"Mercedes-Benz E-Class" ailəsi üçün Night Edition nəşrini hazırlayıb

05 May 2022 | 16:29
OXUNUB: 699

Çoxsaylı casus şəkilləri Mercedes-Benz şirkətinin yeni nəsil E-Class ailəsi üzərində ciddi şəkildə işlədiyindən xəbər verir. Lakin bu işlər cari E-Class ailəsini zənginləşdirməyə heç də mane olmur. Avropada əlçatan olan xüsusi Mercedes-Benz E-Class Night Edition nəşri AMG Line və Night Package paketlərinə əsaslanır. Yeri gəlmişkən, E-Class Night Edition modelləri bütün kuzovlarla təklif edilirlər.

Satışa ilkin olaraq “tündləşdirilmiş” kupe və kabrioletlər çıxarılacaqlar. Night Edition seriyasından olan sedan və universallar isə, daha sonra ikiqapılı versiyalara qoşulacaqlar.

Xüsusi nəşrin adından da göründüyü kimi, Night Edition seriyasından olan avtomobillər  tündləşdirilmiş eksteryer elementləri ilə seçiləcəkdirlər. Bunlara misal kimi, qara rəngli ştiftləri olan “almaz” barmaqlığını, buraxılış sisteminin çıxış borularının qara ucluqlarını, parlaq qara rəngli təkər disklərini, qara rəngə boyanmış arxa spoyleri və ön qanadlardakı “Night Edition” nişanlarını göstərmək olar.

“Gecə” seriyasından olan avtomobillərin salonunda AMG Line elementlərini, qara tərtibata malik olan tavanı və seçilən tikişləri olan süni Artico dərisi ilə üzlənmiş ön paneli görmək olar. Artico dərisi və Dinamica mikrofibrası ilə üzlənmiş salon baza təchizatına daxildir. Əlavə ödəniş müqabilində interyeri  əsl dəri və alkantara birləşməsi ilə üzləmək mümkündür. Bundan başqa, işıqlandırılan kandar lövhələrini və alüminiumdan hazırlanmış dekor elementlərini də qeyd etmək gərəkdir.

Açıq məsamələri olan qara göyrüş ağacı ilə tərtib edilmiş mərkəzi konsolda cilalanmış alüminiumdan hazırlanmış və parlaq qara hərflərə malik olan “Night Edition” nişanını da görmək olar. Hətta E-Class modelinin xüsusi statusunu göstərmək üçün ayaqaltıları belə eksklüziv tikmə-naxışlar ilə bəzəyiblər. Kvartetin standart təchizatına qızdırılan ön oturacaqlar və dəri ilə örtülmüş ön panel daxildir.

Mercedes-Benz artıq daxili bazarda Night Edition seriyasından olan kupe və kabrioletlərə sifarişləri qəbul edir. Kuzov və mühərrik növündən asılı olaraq “gecə” paketinin qiyməti 5 295 – 9 222 avro arasında dəyişir. Night Edition paketinə malik olan E-Class sedan və universalları mayın 17-dən başlayaraq Almaniyada satışa çıxarılacaqlar. Tündləşdirilmiş seriyadan olan avtomobillərin Avropadakı dilerlərə çatdırılmasına iyul ayında başlanmalıdır.

Çox güman ki, biz E-Class kupe və kabrioleti üçün təklif edilən son təklifin şahidi oluruq, şayiələrə inansaq, alman istehsalçısı C-Class və E-Class ikiqapılılarını birləşdirərək CLE sinfini formalaşdırmaq niyyətindədir.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man