"Hazırda dünya pandemiyanın növbəti dalğası ilə üzləşib”.
Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında deyib.
Dövlət başçısı bildirib ki, pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır:
"Biz pandemiyanın ilk vaxtlarında dəyərli tövsiyələrinə və öz mütəxəssislərini ölkəmizə ezam etdiyinə görə təşkilata minnətdarıq. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etmişik. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.
Cənab Sədr, Azərbaycan pandemiya dövründə qlobal atəşkəslə bağlı BMT Baş katibinin təşəbbüsünü dəstəkləmişdir. Lakin həmin çağırış 30 ildən artıq Azərbaycan torpaqlarını işğal altında saxlayan və BMT Təhlükəsizlik Şurasının işğal olunmuş bütün ərazilərimizdən qoşunlarının çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan Ermənistan tərəfindən eşidilməmişdir”.