"Bu gün Rusiyanın Ukraynanın ərazilərini işğal etmək üçün başlatdığı müharibənin bir ayı tamam olur. Bu müddət ərzində baş verən proseslər demək olar ki, bundan sonrakı dünya düzəninin dəyişməsinə və yenidən formalaşmasına ciddi təsir edəcək amillər kimi qeyd edilə bilər”.
Bu sözləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Sfera.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın 1 ay ərzində Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnika SSRİ-nin 10 il ərzində Əfqanıstanda itirdiyi canlı qüvvə və hərbi texnikadan daha çoxdur:
"Digər tərəfdən isə, Rusiya işğalçılıq siyasətinə başladığı ilk günlərdən etibarən Qərb dövlətləri tərəfindən həm siyasi, həm də iqtisadi baxımdan ciddi təzyiqlərə məruz qalmaqdadır. Bu tendensiya bu gün də davam etməkdədir.
Rusiyanın siyasi və iqtisadi sahədə qərb dövlətləri tərəfindən ciddi təzyiqlərə məruz qalması, həm də apardığı işğalçılıq müharibəsində ciddi uğur qazana bilməməsi onun üçün bir neçə cəhətdən uğursuzluq kimi də dəyərləndirilə bilər. Bu uğursuzluqlar;
- Daxildə sosial narazılıqların artması,
- Xarici ticarətin tamamilə zəifləməsi,
- Orduda silah-sursat və canlı qüvvənin çox itki verməsi ilə əlaqədar olaraq ruh düşkünlüyünün artması,
- Müttəfiq hesab etdiyi dövlətlərdən gözlədiyi dəstəyi ala bilməməsi və. s
- Rusiyanın maliyyə və bank sistemi demək olar ki, tamamilə iflic olub və Rusiya vətəndaşları xarici ticarətdə bank sistemindən faydalana bilmirlər”.
Politoloqun sözlərinə görə, bütün bu tendensiyalar Rusiyanı sözün həqiqi mənasında zəiflətməyə başladı:
"Rusiyada istər sadə vətəndaşlar, istərsə də cəmiyyətdə tanınmış insanların bəzilərinin xaricə axını başlayıb. Bu isə Rusiyaya, daha dəqiq desək Putin Administrasiyasına əlavə zərbə kimi qiymətləndirilə bilər.
Buna baxmayaraq Kreml tərəfinin müharibəni dayandırmaq niyyətində olmadığı hiss edilməkdədir. Bu isə getdikcə Rusiya siyasətinin və iqtisadiyyatının çöküşünü surətləndirməyə xidmət edən amillərdən hesab edilə bilər. Artıq Rusiyaya məxsus 650 milyard dollara qədər vəsaitin təqribən 400 milyarda qədəri Qərbin sanksiyaları altındadır və bu vəsaitlərdən Rusiya faydalana bilmir.
Görünən odur ki, Rusiya Ukrayna məsələsində dirənməyə və mövqeyindən geri addım atmağa maraqlı deyil. Amma bununla paralel olaraq uğur da əldə edə bilmir. Rusiyanın zəifləməsi isə onun xarici siyasətinə təsirsiz ötüşməyəcək. Burada isə ilk ağlagələn Rusiyanın Cənubi Qafqaz, daha dəqiq desək Qarabağ siyasətidir. Yəni Rusiyanın Cənubi Qafqaz siyasətinin zəifləməsi Azərbaycanın rus "sülhməramlıları”nın müvəqqəti yerləşdiyi Qarabağ bölgəsində təsir gücünün artmasına xidmət edir. Eyni zamanda bu tendensiya regionda sülhün və sabitliyin formalaşmasına dəstək olur”.
Turan Rzayev