“Artıq Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb”.
Avtosfer.az-ın xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov informasiya agentliklərinə açıqlamasında deyib.
Onun sözlərinə görə, qəzalı binaların inventarizasiyası aparılır:
“Bu binalar kateqoriyalara bölünəcək. Birinci növbədə informasiya bankını yaratmalıyıq. Daha sonra nəticələr təhlil olunacaq”.
İcra başçısı ilkin mərhələdə hansı ərazilərdə qəzalı binaların bərpasının və ya sökülməsinin nəzərdə tutulması barədə də danışıb:
“Komissiya bölünüb və bütün 12 rayonda da bu inventarizasiya işləri gedir. Ondan sonra dövlət səviyyəsində məsələlər qaldırmalıyıq və müvafiq qaydada bu məsələlərin həllinə çalışacağıq”.
“Qəzalı binalar Bakının bütün ərazilərində var. Bunlar sovet dövrünün qalıqlarıdır. Komissiyaya vaxt ayrılıb. Bir ay ərzində rayon icra hakimiyyətinin fəal iştirakı ilə onlar məlumatı toplayıb bizə təqdim etməlidirlər”, - deyə E.Əzizov qeyd edib.
İcra başçısının sözlərinə görə, qəzalı vəziyyətdə olan binaların sayı 1 000-ə yaxınlaşır:
“Orta hesabla hər binada 100-200-ə qədər ailə məskunlaşır. Bu proses canlı prosesdir və bunu uzun illərə planlaşdırırıq. İlkin olaraq kritik vəziyyətdə olan qəzalı binalardan başlamalıyıq”.
“Report”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man