"İki dövr və mərhələdə alınan kreditləri əhatə edən qərar bütövlükdə problemli kreditlərin hamısının həllinə töhvə verəcək”
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərin ləğv edilməsilə bağlı verdiyi fərmana münasibət bildirərkən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili əlavə olaraq onu da vurğuladı ki, Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi:
"Əslində son günlərdə imzalanan fərmanların ardınca Azərbaycan Prezidenti yanında sosial problemlərin həllilə bağlı keçirilən müşavirədəki anonsdan sonra belə bir qərarın qüəbul ediləcəyi gözlənilən idi. Azərbaycan cəmiyyəti də belə bir qərarı gözləyirdi. Şübhəsiz ki, bu mürəkkəb yanaşma tələb edən ciddi bir məsələ idi. Problemli kreditlər 1 milyard dollardan çox bir məbləği əhatə edirdi. Onun həll olunması üçün optimal variant tapmaq lazım idi. İmzalanan fərmanla aydın olur ki, onunla vətəndaşlara dəyən az qala bütün zərərin ödənlməsilə bağlı qərar qəbul edilib. Dövlət problemin həllilə bağlı məsuliyyətin və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürüb. İki dövr və mərhələdə alınan kreditləri əhatə edən qərar bütövlükdə problemli kreditlərin hamısının həllinə töhvə verəcək. Birinci dövr 2015-ci ilin fevralın 21-nə qədər olan dövrdə götürülən kreditlərin həllilə bağlıdır. İkinci dövr isə 2015-ci ilin fevralın 22-dən dekabrın 21-nə qədər olan dövrdə vətəndaşların götürdüyü kreditlərlə bağlıdır. Maksimal hədd 10 min dollar, 17 min manat səviyyəsində müəyyənləşdirilib ki, bu da əslində vətəndaşların gözləntilərindən də çoxdur. Çünki bu məblığin 3-5 min dolları ilə bağlı belə bir fərmanın veriləcəyi gözləntisi vardı. Amma cənab Prezident verdiyi fərmanla 10 min dollara qədər olan problemli kreditlərin həllilə bağlı qərar qəbul etdi. Birinci mərhələdə götürülən 1 dollara görə, 0,25 manat ödənşin müəyyənləşdirilməsi əslində devalvasiya nəticəsində olan artımın tamam silinməsi deməkdir. Fevralın 22-dən dekabrın 21-nə qədər götürülən hər dollar kreditə görə isə 0,6 manat ödənişin müəyyənləşməsilə də anoloji situasiyanın şahidi oluruq.
Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi. Bu təkcə problemli kreditlərin həlli məsələsinə dövlətin verdiyi töhvə deyil. Eyni zamanda ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə də stimul yaradan bir sərəncamdır. Bu prosesdən həm vətəndaş, həm də banklar qazanır. Addımı qarşılıqlı etimadın bərpa olunması kimi də qiymətləndirmək olar. Vətəndaşlarımız hiss etdi ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır. Hər hansı bir forsmajor situasiya yaranarsa, dövlət onların problemlərini həll etməyə qadirdir. Bunun üçün Azərbaycan Prezidentinin siyasi iradəsi var”.
Milli Məclisin deputatı Fazil Mustafa düşünür ki, verilən fərmanla mövcud olan problem vətəndaşların marağının təmin edilməsi istiqamətində öz həllini tapdı:
"Bu fərman ölkə vətəndaşlarımızın sıxıntısını nəzərə alaraq çox yerində verilən çox faydalı təşəbbüs idi. Vətəndaşların problemlərinin həlli baxımından yüksək səviyyəli bir addımdır. Hesab edirəm ki, ölkə prezidentinin bu addımı vətəndaşlarımız tərəfindən də yüksək səviyyədə qarşılanacaq. Nəticədə çətin durumda olan insanların ondan qurtarması üçün fürsət yaranıb. Hər halda bu təşəbbüs bütün cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. Məsələ vətəndaşın marağını təmin edəcək formada öz həllini tapıb. Çox güman ki, bundan sonra da həmin istiqamətdə işlər davam etdiriləcək və bu ölkədə sosial gərginliyin azalmasına səbəb olacaq”.
Milli Məclisin deputatı Ağacan Abıyev də fərmanı yüksək qiymətləndirdi:
"Bu fərmanı yüksək dəyərləndirirəm. Atılan addım bir daha göstərir ki, Azərbaycan hökuməti və şəxsən Prezident İlham Əliyev daima xalqın marağı, onun rifahının yüksəlməsi naminə üçün çalışır və bu sahədə böyük uğurlara imza atılır. Hər bir azərbaycanlı onu yüksək qiymətləndirir. Bu addım ümumi mənzərəyə olduqca müsbət atmosfer gətirib. İnsanlarımız buna görə çox sağ olsun deyir. Sağ olsun, Prezidentimiz”.
Deputat Fəzail İbrahimli qeyd etdi ki, verilən fərmanla çox saylı insanlarımızın problemləri həll olundu:
"Prezident bu fərmanla il başlayandan bəri çoxsaylı ailələrin evinə bir xoşbəxtlik gətirdi. Çox insanların problemləri həll olundu. Kredit götürüb ağır duruma düşənlərlə bağlı Prezident təkcə sərəncam vermədi, həmçinin iqtisadi amnistiya verdi. Atılan addımı vacib olmaqla yanaşı yüksək qiymətləndirirəm. Çox sayda insanların əhval-ruhiyyəsinə, həyat tərzinə təsir edən bir addımdır. Düşünürəm ki, ölkəmizin hər bir vətəndaşı bunu çox yüksək qiymətləndirir”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir.
1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;
1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;
1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
ELÇİN