"Vətən Müharibəsində qazanılan zəfərlə Azərbaycan Ordusu yalnız tarixi ədaləti deyil, həm də, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşlarımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi, düşmən təxribatlarına qurban getmiş məsum övladlarımızın qisasını alaraq öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya çatdırdı".
Sfera.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarına göndərdiyi təbrik məktubunda əksini tapıb.
"Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Yurdumuzun ildən-ilə daha güclü, daha qüvvətli olması eyni zamanda sizin xoşbəxt və firavan yaşamağınızın rəhnidir. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəkdir. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərindən dərk edərək, daim əzmlə çalışmalı, Vətəni layiqincə təmsil etməlisiniz. İnanıram ki, siz mənən zəngin nəsil kimi azərbaycançılıq ruhunda böyüyərək boya-başa çatacaq, respublikamızın gələcək inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz", - məktubda vurğulanıb.