"Çinin növbəti hədəfi ABŞ-ın hərbi təyyarələridir”.
Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O, bir neçə gün əvvəl ABŞ hərbi dəniz qüvvələrinə məxsus F-35 yeni nəsil qırıcı təyyarəsinin Cənub Çin dənizində "Carl Vinson” təyyarədaşıyan gəmisinə eniş edərkən qəzaya uğradığını xatırladıb. Politoloq qeyd edib ki, bu tip müasir təyyarələrin dəyəri təxminən yüz milyon dollardır:
"Söhbət yalnız təyyarənin dəyərindən getmir. Həmin təyyarənin idarəetməsi ən müasir texnologiyalara əsaslanır. ABŞ dənizə düşən həmin təyyarəni qısa zamanda göyərtə qaldırmalıydı ki, Çinin hərbi gəmiləri hadisə yerinə yaxınlaşmasın. Çin dünyada modern texnikalarının "kopyalaması” ilə məşhurdur. Həmin təyyarədə isə Amerikanın müasir və gizli texnologiyaları yer alıb. Ona görə də Pentaqon təyyarəsinin Çinin ələ keçirməsinin qarşısını almalıydı. Buna baxmayaraq, Çin Amerikanın hərbi təyyarələrini başqa yollarla ələ keçirməsi təşəbbüslərindən əl çəkməyib”.
E.Şahinoğlu bildirib ki, Pekinin bir başqa məqsədi ABŞ təyyarəsindəki mövcud texnologiyaları öyrənib eynisini artıq öz hərbi təyyarələri üçün istehsal etməkdir:
"Mövcud vəziyyət Pentaqonu narahat etdiyindən Birləşmiş Ərəb Əmirliklərindən Çinə təyyarə satışıyla bağlı danışıqları dayandırmağı tələb edib. Amerikanın bir başqa tələbi "Huawei” şirkəti ilə təmasların dayandırılmasıdır. Ancaq Pentaqon üçün Çini nəzarətdə saxlamaq getdikcə çətinləşir. Pekin son illərdə hərbi qüdrətini xeyli artırıb. Çin keçmiş illərdə hərbi texnikanı müxtəlif ölkələrdən alırdı. Ancaq son illərdə Çinin hərbi sənaye kompleksi xeyli inkişaf edib. Buna baxmayaraq, Çin hərbi texnikanın istehsalında Amerika ilə ayaqlaşmaq istəyir. Bunun üçün sürəti artırmağa və başqalarının icadından yararlanmağa üstünlük verir”.
Günay Rəsulqızı
Sfera.az