Azərbaycanlılar hər zaman öz cəsurluqları ilə seçilib. Yaşadıqları ölkədə hər zaman öz bilik və bacarıqları ilə öz töhfələrini veriblər. Belə oğullarımızdan biri də İran Silahlı Qüvvələrinin sonuncu Baş Qərargah rəisi, general Abbas Qarabağidır.
Abbas Mirzə Kərim xan oğlu 1918-ci ildə Təbriz şəhərinin Qarabağlı məhəlləsində anadan olub. Əslən Füzuli rayonunundandır. Abbas Qarabağinin atası 1905- ci ildə Təbrizə köçüb. Təbriz şəhərində və Fransada hərbi təhsil alıb.
Abbas Qarabaği 1938-ci ildə İran ordusunda xidmətə başlayıb. Tədricən vəzifəsi və rütbəsi artırılan Abbas Qarabaği 1979-cu ilə qədər Jandarma komandanı olaraq xidmət keçib. 1979-cu ilin yanvar ayının 7-də isə Məhəmməd Rza Şah Pəhləvi tərəfindən İran ordusunun Baş Qərargah Rəisi, yəni faktiki ordunun baş komandanı təyin edilir.
Şahın İranda olduğu müddətdə o, şahı müdafiə edir. Şah İranı tərk etdikdən sonra isə mülki hakimiyyətdə olan və Şapur Bəxtiyarın rəhbərlik etdiyi höküməti dəstəkləyir. Küçələrdə toqquşmaların şiddətlənməsindən sonra 1979-cu ilin fevral ayının 11-də 22 generalla keçirdiyi iclasda ordunun bitərəfliyini elan edir. Ona bu işdə gizli polis olan SAVAK-ın komandanı və azərbaycanlı olan Nasir Müqəddəm də dəstək olur. Bu, faktiki olaraq İslam İnqilabının dəstəkənlənməsi demək idi.
Şah devriləndən sonra Abbas Qarabaği 14 ay Tehranda gizlənməyə məcbur olur. Sonra isə Abbas Qarabaği təhsil aldığı Fransaya mühacirət etedir. Onun Fransaya getməsinə səbəb də var idi. Çünki Abbas Qarabağı hələ 1953-cü ildə Fransa hüququna dair doktorluq dissertasiyası müdafiə edərək hüquq doktoru adını almışdı. Yüksək intillektə və analiz qabiliyyətinə malik Abbas Qarabaği yazdığı kitablarda İranda baş verən inqlabın gələcəkdə hansı fəsadlar verəcəyi haqqında öz mülahizələrini bildirib.
Abbas Qarabaği 82 yaşında, 13 oktyabr 2000-ci ildə Fransanın Paris şəhərində vəfat edib.
Amma bu cəsur generalın hələ ölümündən əvvəl öz əsərində yazdığı "dövləti idarə etmək üçün, din dövlətdən ayrı olmalıdır” fikri bu gün də reallığı əks etdirir.
Məqalə Mərkəzi Elmi Kitabxananın (MEK) "Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən yaradılıb.