“Bizim üçün fəxrdir ki, AKP bu mahnı ilə təbliğat aparır” - Müsahibə

14 Fevral 2019 | 12:54
OXUNUB: 4538
Şəmistan Əlizamanlı: "Buna görə mənə həmişə təşəkkür edirlər”.

Hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifa etdiyi "Bismillah” mahnısı bu il martın 31-də Türkiyədə keçiriləcək seçkilərdə AKP-nin seçki mahnısı olaraq qəbul edilib. Ş.Əlizamanlının ifasında Ozan obrazında səslənən bu mahnı Türkiyə və Azərbaycan mediasında böyük maraqla qarşılanmışdı. Məlumata görə, musiqini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən özü seçib. Məsələ ilə bağlı Şəmistan Əlizamanlı ilə əlaqə saxladıq. Məlumatı təsdiqləyən ifaçı "Kaspi”yə müsahibəsində yaxın zamanlarda "Diriliş Ertuğrul” serialında tamaşaçıların növbəti bir mahnı ilə tanış olacaqlarını bildirdi.   
 
- Şəmistan müəllim, ilk növbədə sizi təbrik edirik. Bu seçim bir qədər gözlənilməz olmadı ki? 
 
- Təşəkkür edirəm. Bu, bir yaradıcı şəxs kimi məni sevindirməyə bilməz. Türkiyə kimi böyük dövlətin seçki təbliğatı mənim ifamda və musiqisi mənə aid olan mahnı altında aparılacaq. "Diriliş Ertuğrul” serialının çəkilişində bu mahnıları, eləcə də mənim özümün həmin serialda çəkilməyimi istədilər. Mən də onların bu təklifini qəbul etdim. Daha sonra onlar mənə seçkiyə uyğun şeir göndərdilər. Bu mahnını həmin şeirə uyğun səsləndirdim. Onlar Bakıya gəldilər, mənimlə görüşdülər, bəyəndiklərini söylədilər. Seçki təbliğatı zamanı səslənən mahnının musiqisi və ifası mənimdir, sözləri isə onlara aiddir. 
- "Bismillah”ı seçməkdə məqsəd nə idi?
 
- "Bismillah” mahnısının sözləri Əhməd Cavada aiddir. Əhməd Cavadın yaradıcılığını bəyənirəm. Bir tarixi şəxsiyyət kimi də ona böyük hörmətim var. Onun  çox kədərli həyatı olub. Bacardığım qədər Əhməd Cavadın yazdığı şeirləri diqqətdə saxlayıb, onu təbliğ etməyə çalışıram. Serialın yaradıcı heyətinə də bu mahnının sözlərinin kimə məxsus olduğunu, bu sözlərdə şairin nələri deməyə çalışdığını söylədim. Onlar mahnını çox maraqla qarşıladılar. 
 
- Bundan əvvəl də sizin başqa bir mahnınızın seçki  kampaniyasında səsləndiyini eşitmişdik. 
 
- İfa etdiyim "Turan ellər var olsun” mahnım Rəcəb Tayyib Ərdoğanın seçki təbliğatı zamanı televiziyalarda nümayiş olunan kliplərində istifadə olunub. Bununla bağlı hər zaman mənə təşəkkür edirdilər. Bu mahnını onun çıxışlarının sonunda televiziyalarda çox tez-tez eşidirdim. Ancaq seçki kampaniyası üçün məhz, "Bismillah” mahnısı qəbul olunub. 
- Sizin Rəcəb Tayyib Ərdoğanla görüşdüyünüz deyilir. 
 
- Elə bir şey yoxdur. Ərdoğan Azərbaycan dövlətinin böyük dostudur. Bizim üçün fəxrdir ki, AKP bu mahnı ilə təbliğat aparır.  Bu, Azərbaycan mədəniyyətinin uğurudur. Azərbaycan bütün sahələrdə olduğu kimi, mədəniyyətdə də Türkiyə ilə birgə addımlayır. Ola bilər ki, tədbirlərdə onunla görüşək. Rəcəb Tayib Ərdoğanın təbliğat qrupu fəaliyyət göstərir. Bu qrup təbliğat işini formalaşdırır. Neçə aylardır Ərdoğanın "A Haber” kanalında çıxışları mənim ifa etdiyim "Bismillah” mahnısının fonunda gedirdi. Həmin çıxışlar sosial şəbəkələrdə də yerləşdirilib. 
 
- Sizin "Diriliş Ertuğrul” serialında iştirakınız da böyük maraq doğurmuşdu, Açığı, gözlənilməz oldu. 
 
- Bir az elə oldu. Serialın ssenari müəllifi mənə müraciət etdi. Dedilər sizin mahnınıza uyğun ssenari yazacağıq. İfa etdiyim "Turan ellər” mahnısından istifadə etmək istədiklərini bildirdilər. Mən də razılıq verdim. Ondan sonra növbəti dəfə "Bismillah” mahnımı serialda ifa etməyimi təklif etdilər. Mən də təklifi dəyərləndirdim.  Qeyd edim ki, bu tarixi seriala böyük maraq var. Dünyanın 85 ölkəsində 25-dən artıq dildə yayımlanır. "Diriliş Ertuğrul” türklərin tarixindən bəhs edir. Filmdəki tarixi hadisələrin bizim üçün də böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məmnuniyyətlə orada çəkildim və mahnımı səsləndirdim.  Hətta sizə deyim ki, üçüncü mahnım da gələn həftə sözügedən serialda yayımlanacaq. Tarixi bir serialda rol almaq, təbii ki, mənim üçün böyük bir şərəfdir.
- Türkiyədə böyük miqyaslı bir seriala çəkilirsiniz. Sizcə, nə üçün Azərbaycanda sizin potensialınızdan istifadə edilmir?
 
- Hazırda Azərbaycanda tarixi filmlər çəkilmir. Bilmirəm, təbii ki, yaradıcı insan üçün bu, böyük məsələdir. Bu tip tarixi filmlər ölkənin incəsənətini, mədəniyyətini təbliğ edir. Belə bir layihə olsa, təbii ki, çəkilərəm. Hər təklif olunan filmə, seriala da çəkilmək olmur. Ona görə, təklif olunan obraza baxıb, layihənin ölkə üçün əhəmiyyətini nəzərə aldıqdan sonra çəkilə bilərəm. 
 
- Bir dövr "Hay ver mənə”, "İgid əsgər, möhkəm dayan” kimi mahnılarınız az qala himnə çevrilmişdi. Bu mahnılar insanları vətənpərvərliyə səsləyir. Sizcə, bu gün gəncləri vətənpərvərliyə səsləyən yeni mahnılar kifayət qədərdir?

- Əlbəttə, sosial şəbəkələrə nəzər salsanız, görərsiniz ki, bizim bir çox vətənpərvər  ruhda yazılmış mahnılarımız var. Mən də bacardığım qədər bu mahnıları təbliğ edirəm. İndi internet dövrüdür, bu ruhda mahnı dinləmək istəyən insanlar, belə mahnılar tapacaqlar. Yetər ki, istəsinlər. Yəni bu mövzu ilə bağlı heç bir problem yoxdur. 
 
Xəyalə Rəis

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man