Koronavirus pandemiyası səbəbindən ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri yol polisi əməkdaşları tərəfindən də davam etdirilir. Tədbirlər çərçivəsində Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxt və digər rayonların ərazisində sürücülər saxlanılır, onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb olunur.
Yol polisləri sürücüləri saxlayaraq onlarla profilaktik söhbətlər aparır, nizam-intizama dəvət edirlər. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək “Evdə qal” kampaniyasına qoşulmaq tövsiyə olunur.
Bildirilir ki, profilaktik tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı sürücüləri məlumatlandırmaqdır. Zərurət yaranmadıqda sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə olunması tövsiyə edilir. Tədbirlərin geniş miqyasda həyata keçirilməsi üçün yol polisi səfərbər olunub ki, onlar sürücülər arasında maarifləndirmə işləri aparsınlar. Pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir nəqliyyat vasitəsinin sürücüsü məcbur qalmadıqda evdən çölə çıxmasınlar.
Bakı şəhəri ilə yanaşı, respublikanın digər bölgələrində də yol polisi tərəfindən karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Saray postunda da ciddi tədbirlər görülür.
Polis kapitanı, baş inspektor Namiq Əzizov bildirib ki, 24 saat ərzində 395 nəqliyyat vasitəsi geriyə, yəni, gəldikləri istiqamətə qaytarılıb. Onların hamısı Sumqayıt şəhəri, Xızı və Şabran rayonlarında qeydiyyatda olan şəxslərdir: “Biz onlara xəbərdarlıq üçün bildirdik ki, Bakı şəhərinə gedişiniz müvəqqəti qadağan olunub. Bəzi insanlar var ki, karantin rejimini çox ciddi qəbul etmir. Xahiş edirik ki, bu ciddiyyəti və vəziyyəti başa düşsünlər və çalışsınlar ki, evdən hər hansı istisna hal olmadığı hallarda kənara çıxmasınlar. Bu gündən etibarən rayon qeydiyyatı ilə əsası olmadan Bakı istiqamətinə gedən avtomobil sahiblərinə tərəfimizdən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görüləcək. Vətəndaşlarımızdan xahiş edirik ki, Bakı şəhərində işləməsi ilə bağlı hər hansısa arayışı yoxdursa paytaxt istiqamətinə gəlmələrini təxirə salsınlar. Bu xəstəliyin ciddiyyətini nəzərə alsınlar. Xahiş edirik, evdə qalasınız”.
Ötən gündən başlayaraq DYP-nin Ekologiya və Saray postları, eləcə də yeni yaradılmış bir neçə yoxlama keçid məntəqələrində Sumqayıt və Abşeron qeydiyyatında olan sürücü və sərnişinlərlə maarifləndirmə işi aparılaraq geri qaytarılıb.
Eyni zamanda, karantin qaydalarını pozaraq postlardan keçməyə cəhd edən onlarla sürücü və sərnişin inzibati qaydada cəzalandırılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man