Gənc müğənni Sima Nəsirovanın Oxu.Az-a müsahibəsi:
- Şou-biznesdə yeni simasan. Ona görə səni bir az tanımaq istərdik.
- 25 yaşım var. Sadə bir ailənin övladıyam. Bir qardaşım və anam var. Atam anamdan biz uşaq ikən ayrılıb. Qardaşım mühəndisdir. Anam 10 ildən çox hərbçi olub. Üç universitet bitirib. Uşaq ikən rəssamlıqla məşqul olmuşam və rəssam olmaq istəyirdim. Sonra fikrimi dəyişdim. Vokal ifaçısıyam. Eyni zamanda estrada, pop mahnıları oxuyuram.
- Simanın əsl simasını görən olub?
- Ürəyimi tam aça bilmirəm. Təklikdən xoşum gəlir. Anam deyir ki, sən hər zaman təkliyi sevmisən. Bütün günü özünə qapanırsan. Uşaq vaxtından belə olmuşam. Yaxınlarım da xarakterimi aydın sezə bilmir ki, necə bir insanam.
- Şou-biznesdə kimdən və ya nədən hürkürsən?
- Mərdimazar, paxıl insanlardan hürkürəm. İçində Allah sevgisi, mərhəməti olmayan, torba tikməklə məşğul olan, arxadan danışan insanlar məni qorxudur. Bu gün mən, bəlkə də, kimləsə qalmaqal etsəydim, ortalığa səviyyəsiz materialla çıxsaydım, daha da çox tanınmışdım. Mənim dilim yoxdur da... Dilim olsaydı, onların tayı olardım. Başlayardım onlarla elə onların dili ilə danışmağa.
- Şou-biznesdə kimlə rəqabət aparırsan?
- Ancaq yaxşı ifaçılarla. Keyfiyyətli iş çıxaran müğənnilərlə. Yaxşı ifaçılar Günay İbrahimli, Röya Ayxan, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Aygün Kazımova, Samirə Allahverdi, Brilliant Dadaşovadır. Azərbaycanda bu ifaçıları dinləyirəm.
- Hazırda Damla ilə Şəbnəm Tovuzlu şou-biznesdə "at oynadır”. Onları dinləyirsən?
- Hər iki sənətçi ilə normal münasibətim var. Onların şəxsiyyətinə toxunacaq söz deyə bilmərəm. Amma səmimi deyəcəyəm - janr baxımından heç birini dinləmirəm. Amma kimsə onların mahnılarını dinləyirsə, buna pis baxmıram. Elə təbəqə də var ki, onları sevmir, qulaq asmır. Zövqlər müxtəlifdir. Onları da dinləyərlər məni bəyənməyə bilər. Bu isə normal bir haldır.
- Həmkarınız Tovuzludan söz düşmüşkən, Şəbnəm deyir ki, onu artıq kişi məclislərində görmək olmaz. Həyat yoldaşı ona artıq icazə vermir. Bəs Sima kişi məclislərinə gedir ?
- Şəbnəmin artıq 3-5 manata ehtiyacı yoxdur. Mən getmişəm, gedirəm də. Seçmə kişi məclislərinə gedirəm. İndi mənə zəng vurub kişi məclisinə çağırsalar, getmərəm. Vaxt olub ki, gecə saat üçdə, dörddə kişi məclisindən çıxmışam. Çünki buna mənim ehtiyacım olub.
Biz kasıbçılıqla, əziyyətlə böyümüşük. Pulumu bu məclislərdən qazanıb, narkomanlıq etməmişəm, iynə alıb vurmamışam, şərəfsizlik etməmişəm. Ailəmə pul gətirib, özümü saxlamışam. Onlara baxmışam. İndiyə kimi ata çörəyi yeməmişəm. Anama mən və qardaşım baxır.
Şəbnəm də vaxtında kişi məclislərinə gedib. İndi o pula ehtiyacı yoxdur, həyatında sevdiyi adam var. Mənim də gələcəkdə sevdiyim şəxs olsa, o da mənə kişi məclislərinə getməyə icazə verməyəcək. Elə bilirsiniz ki, kişi məclislərinə getmək bir qadın üçün asandır?! Heç kim bilmir ki, bu, qadına psixoloji olaraq necə pis təsir göstərir.
- Şou-biznesdə çirkin oyunların getdiyi deyilir. Şou əhli arasında bir-birinin ayağını qazmaq, kiminsə toyunu əlindən almaq dəb halına çevrilib. Bu cür intriqalar və qalmaqallardan özünü necə qoruyursan?
- Kənardan baxanlar bizim kefdə olduğumuzu, gündə orada-burada yeyib, içib, əyləndiyimizi düşünürlər. İnanın səmimiyyətimə, bu belə deyil. Ən çətin sahə elə bizim sahədir. Psixoloji cəhətdən sən bütün bunlara hazır, güclü, məqsədyönlü, iradəli olmalısan ki, şou-biznesdə qabağa gedə biləsən. Burada çox çətindir. Öz yaşıdlarım məni daha çox toylarda "vurur”. Mən isə elə bir insan deyiləm ki, tutub onların boğazından, etdiklərinin hesabını alım. Mən özüm o cür insanların yerinə utanıb, yerə girirəm. Ruzini verən Allahdır. Sən ona-buna badalaq vurub, işinə pəl vurmaqla, çörəyinə bais olmaqla nəyə nail olursan ki?!
- Bəs necə mübarizə aparırsınız?
- Heç necə. Susuram. Allaha tapşırıram. Xoruz ilindənəm, bar-bar bağırıb, hirslənirəm. Amma tez də sakitləşirəm. Çünki Allahdan qorxuram. Allahdan qorxan, çəkinən insan bu cür çirkin əməllər etməz. Mən kişi ilə dostluq edərəm, qadınla heç vaxt. Qadınlarla qadınların münasibəti heç vaxt tutmur. Onlar həmişə bir-birinin üzünə gülür, arxasıyca danışır, paxıllığını çəkir. Mənə həyatda zərbələr qadınlardan gəlib. Şoudan olan qızlarla gərək rəfiqəlik etməyəsən. Onların dostluğu tutmur.
- Toy və xınayaxdı mərasimlərinə neçəyə gedirsən?
- Məclislərə çox baha getmirəm. Yeni-yeni tanınmağa başladığım üçün yüksək qiymətə gedə bilmərəm. Təxminən 1000 manat qonorar alıram.
- Sponsorun var?
- Sponsor deyilən şey yoxdur. Arxamda duran, həyatımda olan insan var. O mənə dəstək və yardım edir. Dünyanın pulunu xərcləsin, biznes kimi mənə pul yatırtsın deyə bir şey yoxdur. Elə bir şey olsaydı hər həftə bir layihə ortalığa çıxarardım. Bu dəqiqə hər şeyin başında pul dayanır. Pulun varsa adamsan, işlər görürsən, olursan xanım. Pulun yoxdursa, başlayırsan çabalamağa.
- Sponsorluq təklifləri gəlir?
- Deyə bilmərəm ki, mənə bu cür təkliflər çox gəlib. Amma olub, sadəcə, elə məqamlar var ki, hiss etmişəm alınmaz. Azərbaycanda sponsorluq anlayışını başqa cür qavrayırlar. Sponsorluq anlayışı Azərbaycanda dəyişilməyəcək. Lakin sponsorluq təkliflərinə açığam, baxır şərtlərə. Şərtlər mənə uyğun olsa, qəbul edərəm. Əslində, sponsorların şərtlərinə açığam, sadəcə o (sevgilisini nəzərdə tutur - red.) var da (gülür).
- Şou xanımları gözəlləşmək üçün cərrah masasına uzanırlar. Sən nə kimi qurbanlar vermisən?
- Mən də bir çox xanım həmkarlarım kimi, burnumu iki dəfə əməliyyat etmişəm. Birinci əməliyyatım çox uğursuz oldu. Həkim burnumu pis vəziyyətə saldı. İkinci əməliyyatım İstanbulda oldu. Razı qaldım. Burnumun ustü yekə idi, o da məni kompleksə salırdı. Əməliyyat olunub, kompleksimdən azad oldum.
- Xalq artisti Aygün Səmədzadə deyir ki, müğənnilər öncə musiqi dərslərinə getsinlər, sonra efirə çıxsınlar. Siz necə düşünürsünüz?
- Tamamilə razıyam. Bu xanıma da böyük hörmətim, rəğbətim var. Vunderkind olmaq şərt deyil. Ən azından sən not tanımalısan. Muğamları bilməlisən. Azdan-çoxdan anlayışın mütləq olmalıdır. Şəxsən mən həftədə iki dəfə musiqi dərslərinə gedirəm.
- Həmkarın Səidə Sultan deyir ki, biz müğənnilər gənclər üçün örnək ola bilmərik...
- Mən nəyə görə gənclərə örnək olmalıyam? Mən müğənni olmaq istəyənlərə örnək ola bilərəm. Başqa sahənin adamına, mühasibə örnək ola bilmərəm. Gənc məndən niyə örnək götürməlidir ki?! Getsin valideynlərindən örnək alsın və onun yolunu getsin.
- Nadir Qafarzadə "İndi əxlaqsızlara hörmət edirlər” kimi qalmaqallı fikir səsləndirib. İndi əxlaqsızlıq dəbdədir?
- Nadirin bu fikri ilə 70 faiz razıyam. "İnstagram”ı açırsan, 18 yaşlı qızlar lütlənib, özünə model deyir. İstəyirəm hərdən götürüm yazım ki, ay bala, sənin haran modeldir? Nə boyun var, nə də gözəl bədən quruluşun. Lütlənmək ayıb deyil. Yaraşırsa lütlənə bilərsən. Məsələn, model Günay Musayeva. Onun gözəl bədən quruluşu və boyu var. O açıq-saçıq geyinib, lütlənəndə mənə ləzzət edir. Ona bu cür fotolar çəkdirmək çox yaraşır. Götürək müğənni Səmra Rəhimlini. Ona söz qalmayıb ki, deməsinlər. Səmra lütlənib, Səmra soyunub. Ay insan, bu, onun səhnə obrazıdır. Bu cür geyinmək Səmraya yaraşır. Ona bu cür sözləri deyib, yazanlar onu heç zaman başa düşməyəcək. Biri var səviyyəli lütlənmək, biri də var ucuz lütlənmək.
- Siz açıq-saçıq fotolar çəkdirərsiniz?
- Mən o qədər arıq deyiləm axı. Mənə yaraşmaz elə. Mən Avropa simalı deyiləm. Arıqlasam, bəlkə də, qısa ətək geyinərəm. Arıq vaxtlarımda geyinirdim. Amma son fotosessiyalarımda açıq-saçıqlığa yol verməmişəm.
- Hansı kişiyə "hə” deyərsən?
- Məndən qat-qat güclü kişiyə. O məni idarə etməlidir, mən yox. Özünə güvənən kişiləri sevirəm. Kişi həm maddi, həm də mənəvi cəhətdən güclü olmalıdır. Kişi kimi, ürəkli olmalıdır. Kişinin yaşına, yaraşıqlı və ya eybəcər olmasına önəm vermirəm. Vacib və önəmli olan kişinin xasiyyətidir.
- Deyirlər ki, ağıllı qadınlar axmaq kişilərə qismət olur...
- Doğrudan, niyə belə olur? (gülür). Bu, qadının ürəyindən aslıdır. Qadının ağlı da, ürəyi də başqa şey deyir. Bu cür qadınların iradəsi zəif olur. Bu cür qadınlara hər zaman zəif kişilər qismət olur.
- Səncə, sən ağıllı qadınsan?
- Tam dərəcədə özümü ağıllı hesab etmirəm. Həyatda elə səhvlərim olub ki... O səhvlərimi görməsəydim, bu gün bu ağılda olmazdım. Yaxşıdır ki, bu səhvlərimi görmüşəm. Həyatda uduzduğum anlar çox olub. Bu isə ürəyimin təmizliyindən irəli gəlib. 5 il öncəki Sima ilə indiki Sima arasında yerlə göy qədər fərq var. Əvvəllər çox sadəlövh və axmaq olmuşam.
- Bir həmcinsin sevgi etiraf etsə, necə reaksiya verərsən?
- Onlara pis baxmıram. Tanıdığım bir çox lezbiyanlar, geylər olub. Yaxınlıq etməmişəm. Mənimki onlarla heç zaman tutmaz. Çünki düşüncələrimiz fərqlidir. Bilsəm ki, qızlar və ya oğlanlar arasında kimsə həmcinsini sevir, ürəyimdə pis düşünsəm belə, ona bunu nümayiş etdirmərəm. Həmcinsə olan hisslər mənə çatmır. Onları nə dəstəkləyirəm, nə də ki, pis baxıram. Neytralam. O ki qaldı bir lezbiyanın mənə sevgi etirafına, qəti şəkildə yox deyərəm. Həmin anda o insan gözümdən düşər. Hətta sabah onunla salamlaşmağa belə utanaram.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man