Son günlər ölkədə tibbi maskalardan istifadə
ilə bağlı xoşagəlməz hallar müşahidə olunur. Belə ki, insanlar ya maskalardan
düzgün istifadə etmirlər, ya da istifadə edib yerə atırlar. Küçələrdə bu cür
maskaların sayı günü-gündən çoxalır.
Milli Məclisin deputatı Azər Badamov bununla
bağlı Sfera.az-a açıqlamasında bildirib ki, qeyd edilən hallara görə hazırda
gündəlik yoluxmalar iki min ətrafındadır:
"Son günlər təəssüf ki, koronavirusa yoluxma
halları çoxalıb. Buna səbəb kimi insanların pandemiyaya qarşı mübarizədə müəyyən
olunmuş tədbirlərə riayət etməsi ilə bağlı ciddiliyin azalmasında görürəm.
Birinci növbədə, son vaxtlar insanlar tibbi maskalardan istifadə qaydalarına əməl
etmirlər. Ya uzun müddətli eyni maskadan istifadə edirlər, ya da normal şəkildə taxmırlar, çənələrinə taxmaqla
kifayətlənirlər. Belə hallar olduğu üçün gündəlik yoluxmalar iki min ətrafındadır.
Yoluxmaların sayının artması da cəmiyyət üçün Covid-19 təhlükəsini artırır,
insanların dünyasını dəyişməsinə gətirib çıxarır. Bunun baş verməməsi üçün müəyyən
olunmuş qaydalara ciddi riayət etməliyik”.
Deputat tibbi maskadan istifadədə ciddiliyin təmin
olunması üçün cərimələrin yenidən artırılmasını çıxış yolu kimi görmədiyini
deyib: "Bunun üçün ancaq nəzarət tədbirləri gücləndirilməlidir.
Müəyyən qurumlar tərəfindən küçədə, ictimai yerlərdə və qapalı məkanlarda
insanların tibbi maskadan istifadə qaydalarına nəzarət olunmalı, qayda
pozuntusu aşkar edildikdə, ona qarşı dərhal nəzərdə tutulmuş inzibati cəza tətbiq
edilməlidir. Son günlər dövlətimiz də humanist addımlar atır və məsələ
insanların öhdəsinə buraxılır. Amma sərbəstlik yaranan kimi insanlar öz istədiklərini
etməyə, qaydaları pozmağa başlayırlar, bu da yolverilməzdir. Pandemiya bizimlə
paralel yaşayır, hər an hər bir şəxs üçün təhlükə mənbəyidir. Bir insanın tibbi
maskanı düzgün taxmaması həm özünün, həm də cəmiyyətin digər üzvlərinin
yoluxmasına yol açır”.
İnfeksionist, tibb üzrə fəlsəfə doktoru Vüqar
Cavadzadə isə saytımıza açıqlamasında məsələnin tibbi tərəflərinə toxunub. O,
bir daha vurğulayıb ki, infeksiyaya qarşı mübarizədə profilaktik tədbirlər
arasında sosial məsafə, özünütəcrid, əllərin təmiz saxlanması ilə yanaşı,
maskaların da taxılması vacibdir:
"Çünki virus insandan insana hava yolu ilə
keçir. Maska bu günün işi deyil, illərin elmi nəticəsində istehsal edilən bir
vasitədir. Hələ keçən əsrin əvvəllərində qrip pandemiyası zamanı insanlar maska
taxırdılar. Maska özünü qorumaq və qarşıdakı şəxsin yoluxdurmamaq tədbiridir.
Son zamanlar insanlarda arxayınlıq yaranıb, sanki pandemiya yaddan çıxıb. Demək
olar ki, şəhərdə maska taxmayan insanlar kifayət qədərdir. Yaxud, insanlar
polisin cəriməsindən çəkindiklərinə görə maskanı çənəsində gəzdirirlər.
Digər tərəfdən insanlar maskaları günlərlə
istifadə edirlər. Belə olan halda, maskalar daxildən və xaricdən çirklənir. Təkrar,
uzun müddət istifadə düzgün deyil. Maska taxırıqsa, onun çöl hissəsi çoxsaylı
virus və bakteriyalarla bioloji cəhətdən , daxili hissəsi isə, ağız və burun
suyu ilə çirklənir. İnsanın ağız və burnunda şərti-patogen bakteriyalar var”.
Mütəxəssis qeyd edib ki, cərrahi maskaların
istifadə müddəti maksimum 4-6 saatdır: "Maskalar istifadə olunandan sonra
bioloji cəhətdən təhlükəli ola bilər. Tutaq ki, insan evdən çıxıb şəhərə gəldi,
artıq evə qayıdanda həmin maskanı aparmaq lazım deyil. Qaldı ki, maskaların küçəyə
tullanmasına, yanlışdır. Maska onsuz da çirklənmiş vasitədir. Onu sellofan içərisinə
qoyub tullantı yerinə atmaq lazımdır. Maskaları yerə atmaqla küçələri də
bioloji olaraq çirkləndiririk”.
Günay Rəsulqızı
Sfera.az