Azərbaycandan Rusiyaya tərəvəz, meyvə və giləmeyvələrin çatdırılması daha da sürətlənəcək, logistik xərclərin dəyəri isə təxminən 30% azalacaq.
Bir müddət öncə bu istiqamətdə xarici mediada bir sıra məlumatlar yayılmışdı. Belə ki, ekspertlərin proqnozlarına görə, gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilmiş formatı və sərhəddə yeni “Xudat” logistika mərkəzinin tikintisi sayəsində məhsulların qiyməti də düşəcək və tez xarab olan məhsulların Rusiyaya daşınması daha rentabelli olacaq.
Federal Gömrük Xidməti sadələşdirilmiş dəhliz üzrə layihəni yekunlaşdırıb, dəyişikliklər yaxın vaxtlarda qüvvəyə minəcək. Sahibkarların fikrincə, bu, Moskvaya və bölgəyə səyahət vaxtını bir gün yarıma qədər azaldacaq.
Bəs bu dəyişikliklər Azərbaycan tərəfinə nə kimi üstünlüklər qazandıracaq? Hazırda Azərbaycandan Rusiyaya ixracla bağlı vəziyyət nə yerdədir? Gün ərzində yola çıxan TIR-ların sayı tələbata uyğun olaraq artıbmı? Daşınma üçün giriş vərəqələrinin verilməsi hansı meyarlarla aparılır?
Üstəlik malların dəmiryolu ilə daşınması məsələsi də var və məhsulların istifadəyə yararlılıq müddəti nəzərə alınmalıdır. Yəni müqayisədə hansı daha sərfəlidir - dəmiryolu, yoxsa avtomobil nəqliyyatı ilə daşınma?
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) İdarə Heyətinin üzvü və “Kristal 2008” beynəlxalq daşınma şirkətinin rəhbəri Azad Cəfərov Oxu.Az-a açıqlamasında deyir ki, Rusiya və Ukrayna arasındakı mövcud vəziyyət bu istiqamətdə tələbatın artmasına səbəb olub:
“Nəinki Azərbaycanda, eləcə də bütün dünya ölkələrində beynəlxalq yük daşımalarına tələbat çox artıb. Xüsusilə Azərbaycan üzərindən daşınmada xeyli artım müşahidə edilir. Çünki Avropadan Rusiya sərhədlərinə daxilolmalar yoxdur deyə Azərbaycan və İran məhsullarına tələbat çoxalıb.
Təbii ki, bu artım daşınma şirkətlərinin də işini artırır. Bizim Rusiya və Azərbaycanın hökumətlərarası komissiyasında danışıqlar başlayıb ki, sərhədə daxilolmanın və gömrük prosedurlarının sadələşdirilməsinə baxılsın. Rusiya ərazisində sərhəd xidmətinin müasir reqlamenti var ki, ona müvafiq qaydada nəqliyyat vasitələrinin yoxlanılması kifayət qədər vaxt tələb edir. Müzakirələr əsasında Rusiya tərəfinin öz təklifi ilə bu reqlamentlərin müddəti əhəmiyyətli dərəcədə azaldılıb. Çünki daha əvvəl sutka ərzində Azərbaycandan Rusiya ərazisinə 300 nəqliyyat vasitəsi daxil olurdusa, bu gün bu rəqəm 600-ə çatdırılıb, bəlkə də, daha çox. Əvvəlki reqlamentlə davam etsəydik, sərhəd-keçid məntəqəsi bu yükü götürə bilməzdi. Azərbaycan tərəfindən gömrük və sərhəd xidməti kifayət qədər ciddi iş görür və biz tərəfdə sıxlıq yaşanmır. Lakin Rusiya tərəfinin qaydaları fərqli olduğu üçün problemlər yarana bilir.
Bundan başqa, Avropa və Asiya ölkələrindən gələn yük Azərbaycan üzərindən keçərək Rusiyaya getdiyi üçün bizim ikinci “Xanoba” gömrük keçid məntəqəsi fəaliyyətə başladı”.
Azərbaycandan Rusiyaya ixracın artımı və logistik xərclərin dəyərinin təxminən 30% azalmasını daşıyıcılar üçün müsbət qiymətləndirən A.Cəfərov qeyd edib ki, xərc nə qədər azalsa, inkişaf da o qədər sürətli olar.
“Hazırda yaranan tələbatın yerli daşıyıcılar hesabına qarşılanması mümkün deyil”
A.Cəfərov onu da əlavə edib ki, son dövrlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə ABADA arasında imzalanan memorandum çərçivəsində yaradılmış komissiya tərəfindən daşınma ilə bağlı icazə vərəqələrinin verilməsi və digər xərclərin azaldılmasına nəzarət artırıldı:
“İcazə vərəqələrinin daşıyıcılar arasında bölünməsində avtoparkın sayı, daşıyıcının reytinqi və bu sahədə daşıyıcının bazar payı əsas götürülür. Məsələn, bir daşıyıcının 100 maşını varsa, Gürcüstan üzərindən Rusiyaya ayda 60 daşınma edirsə, bazar payı formalaşır. Buna əsasən də icazə vərəqəsi bölünür və bölgü şəffaf şəkildə aparılır. Belə ki, biz də istərdik ki, beynəlxalq daşınmaları öz yerli daşıyıcılarımız hesabına həyata keçirək. Lakin bu nəinki Azərbaycanda, eləcə də digər ölkələrdə 100 faiz mümkün ola bilməz.
Son bir ildə inkişafın artımına təkan verə biləcək daha bir məqam güzəştli kreditlərin verilməsi ola bilərdi, ancaq təəssüf ki, bu yoxdur. Daşıyıcılar üçün güzəştli kreditlərin verilməsi hava və su kimi lazımdır.
Çünki güzəştli kreditlər sayəsində qarajların yenilənməsinə, “Avro-6” standartlarına cavab verən nəqliyyat vasitələri alınmağa başlayıb. Gürcüstan, demək olar ki, “Avro-5” standartlarına cavab verən nəqliyyat vasitələrindən imtina edib. Amma bizim parklarda nəinki “Avro-5”, hətta “Avro-4”, “Avro-3” standartlarına cavab verən köhnə nəqliyyat vasitələri də qalmaqdadır. Nəqliyyat vasitələrinin utilizasiyası isə mümkün deyil. Bu nəqliyyat vasitələrinin istismar müddəti 10 ildir və təəssüf ki, istismar müddəti bitən nəqliyyat vasitələrimiz də məcburən fəaliyyətə cəlb edilir”.
“Xarici ölkələrdə nəqliyyat vasitələri nəğd deyil, lizinq yolu ilə alınır. Bizdə isə lizinq şərtləri 12 faizdir”
Daha bir daşıma şirkəti “Azel Trans” MMC-nin rəhbəri Vüqar Məmmədov deyir ki, may-iyun ayları xüsusilə tərəvəz, meyvə və giləmeyvə mövsümü olduğundan yükdaşımaları artıb:
“Maşınlarımız qısa zamanda Rusiya bazarlarına məhsulları təhvil verməyə çalışır. Xüsusilə qeyd edim ki, əvvəllər maşınların Azərbaycan sərhədindən Sankt-Peterburq şəhərinə çatması və geri qayıtması ən azı 35-40 gün çəkirdisə, bu müddət artıq bir həftəyə qədər endirilib. Demək olar ki, bu müddətin 60 faizi sərhədlərdə yubanmalara, 40 faizi isə yollara sərf edilirdi. Amma bu gün məhsulları bir həftə ərzində Moskvanın bir çox bazarlarına, Sankt-Peterburqa, Yekaterinburqa çatdıra bilirik. Geri dönüşdə də “Xanoba” gömrük keçid məntəqəsinin fəaliyyətə başlaması işlərimizi rahatlaşdırıb”.
“Ən çox daşınmalarımız Rusiya bazarları olub, indi isə üçüncü ölkə bazarlarına daha çox girişmişik”
V.Məmmədovun sözlərinə görə, Azərbaycanla yanaşı, Türkiyənin, İranın da meyvə-tərəvəzini daşıyırlar:
“Türkiyədən Monqolustana, Qazaxıstana, Orta Asiyanın bir sıra ölkələrinə, hətta bu dəqiqə icazə vərəqələrimiz olmadığı halda Özbəkistana da daşınmalar həyata keçiririk. Həmçinin Monqolustandan, Qazaxıstandan da Türkiyəyə məhsul daşıyırıq.
Əslində, bizim istiqamətimiz əvvəl Ukrayna-Belarus-Moldova-Avropa idi, bu gün isə əhatəmiz genişlənib və Türkiyə xətti ilə Gürcüstan, Rumıniya, Moldova, Polşa istiqamətində fəaliyyət göstəririk. Ötən illərlə müqayisədə Şərqi və Mərkəzi Avropa ölkələrinə yükdaşımalarımız artıb, lakin viza problemi, icazə vərəqələrinin istiqamətlərinin düzgün təyin edilməməsi çətinlik yaradır. Gələn ilə qədər avtoparklarımızı yeniləsək, “Avro-6” standartlarına cavab verən nəqliyyat vasitələrinin sayını çoxaltsaq, Avropa bazarlarına daha çox girə biləcəyik”.
“ABADA və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə fəaliyyəti nəticəsində yaranan problemlər xeyli azaldılıb, eyni zamanda Azərbaycan özü də tranzit ölkə rolunu oynayır. Azərbaycan Şimal-Qərb, Cənub-Şərq dəhlizi üzərində yerləşdiyindən ağırlığı qaldırmaq mümkün ola bilər, amma hazırda o qədər maşınımız yoxdur”, - şirkət rəhbəri əlavə edib.
O qeyd edir ki, Hindistan-Pakistan marşrutu üzrə Azərbaycan tranzit ölkədir, Azərbaycandan bu ölkələrə az miqdarda su və süd məhsulları daşınır, bu, bir az da genişləndiriləcək:
“Lakin həmin ölkələrin bazarlarından yük götürməyimiz üçün lazımi həcmdə maşınlarımız yoxdur. Amma Türkiyənin daşınma şirkətləri Azərbaycandan tranzit kimi istifadə etməklə bu gün həmin marşrut üzrə fəaliyyət göstərir. Biz də istəyirik ki, həmin bazarda nüfuzumuzu artıraq və maşınlarımızı çoxaldaq”.
Uzun illər nazirlikdə çalışan və bu sahədə qanunvericilik sənədlərinin hazırlanmasında rolu olan şəxslərdən biri hazırda beynəlxalq daşınma şirkəti “Turan Transport” MMC-nin rəhbəri Rövşən İsgəndərlidir.
O həm də RİNN və ABADA arasında imzalanan memorandum çərçivəsində yaradılan komissiyanın üzvüdür.
R.İsgəndərli deyir ki, beynəlxalq daşınmalar icazə vərəqələri əsasında həyata keçirilir və bu, sistem şəklində qurulub:
“Bizdə də həmin icazələrin tətbiqi 1996-cı ildən Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Bu o deməkdir ki, avtomobil əlaqələrimiz olan ölkələrlə hökumətlərarası icazə vərəqələrinin mübadiləsi həyata keçirilir. 2020-ci ilə qədər bu icazələr daşıyıcıların sifarişləri əsasında Dövlət Avtomobil Nəqliyyatı tərəfindən verilirdi. Burada müəyyən nöqsanlar var idi və icazələr çoxlarına əlçatan idi. Bu da həqiqi daşıyıcılara fəaliyyətlərində çətinlik yaradırdı. ABADA və RİNN-in birgə təşəbbüsü ilə irəli sürülən təklif və daşıyıcıların tələblərinə baxılması ilə bağlı məsələ problemin aradan qaldırılmasına kömək oldu.
Bazarda daşıyıcıların müxtəlif istiqamətlər üzrə ortalama bazar payı da fərqli olur. Məsələn, İrandan Rusiyaya olan daşımalarda cənub bölgəsindən olan nəqliyyat şirkətlərinin xüsusi çəkisi böyükdür”.
R.İsgəndərli beynəlxalq avtomobil daşıyıcılarının uzun müddət diqqətdən kənar qalmasından gileylənib:
“Bu sahədə tranzit üzrə, daşıma üzrə çoxsaylı konfranslar keçirilib, lakin hər zaman önəm verilib dəmiryoluna, hava nəqliyyatına, dənizçiliyə. Pandemiya zamanı və ondan sonra da bu sahənin önəmi daha da gözə batdı. Çünki daşınmaların əksəriyyəti avtomobillərlə həyata keçirilib. Azərbaycana girişinə icazə vərəqəsi olmayan daşıyıcılar müvafiq rüsumu ödəyir və daxil olurlar. Lakin ödədiyi məbləğlə müqayisədə apardığı məhsulun dəyəri ən azı beş min avrodur”.
R.İsgəndərlinin sözlərinə görə, bu sahədə mövcud boşluqlar səbəbindən bizim maşınlarımızın sayı azdır:
“Bazar tələbatına uyğun olaraq, yeni nəqliyyat vasitələri alırıq. Eyni zamanda Rusiya-Ukrayna arasındakı münasibətlər bizim üçün fərqli istiqamət yaradıb. Bizim TIR-lar heç buraya gəlmir. Avropada Belarus-Baltikyanı-Belarus, Almaniya-Rusiya istiqamətində marşrutlarda boşluqdur. Həmin marşrutlar üzrə qiymətlər yaxşı olduğundan yaxşı da pul qazanmaq mümkündür. Amma nəqliyyat vasitələrimiz azdır, buna görə bizə şərait yaratmaq lazımdır. Şərait yaradılarsa, nəinki ixrac potensialımızı gerçəkləşdirməyə imkan tapacağıq, eyni zamanda Azərbaycandan kənar yükdaşımalardan ölkəmizə vəsait gətirə biləcəyik”.
“Logistika xərclərinin 30 faizə qədər azalması həm Azərbaycandan gedən, həm tranzit, həm də üçüncü ölkələrin hər birinə şamil olunur”
Şirkət rəhbəri deyir ki, onlara çətinlik yaradan izafi xərclər sərhəd məntəqələrində olan tıxaclardır:
“Rusiya ilə sərhəddə “Xanoba” gömrük keçid məntəqəsinin fəaliyyəti bu problemi nisbətən aradan qaldırıb. Lakin ora tam gücü ilə fəaliyyət göstərmir, düşünürəm ki, gələcəkdə tam gücü ilə xidmət göstərilsə, bu problemlər olmaz.
Bir məqamı da qeyd edim: Azərbaycan şərab məhsullarının ixracına geniş önəm verir, lakin Rusiya sərhədi tərəfindən aksiz postu yoxdur. Buna görə də məcburuq ki, bu daşınmaları Gürcüstan üzərindən edək. Bir müddət əvvəl Ermənistan tərəfi bu məsələni Rusiya hökuməti qarşısında qaldırdı və həmin postu açdırdı. Məlum məsələdir ki, Ermənistan da siqaret və şərab istehsal etdiyindən bu onlara da sərf edir. Bu cür aksiz postu bizimlə sərhəddə açılsa, bizim üçün böyük avantaj olacaq.
Bu gün Gürcüstanda tıxaclar həddən artıq çoxdur. Hər kəsin gözü Zəngəzur dəhlizindədir, bu yol açılsa, Gürcüstana ehtiyac qalmayacaq. Biz Türkiyə-Naxçıvan-Zəngəzur-Azərbaycan marşrutu üzrə hərəkət edəcəyik. Heç olmasa, bu marşrut üzrə Gürcüstana uyğun minimal dövlət rüsumu tətbiq edilsin ki, ölkəmiz tranzitdən qazansın. Çünki artıq o zaman iki variant olacaq – Gürcüstan və Zəngəzur dəhlizi. Əgər fərz etsək ki, Gürcüstanda tranzit 400 lari, Zəngəzur dəhlizində 350 lariyə bərabər olsa, təbii ki, üstünlük bu tərəfə veriləcək və gözəl pullar qazanacağıq”.
ABADA-nın İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu isə bildirib ki, beynəlxalq yükdaşıma sektoru ölkə iqtisadiyyatı üçün ən vacib sahələrdəndir.
Bu sahənin inkişafının dövlətin maraq dairəsində olduğunu deyən R.Eldaroğlu son bir ildə görülən işlərə nəzər salınsa, yaxın gələcəkdə bu sahədə kifayət qədər inkişafın gözə çarpacağını qeyd edir:
“RİNN ilə ABADA arasında imzalanan memorandum buna misal ola bilər. Niyə? İctimai iştirakçılıq haqqında qanunun tələblərinə uyğun şəkildə dövlət özəl sektoru, qeyri-hökumət təşkilatlarını aktiv icra masalarına dəvət edir. Gözdən yayınan müəyyən halların, hər-hansı nəzərdən qaçıra biləcəyimiz tələblərin arealının müəyyən edilməsi, milli daşıyıcılarımızın ən detallı problemləri ilə bağlı daha operativ məlumatlanmaqda və problemin aradan qaldırılmasında bu anlaşma nazirliyin işinə də yardım etmiş olur.
Bizim hədəf və məqsədimiz, eyni zamanda dövlətin də prioritetlərindən biri ölkəmizin tranzit-logistika imkanlarını genişləndirmək, milli daşıyıcılarımızın inkişafına dəstək olmaqdır. Bunun üçün də kompleks işlər görülməlidir. Bu istiqamətdə də ABADA üzərinə düşən öhdəliklərin icrasına hazırdır.
Məsələn, peşəkar sürücü kontingentinin formalaşdırılması, yükdaşımaların beynəlxalq standartlara uyğun təşkili üçün ABADA-nın tədris şöbəsi orta hesabla illik 250 sürücünü beynəlxalq kurslara cəlb edir”.
O qeyd edib ki, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına (İRU) üzv təşkilat kimi Azərbaycanda yeganə təminat orqanı olan ABADA hazırda Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) ilə də əməkdaşlıq edir:
“Bu əməkdaşlıq Türkiyəyə və bu ölkə üzərindən daşımalarda təminatın ABADA tərəfindən icrasına imkan verir. Bu nə deməkdir? Yəni Azərbaycan daşıyıcısı artıq Türkiyə sərhədində növbə gözləmədən, gömrük prosedurlarını icra etmədən hərəkət edə biləcək. Bunun üçün daşıyıcı yüklə bağlı bütün məlumatı ABADA-ya yönləndirəcək, əməkdaşlar TOBB-un sisteminə həmin məlumatları daxil edəcəklər. Bir sözlə, yük sərhədə çatmamış onunla bağlı bütün məlumatlar, rəsmi sənədlər elektron qaydada Türkiyənin müvafiq qurumlarının sistemində olacaq. Bu da yüklərin təminatlı keçidi ilə yanaşı, zamana qənaət deməkdir.
Hazırda “e-tır”, “e-cmr” kimi rəqəmsal sənədləşmələrə inteqrasiya istiqamətində işlər aparılır. Bunun üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə beynəlxalq təşkilatlar arasında danışıqlar aparılır”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man