Sürücülərlə polisin bitməyən “plyonka”mübahisəsi: Qanunun icrası niyə gecikir? - ARAŞDIRMA  - FOTO

07 May 2022 | 10:00
OXUNUB: 4981

Avtomobillərdə pərdə, plyonka və jalüz məsələsi yenidən gündəmdədir. Ötən il Milli Məclisin plenar iclasında “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik müzakirəyə çıxarılmışdı. İclasda sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti (NK) tərəfindən müəyyən edilməsi ilə bağlı təklif verilmişdi. 

Nazirlər Kabineti tərəfindən sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə bağlı standartların müəyyən edilməsi üçün isə üç ay vaxt verilmişdi. 

Təklifin qayəsi bundan ibarətdir ki, mayın 1-dən noyabrın 15-dək avtomobillərdə pərdə, jalüz və plyonka istifadəsinə qoyulan məhdudiyyət aradan qaldırılsın.

Lakin hələ də bu istiqamətdə NK tərəfindən yekun standart müəyyənləşməyib. 

Ötən ilə qədər avtomobilin arxa görüntü şüşəsindən savayı, bütün şüşələrinə plyonka çəkmək qadağan idi. İllərdir, sürücülər və polis əməkdaşları arasında mübahisəli mövzu kimi tarixə düşən bu problemin bir həlli tapılacaq, yoxsa yox - o da ayrı məsələdir. 

Sürücülərlə DYP əməkdaşları arasında daim mübahisəli mövzu kimi qalan pərdə və plyonka məsələsinə nə zaman standart təyin ediləcək?

Sürücülər deyirlər ki, adi vaxtlarda plyonka və pərdə istifadəsinə görə cərimə tətbiq edilməsə də, avtomobillərin qeydiyyatı və texniki baxışı zamanı həmin vasitələrin sökülməsi tələb olunur. 

Bu məsələyə Bakı Şəhər Dövlət Yol Polisinin də mövqeyini öyrəndik.  

Sözügedən standartların təyin edilməsi ilə bağlı DYP hansı təkliflər verib? Bu mövzuda hansı qərarın qəbul edilməsi təhlükəsizlik baxımından və “Yol hərəkəti qaydaları haqqında” Qanunun müvafiq maddələri gərəyincə doğrudur?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az saytına açıqlamasında bildirib ki, əslində bu istiqamətdə qanuna dəyişiklik edilməsi ilə məsələnin həlli təmin edilib:

“Müəyyən standartlar var ki, bu bizdən asılı deyil. Standartlarla bağlı yekun qərarın Nazirlər Kabineti tərəfindən hazırlanmasını gözləyirik. Ümumiyyətlə, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi baxımından dünyada da qəbul edilmiş standart ondan ibarətdir ki, sürücü görmə məhdudiyyəti yaradan bütün məsələlərdən çəkinməlidir. Məqsəd yol nəqliyyat hadisələrinin baş verməməsidir.

Bunun üçün avtomobillərin ön şüşələrinin kölgələndirilməsi qəti qadağandır. Sürücü günün istənilən vaxtı yolu, ətrafı tam aydın şəkildə görməlidir. Eləcə də maşının ön yan şüşələrinə pərdə və plyonkaları vurmaq olmaz. Bu zaman güzgülərdən təyinatı üzrə istifadə edə bilməyən sürücü qəza şəraiti yarada bilər. Lakin arxa yan şüşələrə sənaye üsulu ilə jalüz və ya plyonka vurulmasına məhdudiyyət ümumiyyətlə yoxdur. Yəni sərnişin qismində olan şəxslərin komfortu mövcud qanunvericilikdə də tam nəzərə alınıb.

Zaman-zaman bu məsələni lüzumsuz yerə qabardan şəxslərin isə diqqətlərini yol hərəkətinin təhlükəsizliyi baxımından daha ciddi məsələləri, misal üçün, piyadavurma hadisələrinin qarşısının alınması, kobud qayda pozuntuları etməklə həyat və sağlamlığa təhlükə yaradan halları qabartmağa yönəltmələrini daha məqsədəuyğun hesab edirik. Pərdə və plyonkadan qat-qat əhəmiyyətli məsələləri unutmayaq. Çünki bu, sürücü üçün təhlükə yaradan məqam deyil”.

Polis mayorunun sözlərinə görə, DYP əməkdaşlarının çalışdıqları odur ki, hərəkət iştirakçıları nə özlərinə, nə də digərlərinə təhlükə yaratsınlar:

“Hərəkətin təhlükəsizliyinə zərər verməyən bütün addımlar düzgün şəkildə qiymətləndirilir”.

İddialar arasında sürücülərə adi vaxtlarda plyonka və pərdə istifadəsinə görə cərimə tətbiq olunmasa da, avtomobillərin qeydiyyatı və texniki baxışı zamanı həmin vasitələrin sökülməsinin tələb edildiyi də yer alır.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirdi ki, avtomobillərin arxa yan şüşələrində örtüklərdən istifadə ilə bağlı son günlər əhali arasında aparılan müzakirələrin aktuallığını, xüsusilə internet mediada çaşdırıcı məlumatların yayılmasını nəzərə alaraq, bəzi tövsiyələri ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edir:

“Əvvəla, qeyd etmək lazımdır ki, ölkəmizdə tətbiq olunan standartın tələbinə əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75%-dən, küləyə qarşı olmayan digər yan şüşələr üçün isə 70%-dən aşağı olmamalıdır. Lakin Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq hər il mayın 1-dən noyabrın 15-dək nəqliyyat vasitələrinin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəyə icazə verilir.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir, küləyə qarşı qabaq və küləyə qarşı olmayan digər şüşələrə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi isə qadağandır. Odur ki, qeydiyyat hərəkətlərinin aparılması, eləcə də texniki baxış zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinin və avadanlıqlarının yuxarıda qeyd edilən normalara və təhlükəsizlik qaydalarına uyğunluğu təmin olmalıdır”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man