2023-cü ilin yanvarında keçiriləcək “Daytonanın 24 saatı” yarış marafonu Lamborghini Huracan GT3 Evo2 superkarının debüt məkanı olacaqdır. İtalyan avtomobil istehsalçısı artıq bir neçə ildir ki, mövcud olan yarış kupesinin yenilənmiş versiyasını hazırladığını elan etmişdi.
Evo2 modifikasiyasının həm sprint, həm də marafon yarışlarında daha sürətli və etibarlı olacağı bəyan edilib. Eyni zamanda, yarış avtomobili daha cəlbedici və aqressiv görkəmə malik olub.
2019-cu ildə təqdim edilən Lamborghini Huracan GT3 Evo modeli, Huracan Evo kupesinin yarış versiyasına çevrilib. Yeni Lamborghini Huracan GT3 Evo2 modeli isə, Huracan STO versiyasına əsaslanır - Super Trofeo Omologato isə, öz növbəsində, firma monokubokundan iştirak edən Huracan Super Trofeo Evo yarış sportkarının yol versiyasıdır.
Belə bir “bazaya” malik olan yeni sportkar GT3 sinfindəki ən sürətli avtomobillərdən birinə çevrilməlidir. Tamamilə karbondan olan kuzov Lamborghini Centro Stile zavod bölməsinin stilistləri tərəfindən hazırlanıb – yeni splitterlər, diffuzor və kuzovun alt hissəsi aerodinamik səmərəliliyi artırırlar.
Yüksək möhkəmliyə malik olan Zylon lifi ilə örtülmüş karbon döşəmə, yeni diffuzorla birlikdə indiki nəsil GT3 Evo modelində olduğundan daha çox yerəbasma qüvvəsi hasil edir. Alüminium ərintisindən hazırlanmış dayaqlarda quraşdırılmış arxa antiqanad daha geniş tənzimləmə diapazonuna malikdir.
Yarış avtomobili aerodinamik tarazlığı və mühərrikə gedən optimal hava axını təmin edən antiqanadı və tanınan altıbucaqlı hava girişlərini Huracan STO modelindən götürüb - damdakı hava girişi yan hava girişlərini əvəz edən şnorkelə bağlıdır.
Titandan klapanlar ilə təchiz edilmiş V10 mühərriki (güc xarakteristikaları açıqlanmayıb) elektronika tərəfindən idarə olunan 10 drosselə malikdir - Lamborghini Squadra Corse yarış bölməsi tərəfindən hazırlanmış bu sistem mühərrikə cəmi dörd vintlə bərkidilir.
Lamborghini Essenza SCV12 trek hiperkarında sınaqdan keçirilmiş həllər texniki qulluğu daha asan və sürətli edir. İki arxa dayağı olan yenilənmiş təhlükəsizlik qəfəsi və yandan toqquşma zamanı sürücünün müdadiəsinin artıran yeni karbon-kevlar pətək panelləri də həmin Essenza SCV12 modelindən götürülüb
Pleksiqlasdan hazırlanmış yan pəncərələr, bütün strukturun möhkəmliyini və ümumi etibarlılığını artırmaq üçün vintlər ilə qapı panelinə bərkidilirlər. Əyləc mexanizmlərini həm qısa, həm də uzun məsafəli yarışlarda effektiv etmək üçün, yeni supportlar və qəliblər tətbiq ediblər.
Huracan GT3 Evo2 modeli, asfalt səthi ilə ilişmənin aşağı olduğu bir şəraitdə təcrübəsiz sürücülərin həyatını asanlaşdırmaq üçün xüsusi dartmaya nəzarət sistemi (TCS) və bloklanma əleyhinə əyləc sistemi (ABS) ilə təchiz edilir.
Pirelli Lamborghini şirkətinin çoxdankı partnyoru olduğu üçün, mərkəzi kilidli 18-düymlük diskləri PZero şinləri ilə təchiz edilirlər. Lamborghini Huracan GT3 Evo2 modelinin müştərilərə çatdırılmasına 2022-ci ilin ikinci yarısında başlanacaqdır.
Lamborghini Huracan GT3 Evo modelindən istifadə edən komandalar üçün isə, xüsusi yenilənmələr paketi nəzərdə tutulub – detallar dəstindən istifadə edərək, mövcud avtomobilləri Evo2 səviyyəsinə çatdırmaq mümkün olacaqdır.
autograph.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man