Avqustun 25-də erməni təxribatı nəticəsində hərbçimizin yaralanmasından sonra, hərəkətə keçən Azərbaycan silahlı qüvvələri Gorus-Qafan yolunu bağlayıblar. Ermənilərin bütün cəhdlərinə baxmayaraq isə yolun bir hissəsi yenə də hərbçilərimiz tərəfindən qapalı vəziyyətdə saxlanılır.
Sözügedən addımın atılması isə mühüm strateji əhəmiyyət kəsb edir.
1. Yolun bağlanması ilə İran-Ermənistan arasında yükdaşımaları Azərbaycanın nəzarətinə keçdi. Belə olan halda isə, İrandan Qarabağın ermənilər yaşayan hissəsinə "naməlum” yüklərin daşınmasının qarşısı alınacaq. Təsadüfi deyil ki, yolun qapadılmasından sonra İrandan gələn onlarla tırın hərəkəti dayanıb.
2. Azərbaycan öz manevr imkanlarını dünyaya nümayiş etdirdi. Gorus-Qafan yolunun qapadılması ilə Azərbaycan təkcə İrəvana yox, eyni zamanda Ermənistana dəstək verən ölkələrə də "gövdə nümayişi” etməyi bacardı.
3. Ermənistanın uğursuz startegiyasına dünya bir daha şahid oldu. Belə ki, 44 günlük savaşdan sonra Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olması artıq məlum oldu. Buna baxmayaraq, rəsmi İrəvan alternativ yolun tikntisi üçün heç bir addım atmayıb. Hələ üstəlik Azərbaycan tərəfinə qarşı vaxtaşırı silahları işə salmaqla, rəsmi Bakını əməli addımlar atmağa vadar edib.
4. İrəvanın Kremlə olan inamına zərbə vuruldu. Ermənistan tərəfinin etdiyi özbaşnalıqların bəlkə də ən böyük səbəbi Moskvadan bellərinin bərk olması idi. Lakin Azərbaycan bir daha göstərdi ki, Ermənistan Azərbaycanla sərhədlərinin cənub hissəsini ruslara əmanət etməklə öz pozuculuq fəaliyyətlərini asanlıqla yerinə yetirə bilməyəcəklər.
5. Ermənistana Zəngəzur dəhlizi ilə bağlı böyük xəbərdarlıq edildi. Erməni tərəfi həm sülh prosesini uzatmaqla, həm qol çəkdikləri bəyanatları təhrif etməklə, həm də mövqelərimizi atəşə tutmaqla Zəngəzur dəhlizinin qarşısını almağa cəhd göstərsələr də, Azərbaycan qəbul edilmiş şərtlərin yerinə yetirilməsi üçün lazımi addımların atılacağını bir daha sübut etdi. Belə ki, rəsmi Bakı sübut etdi ki, Ermənistan nə qədər ki, kommunikasiyaların bərpasına maneələr törədəcək, bir o qədər də bunun cəzasını ağır şəkildə ödəməyə davam edəcək.
Niyə Laçın dəhlizi yox?
Qarabağın ermənilər yaşayan hissəsinə istər İrandan, istərsə də Ermənistandan gələn yüklər Laçın koridoru vasitəsilə daşınırdı. Lakin sözügedən dəhlizə nəzərən, Gorus-Qafan yolunun tutulmasının strateji "avantaj”ları yuxarıda da qeyd olunduğu kimi Azərbaycana daha böyük fayda gətirdi.
Yəni Azərbaycan öz vətəndaşları kimi qəbul etdiyi Qarabağda yaşayan ermənilərin Ermənistanla bağını kəsmək yerinə, qeyd olunan addımı atmaqla, növbəti dəfə öz vətəndaşlarına qarşı insani rəftarını bir daha sübuta yetirdi.
Bundan əlavə, Azərbaycan 10 noyabrda imza atdığı bəyanata sadiq olduğunu da bütün dünyaya nümayiş etdirdi. Belə ki, rəsmi Bakı Qarabağın ermənilər yaşayan hissəsi ilə Ermənistan arasında gediş-gəlişə mane olmadığını göstərməklə, İrəavndan fərqli olaraq hüquqi normalara olan hörmətini də sübuta yetirmiş oldu. // Bizim.Media