün iştirakı ətrafında məsələlər müzakirə olunub.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələləri müzakirə ediblər.