"Builki Ümumdünya Sağlamlıq Günü "Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək".
Sfera.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciətində bildirib.
"Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib. Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir. Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq", - dövlət başçısı bildirib.