"Rusiya Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına qarşı çıxaraq vəziyyəti böhrana yuvarlamağa çalışır”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Azərbaycanla Rusiya arasında ötən ay imzalanan Moskva bəyannaməsinin bəndləri ilk gündən pozulmağa başladı:
"Birinci, Bəyannamənin imzalanmasından bir neçə saat sonra tarixi "Türkmənçay” müqaviləsi ilə bağlı qeydində Rusiya XİN Azərbaycan ərazilərini "Şərqi Ermənistan” adlandırdı. İkincisi, Qarabağda general Volkovun komandalığı altında Rusiya sülhməramlıları erməni silahlı birləşmələrini Azərbaycan mövqelərinə atəş açmağa təhrik edir, ümumi situasiyanı gərginləşdirməyə çalışır. Üçüncüsü, Rusiya müdafiə nazirliyi Ukraynada qondarma respublikalara Azərbaycan ərazisindən "Dağlıq Qarababağ Respublikası” ifadəsi işlətməklə humanitar yardım edildiyini vurğuladı. Bu onu göstərir ki, Rusiya tərəfi konkret olaraq Azərbaycana qarşı təzyiqlər edir. Həmçinin özünün imza atdığı Moskva Bəyannaməsinin bəndlərini pozur”.
Müsahibimizin sözlərinə görə, Rusiya hərbiçiləri situasiyanı o qədər gərginləşdirib ki, Azərbaycan Müdafiə nazirliyi təxribatlara sərt cavab verilməsini tapşırıb:
"Baş verənlər göstərir ki, Rusiya Ukrayna ilə müharibədə məğlub olarsa, Qarabağdan çıxması mümkün olacaq. Əks halda, Azərbaycanın müstəqilliyini təhdid edəcək, Qarabağda yenidən prosesləri alovlandıracaq. Digər tərəfdən, Prezident İlham Əliyevin Türkiyəyə səfəri baş tutur. Bu səfər regionda baş verənlərlə bağlıdır. İsrail prezidenti də Türkiyədə olacaq. Türkiyə-Azərbaycan və İsrail tandeminin formalaşması mümkündür. Azərbaycanın təhlükəsizliyinin təmini daha da qabarıq şəkildə üzə çıxıb. Artan risklər və Rusiyanın təhdidləri, Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasını labüd edir. Bunun üçün hərbi doktirinada dəyişiklikər mütləqdir”.
Günay Rəsulqızı
Sfera.az