Özünü Sabirabadda “öldürüb”, Yasamalda tutulan biznesmenlə bağlı - Yeni detallar

Gündəm 06 İyun 2022 | 13:58
OXUNUB: 1052

Ötən il noyabrın 25-də Sabirabad rayonunun Bulduq kəndi ərazisində avtomobilində yanmış sümüklərinin tapıldığı bildirilən və bir neçə gün əvvəl paytaxtda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevlə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, böyük səs-küyə səbəb olan və cəmiyyətdə müzakirə edilən bu hadisənin əvvəlcədən peşəkarlıqla təşkil edildiyi məlum olub.

Belə ki, əslən Salyan rayonunun Sarvan kəndindən olan Rafət Qəniyev avtomobildə yanaraq ölməsi səhnəsini qəsdən Sabirabad rayonunda təşkil edib. Onun həyat yoldaşı Sabirabad rayonunun Qaragüney kəndindən olduğundan o, olay yeri kimi məhz bu kəndə gedən yolu seçib. Hadisədən əvvəlki son telefon danışığı da məhz Rafət Qəniyevlə həyat yoldaşı arasında olub. O, telefon danışığında xanımına Sabirabad ərazisində olduğunu və maşında texniki problem yarandığını deyib. Bundan bir qədər sonra isə zənglər edilsə də, onun telefonuna zəng çatmayıb. Bir neçə saat sonra isə onun Sabirabadda yaşayan qaynı Salyanda yaşayan qardaşına zəng edərək Rafətin maşında yanaraq ölməsi barədə məlumat verib.

Bildirilir ki, ötən ilin noyabr ayında baş vermiş hadisədən sonra Rafət Qəniyevin “sümükləri” doğulub böyüdüyü və rəsmi qeydiyyatda olduğu Salyanın Sarvan kəndinə gətirilib. Burada dəfn mərasimi keçirilib, ailə üzvləri qohum-əqrəbası ağı deyib yas saxlayıblar.

O da məlum olub ki, hadisənin baş verdiyi ilk gündən hüquq-mühafizə orqanları avtomobildə baş vermiş yanğında və aşkar edilmiş sümüklərdə şübhəli məqamların olduğunu görərək işi nəzarətə götürüblər. Təyin edilmiş ekspertiza zamanı müəyyən edilib ki, tapılmış sümüklər insana məxsus deyil. 

Əldə etdiyimiz digər məlumata görə, Rafət Qəniyev “Kaspian İnşaat MB” MTK-da ilk olaraq fəhlə kimi fəaliyyət göstərib. Lakin sonradan şirkətin faktiki rəhbərliyi MTK-nı onun adına sənədləşdirib və bütün rəsmi sənədlərdə R.Qəniyevin imzası və adı keçməyə başlayıb. 

R.Qəniyevin qardaşı bildirib ki, onun rəsmi qeydiyyat ünvanı Sarvan kəndi olduğundan evlərinə yüzlərlə şikayət, bildiriş və məhkəmə sənədləri gəlib. Lakin şirkətin faktiki rəhbəri isə Hikmət adlı biznesmen olub və mənzilləri həmin şəxs bir neçə nəfərə sataraq dələduzluq edib. Rəsmi sənədlərə əsasən isə şirkət R.Qəniyevin adına olduğundan o, axtarışa verilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda ötən ilin 25 noyabrında “KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə R.Qəniyevin direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.

R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.

Baş Prokurorluq isə özünü ölmüş kimi göstərən biznesmenlə bağlı ekspertizaların təyin edildiyini bildirib. Qeyd edilib ki, Sabirabadın Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə insan sümükləri qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub. İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub.

Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.

Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.

Sabirabad Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man