ABŞ prezidenti Donald Trampın üç gün əvvəl Vaşinqtonda iştirak etdiyi bir tədbirdə onu məsxərəyə qoymaq üçün hazırlanmış prezident gerbinin önündə çıxış edib.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, internetdən götürüldüyü deyilən gerbin üzərində Amerika qartalı əvəzinə ikibaşlı Rusiya qartalı var. Həmçinin qartal, pəncəsində ox əvəzinə qolf çubuğu tutur. Gerbdəki "Çoxluqdan birliyə" şüarı yerində isə ABŞ-ın 45-ci prezidenti olan Trampa nəzərən "45 bir oyuncaqdır" sözləri yazılıb. Tramp 2015-ci ildə "Time" jurnalına verdiyi müsahibəsində isə rəqiblərini nəzərdə tutaraq "mən oyuncaq olmadığım üçün xalqın etimadını qazanmışam" demişdi.
"Turning Point USA" adlı mühafizəkar qrupdan, 1500 tələbənin iştirak etdiyi ənənəvi tədbirlərində istifadə olunan gerbin tələsik internetdən endirildiyi bildirilib. Qrupdan bunun bilərəkdən edilmədiyi və məsul şəxsin qrupdan kənarlaşdırıldığı haqqında açıqlama verilib.
Prezident gerbinin saxta olmasını isə "Washington Post" qəzeti aşkarlayıb.
Prezident gerbində qartal pəncəsində ilk 13 ştatı təmsil edən 13 ox tutur. Ancaq saxta gerbdə oxların yerini qolf çubuqları alır. Bunun isə Trampın qolfa olan marağını məsxərəyə qoymaq üçün edildiyi ehtimal olunur. Qartalın sağ pəncəsində isə sülh və barışığın rəmzi sayılan zeytun budağının yerinə bir dəstə dollar müşahidə olunub.