Bədəndəki şişi "ac qoymaq" və bununla da xərçəngin böyüməsinin və inkişafının qarşısını almaq üçün şəkərdən imtina meyvə-tərəvəz şirələrinə əsaslanan pəhrizli müalicədən sonra populyarlıq qazanmış ikinci alternativ metoddur.
Alimləri hazırda bir sual düşündürür: xərçəng xəstəliyi ilə mübarizədə şəkərdən imtina nə dərəcədə müsbət rol oynaya bilər? Araşdırmalar göstərir ki, xərçəng hüceyrələrinin çoxalması üçün əhəmiyyətli miqdarda karbohidrata ehtiyacı var. Lakin mütəxəssislər deyir ki, konkret müalicə tətbiq edilmədən qida rejimində dəyişikliklər edərək, hansısa məhsuldan imtina edərək xərçəngə qalib gəlmək mümkün deyil. Üstəlik, şəkəri yalnız şiş hüceyrələri sevmir. Bədənin bütün digər hüceyrələrinin də normal fəaliyyət göstərməsi üçün qlükozaya ehtiyacı var. Hətta bəzi hüceyrələr, demək olar, yalnız qlükoza ilə qidalanır.
Belə ki, şiş hüceyrələri onsuz da yayılmağa başlayandan yağ toxuması və əzələ kimi digər orqanların ehtiyatlarını yeməyə başlayır. Bu səbəbdən diaqnoz qoyulduqda bəzi xəstələr artıq xeyli çəki itirmiş vəziyyətdə, çox arıq olurlar və bədəndəki yağ və əzələlər əriyir.
Alimlər qeyd edirlər ki, xərçəng hüceyrələri qanda dolaşan amin turşuları kimi digər enerji daşıyıcılarını da çox sürətlə məhv etmə qabiliyyətinə malikdir. Yəni əgər xəstələr şəkərdən imtina etsələr, bu, həmin hüceyrələr üçün böyük bir maneə yaratmayacaq və xərçəng hüceyrələri digər hüceyrələrdən qidalandırıcı maddələri "qopara" və hətta bütün bir hüceyrəni də yeyə bilərlər.
Araşdırmaçıların qənaətinə görə, şişlərin böyümə və yayılmasının nəyə bağlı olduğunu bimək üçün onların həssas və zəif cəhətlərini öyrənmək lazımdır. Şişlərin xüsusiyyətləri haqda daha geniş məlumatlara malik olsaq, düzgün qidalanma və fərdi müalicə kursu tərtib etmək mümkündür.
Yalnız bu günədək əldə olunan məhdud informasiyalar çərçivəsində tövsiyələr aydındır: xərçəngin müalicəsi zamanı mümkün qədər normal qidalanmağa davam etmək lazımdır və qida rasionunu məhdudlaşdırmaq olmaz. Xəstə nə qədər normal yeyirsə, əzələ kütləsini qorumaq şansı bir o qədər artır və kimyəvi terapiya ilə bağlı toksikləşmə riski minimuma enir./medicina/