Bu foto səhər saat 10 radələrində Lökbatan qəsəbəsində çəkilib. 28 May küçəsində park etmiş “Lifan” diqqətimi cəlb etsə də, müəyyən səbəbdən bir qədər uzaqdan çəkməli oldum. Lökbatanda yaşasam da, bu avtomobil ilk dəfə qarşıma çıxıb. Elə ilk baxışdan hiss olunurdu ki, nəqliyyat vasitəsi “qayda pozuntuları çələngidir”.
Başlayaq nömrədən: avtomobilin nə ön, nə də arxa nömrəsi yox idi. İkinci xəta, təkərlərin standartdan böyük olmasıdır. Çox təəssüf ki, ölkəmizdə bu məsələyə diqqət aşağı səviyyədədir. Üçüncü xəta isə, avtomobilin jarqonla desək “kruq plyonka” olmasıdır.
Bəli, bunlar görünən xətalardır. Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi, sığortasının olub-olmaması da mübahisə mövzusudur. Tam əminliklə deyə bilərik ki, bu cür təkər və plyonka ilə avtomobil texniki baxışa qəbul edilə bilməz.
Bütün bunlardan daha pisi isə məsələnin ictimai tərəfidir. Bəzi qayda pozmağa meylli insanlar cür avtomobilləri alıb öz təfəkkürlərinə uyğun bəzəyib sürürlər. Polis saxladıqda isə dərhal “Qarabağ əlili” olduqlarını iddia edirlər. Bu da son nəticədə qazilərə olan hörməti azaldır.
PS. Vətənin müdafiəsində iştirak etmiş hər bir şəxs hörmətə layiqdir. Lakin müharibə iştirakçısı olmaq məqsədli şəkildə qayda pozuntusuna bəraət qazandırmır.
Şəxsən ünsiyyətdə olduğum medallı qazilər var ki, bir dəfə də olsa küçəyə hərbi forma və ya medalla çıxmayıblar. Səbəbini soruşduqda isə ortaq cavabları belə olub: bizim Qarabağda missiyamız noyabrın 10-da başa çatıb və yenidən mülki işimizə qayıtmışıq.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man