Azərbaycan Prezidenti İlham Əliyev yanvarın
12-də yerli televiziya kanallarına verdiyi müsahibədə ən diqqət çəkən məqam onun
Ermənistana yekun sülh müqaviləsi və sərhədlərin delimitasiya və demarkasiyası
üçün 6 ay vaxt verməsi oldu.
Maraqlıdır, 6 ay ərzində Ermənistan tərəfi
yekun sülh müqaviləsi imzalamasa rəsmi Bakı nələr edə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən
politoloq Qabil Hüseynli sərhədlərin müəyyənləşməsi üçün bəzi məqamların
aydınlaşdırılmasının vacibliyini qeyd edib:
"Təəssüf ki, Azərbaycan müstəqilliyin ilk illərində
yanlış siyasət və zəif diplomatiya nəticəsində Ermənistanı 1918-ci il sərhədləri
çərçivəsində deyil, məhz 90-cı illərin, daha dəqiq desək SSRİ-nin təyin etdiyi
sərhədlər əsasında tanıdı. Ermənistan isə əvəzində Qarabağı işğal etdi. Bu, edilən
səhvin ciddiliyindən xəbər verir.
Məsələ ondadır ki, 1918-ci ildə Paris sülh
konfransının qərarına görə, Zəngəzur, Göyçə Azərbaycanın ərazi vahidləri hesab
edilir. İrəvanda isə gələcəkdə ermənilərin Zəngəzur, Naxçıvan və Qarabağa haqq
iddia etməməsi qarşılığında ermənilərin qalması qərarlaşdırılmışdı. Bunu ABŞ,
Fransa, Böyük Britaniya kimi dövrün super gücləri də qəbul edib. Prezidentin səsləndirdiyi
son fikirlər isə ondan xəbər verir ki, 6 ay ərzində bu proses yekunlaşmasa, rəsmi
Bakı tarixi haqlarından istifadə edərək Zəngəzur üzərindən Ermənistana təzyiq
edəcək. Biz artıq bunun işartılarını hiss edirik”.
Turan Rzayev