Dayanma-durma cərimələrini necə ləğv etmək olar? - Hakimdən sensassion qərar - FOTO

21 Aprel 2022 | 09:17
OXUNUB: 2409

Son zamanlar Bakı Nəqliyyat Agentliyinin (BNA) kameraları tərəfindən cərimələnən sürücülər tərtib edilmiş qərarlarla bağlı məhkəməyə şikayət edirlər. Lakin hakimlər həmin qərarları qüvvədə saxlayaraq sürücülərin haqlı şikayətini təmin etmirlər.  Belə qərarlardan birini də Yasamal rayon Məhkəməsi qəbul edib. Adının hallanmasını istəməyən sürücü bildirir ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 122.1, 124.5 və 124.6-cı maddələri kamera vasitəsilə dayanma-durma qayda pozuntularının qeydə alınmasını qadağan etdiyi üçün onun barəsində tərtib edilmiş BNA qərarlarından Yasamal rayon Məhkəməsinə şikayət edib. Lakin Yasamal rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirov şikayəti təmin etməyərək qərarları qüvvədə saxlayıb.

Hakimin düzgün qərar vermədiyini iddia edən sürücü, şikayətini Avtosfer.az-a ünvanlayaraq həmin məsələnin ictimailəşdirilməsini xahiş edib. Hakim çıxardığı qərarda əsas gətirərək göstərib ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində, bu məcəllənin digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəinki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə, hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək inzibati iş üzrə icraata başlanıla bilər. Eyni zamanda hakim qərarda qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentinin 6 iyul 2018-ci il tarixli 181 nömrəli Fərmanı əsasında BNA-ya parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi tapşırıldığına görə sürücü barəsində yazılmış cərimə qanunidir.

Məsələyə münasibət bildirən ekspert Elməddin Muradlı bildirir ki, hakimin verdiyi qərar tam əsassızdır: “Hakim çıxardığı qərarda göstərir ki, 122.1-ci maddə bu məcəllənin digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır. Onda sual yaranır ki, bəs 122.1-ci maddədə nəyə görə konkret maddələr qeyd edilib ki, bu maddələr üzrə pozulan qaydalar kamera vasitəsilə qeydə alınsın. Əgər həmin maddə bütün qayda pozuntularını qeydə almağa icazə verirsə, onda 122.1-ci maddədə konkret maddələr göstərilməzdi. Həmçinin hakim qeyd edir ki, “Azərbaycan Respublikasının Prezidentinin 6 iyul 2018-ci il tarixli 181 nömrəli Fərmanı əsasında BNA-ya parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi tapşırıldığına görə, sürücü barəsində yazılmış cərimə qanunidir”. Fərmanda göstərilən bu müddəa, 122.1-ci maddədə qeyd edilən 346.3 (avtobus sürücülərinin dayanacaqlardan kənarda sərnişin mindirib-düşürməsinə görə), 346-1.1 (parklanma yerlərində müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə) və 346-1.5 (Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə) maddələrində nəzərdə tutulmuş dayanma-durma hallarının və parklanma qaydasının pozulmasına görə xüsusi texniki vasitə ilə (kamera ilə) cərimə yazılmasını ehtiva edir”.

E.Muradlı qeyd edir ki, dayanma-durma qaydasının digər hallarının pozulmasına görə sürücülərin kamera vasitəsilə cərimə edilməsi məsələsi hal-hazırda Milli Məclisdə müzkirəyə çıxarılıb: “Əgər qüvvədə olan İnzibati Xətalar Məcəlləsi dayanma-durma qaydasının bütün hallarının pozulmasına görə kamera vasitəsilə cərimə yazılmasına icazə verirsə, bəs Milli Məclisə müzakirəyə çıxarılması nəyə görə lazımdır? Əgər qanun kamera ilə cərilənməyə icazə verirsə, bəs Dövlət Yol Polisi dayanma-durmaya görə sürücüləri niyə kamera ilə cərimələmir? Şəxsən mən, Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə bu barədə müzakirə apararkən onların da mövqeyini soruşmuşam. DYP rəsmiləri də dayanma-durmaya görə kamera ilə cərimə yazılmasının qanunda öz əksini tapmadığını qeyd edir. Qanun layihəsi təxminən 1 ay əvvəl Milli Məclisə təqdim edilib. Parlamentin qəbulundan və Prezidentin təsdiqindən sonra dayanma-durmaya görə kamera vasitəsilə cərimə yazılması qanuni sayıla bilər. Bir daha BNA rəsmilərinin və hörmətli hakimlərin nəzərinə çatdırıram ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə dayanma-durma qaydasını pozan sürücüləri yalnız planşet vasitəsilə cərimələmək olar”.

Leyla

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man