Nigeriyada koronavirusdan daha təhlükəli virus aşkarlanıb.
Sfera.az bildirir ki, Qərbi Afrika ölkəsində vəba epidemiyasının COVID-19-dan daha çox insan ölümünə səbəb olduğu bəlli olub. Bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Dr. İfedayo Petifa məlumat verib. O, yanvar ayından bu yana ölkənin paytaxtı Abuja ilə yanaşı, 33 əyalətdə 90 mindən çox vəba faktının müşahidə edildiyini deyib.
Qurum rəsmisinin sözlərinə görə, epidemiya bu müddət ərzində 3800 nəfərin ölümünə səbəb olub.
"Lakin ötən ildən bu zamana qədər ölkədə 211 min 961 nəfər koronavirusa yoluxub və 2 min 896 nəfər virusdan dünyasını dəyişib”, - deyə İfedayo əlavə edib. Epidemiyanın sürətlə yayılmasından narahatlığını dilə gətirən İfedayo qeyd edib ki, ölkənin 36 əyalətindən 33-ündə vəba mövcuddur və bu əyalətlərin təxminən 6-7-sində sağlamlıq qrupları fəaliyyət göstərir.
Vəba "vibrio” bakteriyasının törətdiyi, qida və su ilə yoluxan xəstəlikdir. Güclü ishal və bədəndə su itkisinə səbəb olan xəstəlik müalicə edilmədiyi halda, ölümlə nəticələnə bilər. Hazırda Nigeriyada təmiz suya olan ehtiyacın ödənilə bilməməsi və effektiv tibbi müdaxilənin təmin edilməməsi xəstəlik və ölüm riskini artırır.
Günay Rəsulqızı
Sfera.az