Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsa təbrik məktubu göndərib.
Sfera.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimiyyətlə təbrik edir və ən xoş arzularımı yetirirəm.
Biz Azərbaycan ilə Almaniya arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk. Siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlığımız dövlətlərarası münasibətlərimizi səciyyələndirən mühüm amillərdəndir.
İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".