Velosipedçiləri niyə sıxışdırırlar?- 25 yaşlı qazi elə şeylər danışdı ki... - MÜSAHİBƏ

Maraqlı 14 Aprel 2022 | 20:15
OXUNUB: 1556

“Bizim üçün ən böyük problem odur ki, velosiped yollarımız yoxdur. Buna görə, 2-3 dəfə qəza keçirtmişəm”. Bunu bizə İlkin Novruzov deyir. O, neçə vaxtdır nə ictimai nəqliyyatdan, nə də avtomobildən istifadə etmir. Lent.az-ın qəhrəmanı şəhərdə velosipedlə hərəkət edir. Bakının maşınla belə çətinliklıə keçdiyi küçələri o iki təkər üstündə gəzir. 

- İlkin bəy, nə vaxtdan velosiped sürməyə başlamısınız?
- Velosipedə uşaqlıqdan marağım olsa da, həmin vaxt yoxum idi. Heç, düzünü desəm, sürməyi necə öyrənmişəm onu da bilmirəm. İlk velosipedim 9-cu sinifdə oxuyanda olub. Atamın dostunda 1972-ci ilin Ukrayna istehsalı olan velosiped var idi və tormozu tutmurdu. O da həmin velosipedi mənə hədiyyə etdi. Bir az əl gəzdirib, sürdüm. 
Heç vaxt atamdan velosiped istəməmişəm, çünki ancaq təhsillə maraqlanırdım. Amma ali təhsilim yoxdur. Təhsilimi isə ona görə davam etdirə bilmədim ki, kəndimizdəki məktəb 9 illik idi. 11 illik olan məktəb isə çox uzaq kənddə idi, hər gün ora gedib-gəlmək adamı dərsdən soyudurdu. 

Aytəkin Cəlali və İlkin Novruzov

- İşə velosipedlə gedib-gəlməyə nə səbəb oldu?
- Mən Şəki rayonunun Daşbulaq kəndindənəm. Bakıda Nobel prospektində kirayə qalıram. Qaldığım yerdə ictimai nəqliyyat çox gec-gec gəlir, yuxudan tez oyana bilmirdim və nəticədə də işə gecikirdim. Bununla yanaşı, vaxtım çox gedirdi, həm də çox sıxlıq olurdu. Əvvəllər 6 ay anbardar işləmişəm, ordan da iş yerimə 5 kilometr məsafə var idi. 6 ay boyunca ora velosipedlə gedib-gəlmişəm. 

- İlkin bəy, uzun müddətdir ki, hər yerə velosipedlə gedirsiniz. Bəs, axırıncı dəfə ictimai nəqliyyatdan nə vaxt istifadə etmisiniz?
- Bu yaşıma qədər heç vaxt fikirləşməmişəm ki, maşınım olsun. Heç bir maşına marağım olmayıb. Motosikletim də olub, idarə edə bilirəm. Amma velosipedi heç nəyə dəyişmərəm. 
Axırıncı dəfə metroya 1 ay əvvəl minmişəm. Ordan qayıdanda isə piyada qayıtdım.

-Hər bir nəqliyyat vasitəsinin fərqli problemləri olur. Maraqlıdır, velosipeddən istifadənin hansı problemləri var? 
- Bizim üçün ən böyük problem odur ki, velosiped yollarımız yoxdur. Buna görə, 2-3 dəfə qəza keçirtmişəm. Əslində, motosiklet, velosiped yolda sağ istiqamətdə getməlidir. Amma maşınlar buna icazə vermirlər, çox sıxışdırırlar bizi. 

- Velosipedlə getdiyiniz ən uzun yol nə qədər olub?
- Əslində, velosipedi çox sürmək düzgün deyil. Çünki damarların genişlənməsi kimi problemlər yaradır. Amma belə insanın enerjisini yüksəldir və mən heç vaxt velosiped sürməkdən yorulmuram. Velosipedlə ən uzun yolum Əhmədlidən-Nargiləyə ordan isə Dağüstü parka və yenidən Əhmədliyə olub. Hətta fikirləşmişəm ki, velosipedlə Şəkiyə gedim, amma maşınların çox olmasını nəzərə alaraq hələ ki bunu etməmişəm. Velosiped və motosiklet sürənləri düşmən kimi görürlər.  

- İlkin bəy, hazırda nə işlə məşğulsunuz?
- İndi kuryer kimi fəaliyyət göstərirəm. Kuryer işi əvvəllər daha yaxşı idi. İndi isə tələbat azalıb, işçi isə çoxalıb. Bu iş maddiyyat baxımından məni qane etməsə də, sərbəstlik baxımından məmnunam. Ona görə də 7 aya yaxındır ki, bu işdəyəm. Belə desək, sanki insanın öz işidir. 

-İşinizlə bağlı insanlarla sıx ünsiyyətdə olursunuz. Bu zaman ən çox qarşılaşdığınız problemlər hansılardır?
-Müştərilərlə ən çox yaşadığım problem “konum”u düzgün atmamalarıdır. Daha sonra binanı yazırlar, amma bloku, damafon kodunu, mərtəbəni qeyd etmirlər. Hər dəfə ünvana çatana yaxın zəng edib həmin şeyləri yenidən soruşmalı oluruq. Bəzən də müştəri sifarişi istəmir, amma şirkət deyir apar. Bu zaman müştəri bizimlə yox, şirkətlə əlaqə saxlamalıdır. Ancaq şirkət deyəndən sonra biz sifarişi geri qaytara bilərik. Bizə deyəndə biz məcbur aparırıq. Yarı yolda müştəri şirkətlə əlaqə saxlayır və biz məcburi geri qayıdırıq. Yaxşı olar ki, sifarişi ləğv edəndə şirkətlə əlaqə saxlasınlar.

-Sifarişi aparanda sizdən əlavə nəsə almağınızı istəyənlər olur?
-Müştərilər ən çox siqaret və içəcək istəyirlər, alıb aparırıq. Sonra da pulunu verirlər. Əlavə pulu çox az hallarda verirlər, heç özümüz də istəmirik. Onsuz da gedirik ora. 

- Ən böyük hobbiniz velosiped sürməkdi deyə bilərik....
-Hobbillərim velosiped sürmək və proqramlaşdırma ilə maraqlanmaqdır. 2012-ci ildə xəbər portallarının birində işləmişəm. Sonra isə maddiyyata görə davam edə bilmədim. Amma indi çalışıram proqramlaşdırma ilə bağlı xarici yutuberləri izləyim, nəsə öyrənim. Amma düzünü desəm, indi o qədər də həvəsli deyiləm...

-Bununla bağlı nəsə bir layihə düşünürsünüz?
-Dostumla yeni bir layihə fikirləşirik. Ölkə daxili karqonun reallaşdırılması haqqında. Bakıda bu cür karqolar olsa da, onlar da çox gec çatdırır. Biz istəyirik rayonları da əhatə edən sistem olsun. Bunun üzərində düşünürük.

-İlkin bəy, bildiyimiz qədər ilə 44 günlük döyüşlərdə də iştirak etmisiniz...
-Hər iki döyüşdə həm Aprel, həm də, 44 günlük döyüşlərdə iştirak etmişəm. Döyüş yoldaşlarımdan yaralananlar olub. Aprel döyüşlərində Tərtərdə istiqamətində döyüşmüşəm. Aprel döyüşləri hərbi xidmətimin bitməsinə bir gün qalmış başladı. 44 günlük döyüşdə isə məni sentyabrın 21-i çağırdılar, 27-nə qədər təlim keçdik. Tərtər, Ağdam, Xocavənd, Qubadlı və Şuşa uğrunda döyüşlərdə iştirak etmişəm. Elə dünən “Suqovuşan” uğrunda döyüşdə iştiraka görə medalımı da aldım. 

-Son olaraq nə demək istəyərdiniz?
-Paytaxtda hava yoxdur, ona görə də nə qədər velosipedlə hərəkət etsək, o qədər yaxşıdır. Bu sıxlıqların olması bizə sadəcə problem və xəstəlik yaradır. İsveçrədə çox adam velosipeddən istifadə edir. Bu isə həm sağlamlıq, həm də qənaət etmək baxımından əladır. Mən özüm də düşünmürəm ki, nə vaxtsa velosipeddən imtina edərəm. Motosikletimi də bəzi problemlərə görə satmışam, amma yenə alacam.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man