“Cəfər Cabbarlı” stansiyasının birinci yolunun yenidən qurulmasının üçüncü mərhələsi başlayıb.
Bu barədə Avtosfer.az-a açıqlamasında“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu mərhələ çərçivəsində stansiya yolu və platformasında, vestibülündə əsaslı təmir işləri aparılacaq və işlər bir neçə hissədə təşkil olunacaq.
"Qarşıdakı müddətdə təmir ardıcıllığını təmin etmək məqsədilə “Cəfər Cabbarlı” stansiyasının birinci yolu və platformasının, o cümlədən tunel geyimi və pilonların vəziyyəti qiymətləndirilərək tədbirlərin həcmi və miqyası müəyyən olunub. Əsas vəzifələrdən biri sərnişinlərin “Xətai-Cəfər Cabbarlı” mənzili boyunca hərəkətinin məhdudlaşdırılmamasıdır. Bu səbəbdən stansiyanın ikinci yolu ilə “Cəfər Cabbarlı-Xətai” mənzili boyunca sərnişinlərin rahat istifadəsini təmin etmək məqsədilə vestibüldə işlər təmir prosesinin sonuncu hissəsində aparılacaq. Texnoloji proseslərin ardıcıllığına uyğun olaraq, stansiyanın dəmiryolu infrastrukturunun tamamlama işləri məhz həmin müddətdə yekunlaşdırılacaq.
2022-ci ilin yanvar ayında metropoliten tarixində ilk dəfə istismarda olan tuneldə - “Cəfər Cabbarlı-Xətai” mənzilinin 500 metrlik hissəsində dəmir-beton bloklardan ibarət yeni yol infrastrukturu qurularaq, 150 metrə yaxın uzunluğu olan stansiya və dalan yolunda eyni işlərə başlanılmışdı. Bu xüsusda ağac yarımşpallar sökülərək yol yatağı tamamilə dağıdılıb və dəmir-beton bloklardan ibarət yol infrastrukturunun qurulması üçün hazırlanıb. Sonra özül betonlama işi aparılaraq, yol yeni dəmiryolu infrastrukturunun qurulması üçün hazır vəziyyətə gətirilib. Əsaslı təmirin xüsusiyyətləri nəzərə alınaraq, buraya mal-materialların daşınması, söküntü materiallarının isə təsərrüfat qatarları ilə depo ərazisinə çıxarılması məqsədilə müvəqqəti yol infrastrukturu qurulub", -B. Məmmədov deyib. .
O qeyd edib ki, təmir və yenidənqurma tədbirləri çərçivəsində “Cəfər Cabbarlı” stansiyasının birinci yolunun infrastrukturu, digər yolda olduğu kimi, tamamilə yenidən inşa olunacaq.
Təmir müddətində qatarların gözləmə zalı olan yolun platformaaltı sahəsi də daxil olmaqla bütün infrastruktur dağıdılaraq əsaslı təmir olunmasına başlanılıb. Hazırda yol divarının döşəmə və divar üzlüyünün sökülməsi prosesi başa çatmaq üzrədir. Tədbirlər çərçivəsində platformanın altındakı kabel kollektoru müasir tələblərə uyğunlaşdırılacaq.
Stansiya yolu, platforma və pilonlar gücləndiriləcək. Axıntıların istiqamətləndirilməsi üçün tavanda xüsusi membran təbəqə quraşdırılacaq. Stansiya yolunun döşəməsi yenidən qurulacaq, səthinə bitum vurulmaqla hidroizolyasiyası təmin olunacaq.
Yola bitişik platformanın, eləcə də “28 May” stansiyasına keçid tunelinin döşəmə örtüyü yararlı olduğundan yalnız sıradan çıxmış üzlük daşları yenilənəcək. Tavan və divarlar, eləcə də stansiya yolunun həm də döşəmə üzlüklərinin vurulması ilə təmir işləri başa çatdırılacaq.
Bu müddət ərzində stansiyanın bu hissəsindən “28 May” stansiyasının ikinci çıxışı istiqamətində olan keçidin döşəməaltı sahəsinin müvafiq qaydada təmiri də aparılacaq.
Sonuncu tədbirlər kimi vestibül və keçidlərdə tavan və döşəmə divarları, eskalatorların maili tunel geyimi, həmçinin xidməti otaqlarda əsaslı təmir tədbirləri yerinə yetiriləcək.
Hərəkətin təşkili və idarəetmə avadanlıqları, təhlükəsizlik sistemləri və elektromexaniki avadanlıqlar müasir standartların tələbləri səviyyəsində yenilənəcək.
Bu dövrdə stansiya yolunun dəmiryol infrastrukturunun qurulması çərçivəsində stansiya və dalan yolunda konstruksiya qurulacaq, dəmir-beton bloklar düzülərək, betonlanma işləri aparılacaq. Tikinti norma və qaydalarına uyğun olaraq, beton quruduqdan sonra yolun digər üstquruluş elementləri quraşdırılacaq. Metroloji və diaqnostik ölçmələr və sınaq işləri aparılmaqla yol istismara hazır vəziyyətə gətiriləcək.
Xüsusi vurğulayaq ki, “Cəfər Cabbarlı-Xətai” mənzili Bakı metropoliteninin ən ağır hidrogeoloji şəraitinə malik olsa da, burada məkik hərəkət də infrastruktura və tunellərin vəziyyətinə təsir göstərib. Hazırda burada və “28 May” stansiyası ilə bir sıra müştərək sahələrdə sağlamlaşdırma tədbirləri çərçivəsində yenidənqurma, gücləndirmə, korroziyadan təmizlənmə və xüsusi boyaq maddəsinin vurulması, axıntıların ləğv edilməsi, yararsız boltların dəyişdirilməsi, abadlaşdırma və s. işlər davam etdirilir
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man