Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNİB

12 Aprel 2022 | 23:31
OXUNUB: 742

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.

Avtosfer.az xəbər verir ki, dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi.

Prezident İlham Əliyevin giriş nitqi

-İlin üç ayı arxada qaldı. Bu gün biz görülmüş işləri təhlil edəcəyik, eyni zamanda, ilin sonuna qədər olan planlar haqqında danışacağıq. Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik.

Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Müharibədən sonra birinci il olmuşdur. Əlbəttə ki, müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur. Bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.

Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. İlk növbədə, BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Əlbəttə ki, biz BMT-yə üzv olandan sonra işğalla üzləşdiyimiz dövrdə gördük ki, BMT, onun Təhlükəsizlik Şurası ədalətli qərarlar qəbul etmişlər. Əfsuslar olsun ki, bu qərarlar 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmışdır. Ancaq Qarabağ münaqişəsinin həlli, Azərbaycan tərəfindən birtərəfli həlli, eyni zamanda, BMT-nin üzərindən bu yükü götürmüş oldu. Şuşa şəhərində bu tədbirin, bir daha demək istəyirəm ki, xüsusi əhəmiyyəti var idi və təsadüfi deyil ki, Ermənistanda bu, növbəti panikaya, isterikaya səbəb olmuşdur.

Digər aparıcı beynəlxalq təşkilatlardakı fəaliyyətimiz də uğurlu idi. BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bildiyiniz kimi, bütün üzv dövlətlərin razılığı və dəstəyi ilə bizim sədrliyimiz bir il daha da uzadıldı. Bu, bizə göstərilmiş böyük etimadın təzahürüdür. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir və hesab edirəm ki, müharibədən sonra bu istiqamətdə əlavə önəmli hadisələr baş vermişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.

Digər böyük beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə ədalətli, bizim mövqeyimizi əks etdirən qərar-qətnamələr qəbul etmişdir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir daha bir neçə qətnamə - Azərbaycan mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul etmişdir və təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara səfərlər etmişlər.

ATƏT, hansı ki, Minsk qrupuna mandat vermişdir. ATƏT də yeni reallıqları tam qəbul edib. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə mənim görüşüm olub və görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir. ATƏT-in Minsk qrupuna gəldikdə, müharibədən dərhal sonra Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Bu, onların Azərbaycana müharibədən sonra birinci və sonuncu səfəri idi və o görüşlə bağlı mətbuatda kifayət qədər məlumat var, təkrar etmək istəmirəm. Bizim mövqeyimiz həmişə birmənalı olub. Biz müzakirə zamanı nəyi demişiksə, rəsmi açıqlamalarda da eyni tezisləri, eyni fikirləri səsləndirmişik. Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. Müharibədən keçən dövr ərzində - son Rusiya-Ukrayna müharibəsinə qədər olan dövr ərzində biz bu məsələ ilə bağlı öz fikirlərimizi bildirmişdik. Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz. Hesab edirəm ki, ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər. Bu yaxınlarda qeyd etdiyim kimi, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər əsnasında mən bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ budur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir.

Eyni zamanda, Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq istəmirəm. Ancaq, əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki, həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın. Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq.

Beləliklə, bir daha demək istəyirəm, müharibədən dərhal sonra apardığımız siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələrimiz, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr, bax, bu reallıqlara gətirib çıxarıb. Onu da bildirməliyəm ki, biz beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədə idik. Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, 3+3 əməkdaşlıq formatının işə düşməsi də bizi sevindirir. Birinci belə görüş keçirilmişdir. Birinci görüşün gündəliyi yox idi. Bu, sadəcə olaraq, bu formatı yaratmaq üçün bir görüş idi. İkinci görüş üçün gündəliklə bağlı bizim planlarımız var, hansı məsələlər orada müzakirə olunmalıdır. Hesab edirəm ki, yaxın gələcəkdə ikinci görüş də keçirilməlidir. Yəni, vaxt itirmək lazım deyil. Bizə bu formatlar, sadəcə olaraq, görüntü naminə lazım deyildir. Bu formatlar əgər konkret nəticə verməsə, onda onun əhəmiyyəti də itəcəkdir.

Biz real işlərin tərəfdarıyıq və gələcəkdə bölgənin inkişafı ilə bağlı bizim çox aydın təsəvvürümüz var, biz bilirik nə istəyirik və öz məqsədlərimizə bundan sonra da çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Bax, postmünaqişə dövrü ilə bağlı əsas məsələlər bundan ibarətdir və bu işlərin böyük hissəsi 2021-ci ildə, bir hissəsi isə bu ilin üç ayında görülüb. Bu, bizə imkan verir ki, əgər bütün bu gündəlik həyatda öz əksini taparsa, bölgədə, doğrudan da Cənubi Qafqazda sülh olacaq, əmin-amanlıq olacaq, müharibə riskləri böyük dərəcədə azalacaq və beləliklə, biz rahat yaşaya bilərik. Azərbaycan xalqına xas olan yüksək xüsusiyyətləri nəzərə alaraq qurub yarada bilərik. Bunu edirik və bu haqda da bu gün danışacağıq.

Eyni zamanda, əlbəttə, biz heç vaxt bu işğalı unutmamalıyıq, erməni vəhşiliyini unutmamalıyıq. Eyni zamanda, onu da unutmamalıyıq ki, bu gün Azərbaycan güclüdür, Ermənistan zəifdir. Ermənistan tərəfinin davranışı da məhz bu amillərə söykənir. Biz real həyatda yaşayırıq və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını, işğalı heç vaxt unutmamalıyıq, azərbaycanlılar kimi həmişə bizim yaddaşımızda olmalıdır. Məsuliyyətli insanlar kimi həmişə biz hər şeyə hazır olmalıyıq.

Əlbəttə, gələcəyə baxdıqda, mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək. Bu gün digər məsələləri müzakirə edərkən bir daha Azərbaycan ictimaiyyəti bunu görəcəkdir. Ermənistanın isə inkişafı onun özündən asılı olacaq, Ermənistanın qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Çünki indi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər. Biz isə 30 il ərzində, - baxmayaraq ki, torpaqlarımız işğal altında idi, - tam siyasi və iqtisadi müstəqilliyə nail olmuşduq. Ona görə bu gün inamla və qürurla öz sözümüzü bütün kürsülərdə deyirik. Ona görə Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək. İnkişaf üçün də, bir daha demək istəyirəm ki, ilk növbədə, Azərbaycan və Türkiyə ilə əlaqələr beynəlxalq hüquq norma və prinsiplər əsasında normallaşmalıdır.

Qeyd etdiyim kimi, biz heç nəyi unutmamışıq və unutmayacağıq. Ona görə müharibədən dərhal sonra bütün başqa bərpa işləri ilə bərabər, biz həmişə olduğu kimi hərbi sahəyə də fikir vermişik. Bildirməliyəm ki, müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalandı. Bəzi kontraktların icrası başlanmışdır, bəzi kontraktların icrası başa çatmışdır, bəzilərinin isə icrası davam edir.

Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və əlbəttə, bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq. Bunu nəzərə alaraq yeni silahların, texnikaların alınması da təşkil edilir. Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdir və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılmışdır və Hadrutda birinci Komando hərbi bazasının açılışında mən şəxsən iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Biz isə sadəcə olaraq, komandoların sayını ildən-ilə artıracağıq. Hesab edirəm ki, onların sayı ilə bağlı məlumat vermək yersizdir, ancaq hər kəs bilməlidir ki, minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq.

Bununla paralel olaraq, İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq. Hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır. Ermənistanda isə tam bu, fərqlidir. Ermənistanda xaricdən nə qədər maliyyə yardımı, yaxud da qaytarılmayan kreditlər ayrılarsa, onlar o qədər də xərcləyə bilərlər. Bu məsələyə də mən aydınlıq gətirmək istəyirəm. Hesab edirəm ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq.

Biz isə əlbəttə, öz hesabımıza yaşayan ölkə kimi bundan sonra ordu quruculuğuna, bir daha demək istəyirəm, nə qədər pul lazımdırsa, o qədər də ayıracağıq.

Postmünaqişə dövründə, əlbəttə, biz bütün bizim iqtisadiyyatla bağlı, ərazilərin bərpası ilə bağlı addımlarımızı ölçüb-biçilmiş şəkildə atmışıq və nəticələr də göz qabağındadır. Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir. Qeyd etdiyim kimi, beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, bizə olan maraq daha da artıb - həm hörmət, həm maraq. Bu marağı biz böyük investisiya layihələrində görürük. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi – bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək. Beləliklə, böyük həcmdə təbii qaza qənaət edib öz ixrac imkanlarımızı genişləndirə bilərik. Eyni zamanda, bu, digər investorlar üçün də hesab edirəm ki, çox önəmli bir məsələdir. Hazırda həm aparılan islahatlar, həm şəffaflıq, həm kadr islahatları nəticəsində, eyni zamanda, İkinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var. İş görmək, biznes əlaqələri qurmaq müraciətləri kifayət qədər çoxdur. Bu gün dünya miqyasında Azərbaycan nadir ölkələrdəndir ki, bu qədər marağı özünə cəlb edə bilib.

Bizim iqtisadi göstəricilərimiz də çox müsbətdir. Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Hazırda dünya, əgər belə demək mümkündürsə, postpandemiya dövrünə qədəm qoyur və bəlkə də “postpandemiya” sözünü işlətmək bir qədər tezdir. Amma hər halda, dünyadakı və Azərbaycandakı indiki vəziyyət buna işarə verir. Ona görə 6,8 faiz artan iqtisadiyyatımız hesab edirəm ki, böyük nailiyyət sayıla bilər. Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Bu rəqəmlər özlüyündə dediyim sözlərin təsdiqidir. Çünki iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır.

Xarici ticarət dövriyyəmiz 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə artıb. Əlbəttə, burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər artıb – 45 faiz. Bu da məhz aparılan islahatlar nəticəsində baş vermiş hadisədir. Mən başqa ölkələrlə Azərbaycanı heç vaxt müqayisə etməmişəm. Amma inanmıram ki, bir çox ölkələrdə buna oxşar statistika olsun. Əlbəttə, xarici ticarət dövriyyəmiz artıb və xarici dövlət borcumuz azalıb. Əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Yəni, biz bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik. Bu da xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində mümkün olmuşdur. Mən vaxtilə qarşıya vəzifə qoymuşdum ki, biz kreditlərin alınmasına çox böyük ehtiyatla yanaşmalıyıq. Eyni zamanda, dövlət şirkətləri hansılar ki, vaxtilə heç kimdən soruşmadan özbaşına müxtəlif kreditlər götürürdülər. Sonra da bu kreditləri qaytara bilməyəndə bu ödəniş dövlətin üzərinə düşürdü. Eyni zamanda, çox qeyri-şəffaf mənzərə müşahidə olunurdu. Buna da son qoyuldu. İndi heç bir dövlət qurumu hökumətin icazəsi olmadan bir manat kredit götürə bilməz. Hər götürülən kredit də hökumət tərəfindən təsdiqlənir və kreditləri biz ancaq vacib olan layihələrə cəlb etməliyik, yüksək texnoloji komponenti olan layihələrə, eyni zamanda, azad edilmiş torpaqlarda həyata keçirilən layihələrə. Digər layihələrə kreditlərin verilməsinə ehtiyac yoxdur. Məhz buna görə biz xarici dövlət borcumuzu həm mütləq rəqəmlərlə, həm ümumi daxili məhsula nisbətdə azaltmışıq. Təbii ki, ümumi daxili məhsul da artıb və hələ ki, mən rəqəm səsləndirmək istəmirəm. Amma hesab edirəm ki, əgər biz bu templərlə inkişafı davam etsək, ilin sonuna qədər çox əhəmiyyətli bir artım olacaqdır. Xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur. Yəni, bu, çox böyük rəqəmdir. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlir - bizim ixracımız idxalı üstələyir. Əlbəttə ki, ilin sonuna qədər əminəm bu rəqəm daha da artacaq. Həm makroiqtisadi sabitliyə bunun əvəzolunmaz təsiri var, eyni zamanda, valyuta ehtiyatlarımızın artması da göz qabağındadır. Üç ayda da valyuta ehtiyatlarımız artıb. Ona görə, bütün bu göstəricilərlə biz haqlı olaraq fəxr edə bilərik. Amma o demək deyil ki, biz bu nailiyyətlərlə kifayətlənməliyik. Yox. İndi dünyada proseslər mənfi istiqamətdə gedir. Toqquşmalar, müharibələr alovlanır və gələcəkdə sabitliyin təmin edilməsi ilə bağlı müxtəlif fikirlər var. Dünyada ərzaq qıtlığı ola bilər, ərzaq qiymətləri qalxır. Biz bu gün bu haqda da danışacağıq. Onu da bildirməliyəm ki, biz bütün bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq. Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik. Bəli, xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik. Bunu mən xüsusilə qeyd etmək istəyirəm. Çünki adətən belə qanlı müharibələrdən, belə dağıntılardan sonra, - Qarabağ və Zəngəzurda dağıntıların dünyada bənzəri yoxdur, heç İkinci Dünya müharibəsində bu qədər dağıntılar olmamışdı, - donor konfransları, beynəlxalq təşkilatlar yığışır və bərpa planı icra edilir. İndi yenə də İkinci Dünya müharibəsinin tarixçəsinə nəzər salmaq kifayətdir. O vaxt Marşal planı tətbiq edilmişdir. Əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi. Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə yardımı göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra. Hətta ölkələrin əksəriyyəti işğalı işğal kimi adlandırmaq istəmirdilər. Mənim yadımdadır, işğal dövründə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ikitərəfli formatda apardığımız danışıqlar əsnasında biz güc-bəla ilə, zorla ölkəmizin ərazi bütövlüyü prinsipini o bəyannamələrə saldırırdıq. Bir çoxları imtina edirdi. Halbuki bu, gün kimi aydın idi, kim işğalçıdır, kim işğala məruz qalan ölkədir. İkili standartlar, ədalətsizlik, bax, budur. Biz bunu bu gün də görürük, Rusiya-Ukrayna müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur. Bu, reallıqdır. Biz isə öz gücümüzlə yeni reallıq yaratmışıq və yaradırıq. Ona görə bir daha demək istəyirəm ki, mən hələ də ümid edirəm, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçiliklə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları bir nəzər yetirəcəklər. Ağdam Qafqazın Xirosimasıdır. Bunu mən yox, beynəlxalq mütəxəssislər deyir. Ağdam kimi bütün şəhərlər ermənilər tərəfindən yerlə-yeksan edilib. Biz heç kimdən bir manat almamışıq. Ancaq bu ədalətsizliklə barışmaq da olmaz. Mən hesab edirəm ki, bizim qurumlarımız, hökumət, Prezident Administrasiyası, nazirliklər, hərə öz xətti ilə bu məsələ ilə bağlı gərək ciddi fəaliyyət göstərsin. Yardım göstərmək istəmirlərsə, desinlər ki, biz sizə yardım etməyəcəyik. Biz də işimizi bilək. Yəni, müharibədən təxminən bir il yarım keçibdir. Bir fond belə bizə heç bir yardım göstərməyib. Minaların təmizlənməsi ilə bağlı - müharibədən sonra 200-dən çox insan ya həlak olub, ya da ki, ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq. Maşın, mexanizm almışıq, texnika almışıq, hətta dronlar almışıq ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç olmasa, bu sahədə bizə kömək göstərsinlər. Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar. Bir sözlə, bu mənzərə hər şeyi necə deyərlər, göstərir. Bu ilin üç ayında əldə edilmiş iqtisadi nailiyyətlər əminəm ki, ilin sonuna qədər davam edəcək. Çünki biz görürük ki, buna nail olmaq üçün imkanlar var. Beləliklə, biz bu ili də uğurla başa vuracağıq.

İndi isə bəzi məsələlərlə bağlı mən məlumat dinləmək istərdim. Birincisi, indi ilin üç ayı arxada qaldı, büdcənin icrası ilə bağlı vəziyyət nə yerdədir, maliyyə naziri məlumat versin.

Maliyyə naziri Samir Şərifov: Möhtərəm cənab Prezident, hörmətli müşavirə iştirakçıları.

2022-ci ilin birinci rübünün nəticələri 2021-ci il ərzində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin davam etdirilməsi kimi qiymətləndirilə bilər. Ötən ilin sosial-iqtisadi yekunları göstərmişdi ki, Vətən müharibəsində böyük Qələbədən sonra Azərbaycan çox tez bir zaman kəsiyində öz qüvvələrini səfərbər edərək iqtisadiyyatda böyük irəliləyişə nail olmuşdur. Belə ki, ötən ilin ümumi daxili məhsulu üzrə nəzərdə tutulan artım artıqlaması ilə icra edilmişdir, yəni, 2,2 faiz artıq, 3,4 faizin əvəzinə 5,6 faiz. Bu ildə də biz bu tendensiyanın davamını görürük. Həmin bu müsbət meyillər dövlət büdcəsinin cari ilin birinci rübündəki göstəricilərində də özünü büruzə vermişdir. Birinci rübdə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3 faiz və yaxud 418 milyon manat artıqlaması ilə icra olunmuşdur və dövlət büdcəsinin gəliri 7 milyard 10 milyon manat təşkil etmişdir.

Onu da qeyd etmək istərdim ki, daxilolmalar üzrə proqnoz göstəriciləri Dövlət Vergi Xidməti üzrə 539 milyon manat və yaxud 23,8 faiz, Dövlət Gömrük Komitəsi xətti ilə isə 236 milyon manat və yaxud 23,7 faiz üstələməklə icra edilmişdir. Sosial sığorta haqları üzrə isə 961 milyon manat proqnoza qarşı 1 milyard 41 milyon manat icra təmin edilmişdi. Qeyd etməliyəm ki, Dövlət Vergi Xidməti üzrə proqnozların artıqlaması ilə icra edilməsinin böyük hissəsi, yəni, 90 faizə yaxın hissəsi qeyri-neft sektoru üzrə gəlirlərin artması ilə bağlıdır. Ümumiyyətlə, qeyri-neft sektorundan gəlirlər birinci rübdə 80 faizdən yuxarı, ümumi daxilolmaların, vergi üzrə ümumi daxilolmaların 80 faizdən yuxarı hissəsini təşkil etmişdir. Belə vəziyyətdə Dövlət Neft Fondunun dövlət büdcəsinə nəzərdə tutulan transfertləri 3 milyard 180 milyon manata qarşı 2 milyard 757 milyon manat icra olunmuşdur, yəni, 423 milyon manat az. Bu da onunla bağlıdır ki, dövlət büdcəsinin icra göstəriciləri olduqca yüksək idi.

Möhtərəm cənab Prezident, onu da qeyd etməliyəm ki, birinci rüb üzrə büdcənin xərclərinin icrası adətən o qədər yüksək olmur. Amma cari ildə bu, 99 faiz olmuşdur. Hətta belə bir yüksək icra səviyyəsi şəraitində dövlət büdcəsinin gəlirlərinin bir tərəfdən fiskal orqanlar tərəfindən artıqlaması ilə yerinə yetirilməsi, digər tərəfdən isə Dövlət Neft Fondundan 423 milyon manat məbləğində vəsaitin alınmaması şəraitində dövlət büdcəsinin profisiti 1 milyard 380 milyon manat təşkil etmişdir. Bu, olduqca gözəl bir göstəricidir. Dövlət büdcəsinin xərcləri, qeyd etdiyim kimi, həmin dövr üzrə 5 milyard 630 milyon manat və yaxud 99 faiz icra edilmişdir. Əsas dövlət vəzifələri, dövlətin büdcədən maliyyə yardımları və digər proqramlarının maliyyələşdirilməsi tam təmin olunmuşdur və dövlət büdcə təşkilatları tərəfindən xəzinədarlıq orqanlarına təqdim etdiyi büdcə sifarişləri tam icrasını tapmışdır.

Qeyd etmək istərdim ki, Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən ayrılmış vəsait 2,2 milyard manatdır, birinci rüb ərzində 346 milyon manat, yaxud 16 faizə yaxın hissəsi artıq icra olunmuşdur. Dövlət əsaslı vəsait qoyuluşu proqramının icrası da təxminən eyni faiz nisbətində təmin edilmişdir. Möhtərəm cənab Prezident, Sizin tapşırıqlarınızın icrası təmin olunmuşdur.

Ərzaq təhlükəsizliyi proqramı çərçivəsində, əsasən də dünyadakı ərzaq problemləri ilə əlaqədar cari ilin birinci rübündə 220 milyon manat vəsait ayrılmışdır. Bu da kənd təsərrüfatı sahəsinə müəyyən əkin subsidiyalarının verilməsi ilə bağlıdır. Büdcənin icrası ilə bağlı bu qədər.

Prezident İlham Əliyev: Aydındır. İndi xarici dövlət borcumuzun gələcək parametri ilə bağlı məlumat verin. Çünki mən qeyd etdim ki, strategiya var və uğurla icra edilir. 12,5 faiz o rəqəmdir ki, hər bir ölkə bu rəqəmlə fəxr edə bilər. Amma bilirsiniz, mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizindən çox olmasın. Yəni, biz buna yaxınlaşırıq. Bununla paralel olaraq, biz, əlbəttə, kreditlər də götürməliyik, bundan tam imtina etməməliyik. Ona görə, builki vəziyyət haqqında məlumat verin. Bu il dövlət büdcəsində xarici borcun qaytarılmasına nə qədər vəsait nəzərdə tutulur, təxminən nə qədər kredit alınacaq və növbəti illər üçün strategiyanın qısamüddətli parametrləri nədən ibarət olacaq? Bu barədə məlumat verin.

Samir Şərifov: Möhtərəm cənab Prezident, qeyd etmək istərdim ki, Sizin 2018-ci il 24 avqust tarixli Sərəncamınızla təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyanın icrası davam etdirilməkdədir. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbətinin 10 faizə çatdırılması istiqamətində Sizin qarşımızda qoyduğunuz işlər davam etdirilir. Bu istiqamətdə vacib məsələlərdən biri də ümumi dövlət borcunun, yəni, xarici və daxili dövlət borcundan ibarət olan dövlət borcunda xarici valyutada ifadə edilmiş borcun məhz Siz dediyiniz həmin istiqamət nəzərə alınmaqla tədricən azaldılması və eyni zamanda, daxili dövlət borcunun xüsusi çəkisinin borc portfelində artırılması istiqamətində işlər görülür. Strategiya qəbul edilən zaman həmin nisbət 94 faiz idi, yəni, 94 faiz xarici dövlət borcunun payına düşürdü. Hazırda isə bu, 82 faizə endirilmişdir. Bu da onunla bağlıdır ki, daxili borcun xüsusi çəkisi artmışdır. Daxili dövlət borcunun, yəni, daxili maliyyə bazarlarının inkişaf etdirilməsi üçün biz bazara daha çox dövlət qiymətli kağızları, dövlət istiqrazlarını təklif edirik və strategiyanın qəbul edildiyi müddət ərzində həmin borc bazarda 3,2 faiz artmışdır. Hazırda 2,5 milyard manat təşkil edir və proqram davam etdirilməkdədir.

Şübhəsiz ki, dövlət büdcəsinin icrasının göstəriciləri yaxşı olduqda, yəni, fiskal orqanlar profisitlə təmin etdikdə büdcə kəsiri yaranmır və nəticə etibarilə biz bir o qədər daxili borcu buraxmırıq. Amma bu proqram davam etdiriləcəkdir.

Möhtərəm cənab Prezident, Sizin bu yaxınlarda imzaladığınız Sərəncama əsasən, ümumi dövlət borcunun ortamüddətli dövrdə ÜDM-in 20 faizi səviyyəsində saxlanılması, xarici dövlət borcunun ortamüddətli dövrdə 15 və uzunmüddətli dövrdə 10 faizə endirilməsi nəzərdə tutulub.

Bu gün vacib məsələlərdən biri də bizim borclanma strategiyamızdır - biz nə qədər əlavə borc götürəcəyik. Möhtərəm cənab Prezident, eyni zamanda, Sizin bu yaxınlarda imzaladığınız Sərəncamla Azərbaycan Respublikasının büdcə qaydası üzrə müəyyən göstəricilərin, ilk növbədə, qeyri-neft baza kəsiri üzrə nisbətlərinin təsdiq edilməsi bizim üçün müəyyən çərçivəni formalaşdırır. Həmin çərçivə əsasında ümumi borclanma növbəti üç il üçün 4,3 milyard manat məbləğində nəzərdə tutulur. Yəni, buraya borcun yenidən maliyyələşdirilməsi daxil edilmir. Biz borcun yenidən maliyyələşdirilməsini də daxil etsək, söhbət 8,3 milyard manat həcmində borcun cəlb edilməsindən gedir. Yeni cəlb ediləcək borcun 1,3 milyard manatlıq hissəsini bu günədək imzalanmış kreditlər üzrə əldə edəcəyimiz vəsaitlər təşkil edəcək. Yəni, bunlar müəyyən layihələr üzrə imzalanıb, lakin bu kreditlərin tam istifadəsi hələ ki, təmin olunmayıb. Yeni borc 3 milyard manat məbləğində nəzərdə tutulub.

Möhtərəm cənab Prezident, onu da qeyd etmək istərdim ki, bizim bugünkü ümumi daxili məhsul üzrə göstəricilərimiz kifayət qədər yüksəkdir. Bu ilin sonuna gözlənilən nəticələr də nəzərə alınmaqla, növbəti illər üzrə İqtisadiyyat Nazirliyi tərəfindən mart ayında bizə artıq yeni ortamüddətli proqnozlar təqdim edilmişdir. Bu proqnozlar nəzərə alınmaqla, hesab edirik ki, borclanma üzrə əlavə imkanlarımız ola bilər.

Cənab Prezident, Siz qeyd etdiyiniz kimi, bizə bu gün kifayət qədər böyük həcmlərdə borc vermək niyyətində olan beynəlxalq qurumlar var. Sizin müəyyən çıxışlarınızdan sonra Avropa İttifaqı artıq 2 milyard avro məbləğində borcun bizə verilməsi barədə niyyətlərini bildirib. Bu borcu iki bank vasitəsilə - Avropa Yenidənqurma və İnkişaf Bankı, eyni zamanda, Avropa İnvestisiya Bankı vasitəsilə verməyə hazırdırlar. Digər tərəfdən, başqa beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı yenidənqurma işlərində təcrübələri çox olduğuna görə öz kredit xətlərini bizə təklif edirlər. Asiya İnkişaf Bankı da Azərbaycan hökumətinin təqdim etdiyi proqramlar əsasında kifayət qədər böyük həcmlərdə borc ayırmağa hazırdırlar. Burada, belə desək, “top bizim tərəfdədir”. Hansı layihələri seçməyimizdən asılı olaraq, Sizin qarşımızda qoyduğunuz borc çərçivəsi daxilində biz bu vəsaitləri cəlb edə bilərik.

Prezident İlham Əliyev: Burada hədəflər aydındır. Mən də bir daha demək istəyirəm, xarici borcumuzu ümumi daxili məhsula nisbətdə 10 faiz səviyyəsinə endirməliyik. Buna yaxınlaşmaq üçün siz gərək təkliflər verəsiniz, biz nə qədər almalıyıq və nə qədər qaytarmaq məcburiyyətindəyik. Avropa İttifaqının kredit vermə təklifləri, əlbəttə ki, müsbət haldır. Çünki bildiyiniz kimi, müharibə başa çatandan sonra Ermənistan üçün kredit və qrant paketi təqribən 2,6 milyard avro səviyyəsində idi. Azərbaycana isə cəmi 140, ya 160 milyon. Əlbəttə ki, biz buna səssiz qala bilməzdik. Müsbət haldır ki, Avropa İttifaqı Azərbaycana da 2 milyardlıq paket elan edib. Mən bunu çox müsbət hal kimi qiymətləndirirəm. Ancaq, eyni zamanda, mən o təkliflərə də baxdım. Elə layihələr var ki, o layihələri biz borc götürmədən icra edə bilərik, təbii ki. Ancaq bununla yanaşı, bizim istəyimiz və ədalətli mövqeyimiz ondan ibarətdir ki, Ermənistana hansı şərtlərlə bu borc və ya qrant verilirsə, bu, bizə də eyni şərtlərlə təklif edilməlidir. Biz bundan istifadə edəcəyik, yoxsa etməyəcəyik, bu, başqa məsələdir. Ancaq yanaşma eyni olmalıdır. Xüsusilə nəzərə alsaq ki, Ermənistanda dağıntılara məruz qalmış bir koma da yoxdur. Azərbaycanda isə 10 min kvadratkilometr ərazidə bir salamat bina yoxdur. Mən bunu heç vaxt kənara qoya bilmərəm. Ona görə bu da nəzərə alınmalıdır. O ki qaldı, aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımıza, mən bilirəm ki, bu yaxınlarda Dünya Bankının missiyası gəlmişdi. Mənə Baş nazir məruzə etmişdi. Onların təklifləri var. Əlbəttə ki, ənənəvi tərəfdaşlarımız Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı. Avropa İnvestisiya Bankı nisbətən təzə gəlib Azərbaycan bazarına. Birinci onların layihəsi qaz infrastrukturu ilə bağlı idi. Bir də Asiya İnfrastruktur və İnkişaf Bankı ilə də bizim əlaqələrimiz inkişaf edir. Biz o ölkələrdənik ki, bu bankın təsisçisi kimi iştirak etmişik və səhmdarıq orada. Hesab edirəm ki, biz dünyanın bu əsas maliyyə qurumları ilə işləməliyik. Sadəcə olaraq, biz bu strategiyanı vaxtaşırı təftiş etməliyik ki, daha da çox borc götürək, az götürək, çox qaytaraq, az qaytaraq. İndi siz buna baxın və təkliflər verin.

Xarici borcla bağlı başqa hansısa fikirlər var, məlumat vermək istəyən var? Buyur.

Samir Şərifov: Möhtərəm cənab Prezident, mən təkcə bir şeyi qeyd etmək istərdim ki, Dünya Bankı üzrə bunlar bu gün bizə xüsusi şərtlər təklif edirlər. Biz onlarla növbəti ilin ortalarına qədər tam razılığa gəlsək, o şərtləri əldə edə bilərik.

Prezident İlham Əliyev: Yəni, güzəştli şərtlər.

Samir Şərifov: Güzəştli şərtlər. Yəni, onlar bizim Qarabağın yenidən qurulması proseslərini nəzərə alaraq, belə bir qərar qəbul ediblər ki, bizə güzəştli şərtlərlə kreditlər verə bilərlər.

Prezident İlham Əliyev: Ondan istifadə etməliyik.

Samir Şərifov: Bəli. Siz tamamilə düzgün qeyd etdiyiniz kimi, bu şərtlər çərçivəsində bizə lazım olan layihələri seçə bilərik. Yəni elə layihələr var ki, məsələn, avtomobil yollarının tikintisi, biz onlara xarici komponentli valyutanı cəlb etməməliyik. Amma biz layihələri seçərkən istənilən halda valyuta xərclərimizi nəzərə almalıyıq. Yəqin ki, bu məqsədlər üçün biz vəsait cəlb edə bilərdik.

Prezident İlham Əliyev: Bir də dünyanın aparıcı maliyyə qurumları özəl sektora da kreditlər ayırırlar. Hesab edirəm ki, daha da böyük məbləğ ayıra bilərlər. Onlarla təmaslar əsnasında bu məsələ həmişə müzakirə edilməlidir. Çünki mən bilirəm ki, misal üçün, qeyd etdiyim bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının tikintisinə də aparıcı maliyyə qurumları kredit ayırırlar. Bizə yox, investorlara, xarici investorlara. Ona görə yerli şirkətlərə, yerli sahibkarlara da onların kreditlərinin ayrılması zəruridir. Düzdür, bizim özümüzün mexanizmimiz var və İqtisadiyyat Nazirliyi bu işləri təşkil edir. Ancaq burada özəl sektora, misal üçün, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, digər bankların daha da böyük həcmdə kreditlərinin verilməsinə mütləq baxmaq lazımdır.

Hər kəs yaxşı bilir ki, hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay bundan əvvəl başlamışdır. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq. Bizim ərzaqlıq buğda ilə təminatımız, əlbəttə ki, diqqət mərkəzində olmalıdır. Hökumətə bu məsələ ilə bağlı göstəriş verilmişdir. Operativ tədbirlər görülüb və ehtiyatlar yığılır. Biz daha çox ehtiyat yığmalıyıq. Ancaq, eyni zamanda, bilməliyik ki, belə vəziyyət uzun müddət ərzində davam edə bilər və yəqin ki, davam edəcək. Ona görə burada, ilk növbədə, daxili təminatımız artmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verildi. Həm azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verildi, həm də digər bölgələrdə. Əlbəttə ki, burada suvarma layihələrinin uğurla icrası böyük nəticələrə gətirib çıxara bilər. Amma hər halda indiki şəraitdə ərzaq qiymətlərinin qalxması və süni qiymət artımının qarşısının alınması məsələləri, hesab edirəm ki, ən vacib məsələlərdən biridir. Bu məsələ ilə bağlı vəziyyət nə yerdədir? İqtisadiyyat naziri məlumat versin.

İqtisadiyyat naziri Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, bu istiqamətdə Sizin müvafiq tapşırıqlarınıza və hökumət tərəfindən verilən müvafiq qərarlara uyğun olaraq, biz müvafiq strukturlarla birlikdə fəaliyyətimizi əlaqəli şəkildə qurmuşuq. Bu fəaliyyət üç istiqamətdən ibarətdir. Birincisi, daimi monitorinq mexanizmləri mövcuddur və biz gündəlik əsasda ərzaq, un, şəkər tozu və bir sıra digər məhsullar üzrə gündəlik anbar qalıqlarını sahibkarlıq subyektləri və dövlət agentləri ilə birlikdə monitorinq edirik. İkinci istiqamət qanunvericilik tənzimlənməsidir. Bununla bağlı bir sıra qərarlar, son olaraq Nazirlər Kabinetinin qərarı qəbul edilibdir. Biz hazırda belə bir rejim tətbiq edirik ki, o balans təmin etsin. Başqa sözlə, Azərbaycanda istehsal olunmayan və bizim idxaldan asılılığımız yüksək olan məhsulların ölkədən ixracı xüsusi nəzarət rejimi ilə həyata keçirilir. Eyni zamanda, sahibkarlıq subyektlərinin ixrac potensialının azalmaması və ixrac bazarlarının itirilməməsi üçün biz ölkədə istehsal olunan və yaxud istehsal potensialı olan məhsullara dair analoji şəkildə həmin çərçivədə fəaliyyəti tənzimləyirik ki, bu fəaliyyət də uyğun olaraq həyata keçirilə bilsin.

Nəhayət, üçüncü istiqamət sahibkarlıq subyektləri ilə fəaliyyətimizdir. Burada da dövlət tərəfindən aidiyyəti təşviq mexanizmləri tətbiq edilir. Xüsusilə mən ən son məlumat olaraq vurğulamaq istəyirəm ki, Baş nazirin 5 aprel tarixli müvafiq tapşırığına uyğun olaraq 115 milyon manat vəsaitin sahibkarlıq subyektlərinə yumşaq təşviq kreditləri kimi ayrılması istiqamətində və həmçinin strateji ərzaq məhsullarının pandemiya dövründə uğurla istifadə olunan mexanizmi Sizin müvafiq tapşırığınıza uyğun olaraq xatırlayarsınız ki, bir sıra sahibkarlıq subyektlərinin kredit borclarının, faizlərinin ödənilməsində dövlət subsidiyaları ayrılmışdı və analoji mexanizmdən istifadə edərək biz bunu edirik. Bunun məntiqi nədən ibarətdir? Aşağıdakı kimidir: daimi ehtiyatları təmin etmək məqsədilə sahibkarlar tərəfindən həmin ehtiyatların mal qalıqlarının artırılması tələb olunur. Bu da öz növbəsində onlar tərəfindən daha çox dövriyyə kapitalına ehtiyac yaranır. Biz belə çevik mexanizmlərlə işləyirik ki, bir tərəfdən sahibkarların maraqlarına toxunulmasın, digər tərəfdən dövlət qarşısında duran vəzifələr tam həcmdə yerinə yetirilsin.

Möhtərəm cənab Prezident, sualınızla bağlı son olaraq onu da qeyd etmək istəyirəm ki, 2020-ci ilin əvvəlində, pandemiyanın ilk günlərindən biz əsas təchizatçı ölkələrin bir çoxunda məhsul ixracının qadağan olunmasını, ərzaq məhsullarında bəzi malların olmamasını digər ölkələrdə müşahidə etmişik. Azərbaycanda istər o dövrdə, istərsə də, indiki dövrdə bu istiqamətdə hesab edirik ki, qənaətbəxş nəticələr əldə olunubdur.

Müvafiq tapşırıqlarınıza və mövcud vəziyyətə uyğun olaraq, ərzaq qiymətləri təbii ki, başqa bir prioritetimizdir. Bununla bağlı antiinflyasiya tədbirləri haqqında imzalanmış müvafiq qərara əsasən fəaliyyət həyata keçirilir. Bu gün münaqişədə, müharibədə olan hər iki dövlət Azərbaycan üçün ərzağın həm ixracı, həm də idxalı nöqteyi-nəzərindən vacib tərəfdaş olduğuna görə, biz çalışırıq ki, bu prosesləri də əlaqələndirilmiş şəkildə quraq.

Məruzə etmək istəyirəm ki, Azərbaycan cari ilin ilk rübündə daxili bazarı tam təmin etməklə yanaşı, müxtəlif ölkələrə 60 min ton müxtəlif çeşidli meyvələr, 37 min ton tərəvəz, 12 min ton şəkər, 3,5 min ton meyvə-tərəvəz emalı məhsulları ixrac etmişdir. Digər tərəfdən isə, biz həmin struktur asılılığımız olan məhsullar üzrə idxalın sadələşdirilməsi üçün artıq sadaladığım tədbirləri həyata keçiririk.

İnflyasiyanın təbii olaraq Mərkəzi Bankla və digər aidiyyəti strukturlarla birlikdə aradan qaldırılması üçün qısamüddətli tədbirlərlə yanaşı, hesab edirik ki, orta və uzunmüddətli tədbirlərə də dair addımlar atıla bilər. Qaldırılan məsələlərin müsbət həllinə görə, xüsusilə də kiçik və orta sahibkarlığa, ərzaq istehsalçılarına güzəştli dövlət maliyyələşməsinin təmin edilməsində kapital yardımının göstərilməsində verdiyiniz dəstəyə görə fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istərdim.

Prezident İlham Əliyev: Mənə verilən məlumata görə, son üç ayda inflyasiya 18 faizə qalxıb. Bu, əlbəttə ki, yüksək rəqəmdir. Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir. Ancaq, eyni zamanda, onu da bildirməliyəm ki, üç ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış olur. Ancaq o demək deyil ki, biz buna laqeyd yanaşmalıyıq. Ona görə antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir. Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir. Ərzaq təminatı ilə bağlı sənin bir sözün var?

Baş nazir Əli Əsədov: İnflyasiyanı iki hissəyə bölmək olar. Yəni, söylədiyiniz 18 faiz ərzaq inflyasiyasıdır. Ümumi inflyasiyamızın göstəricisi üç ay ərzində 12,2 faizdir. İnflyasiyanın tərkibində idxal olunan ərzaq məhsulları 60 faizdən artıqdır. Bunun səbəbini də Sizin tərəfinizdən verilən tapşırığa uyğun olaraq iqtisadiyyat naziri ardıcıllıqla dedi. Siz o məqamı ki, dediniz, bu situasiyalarda çox vaxt qiymətlərin şişirdilməsi və sui-istifadə halları var. İlin əvvəlindən, biz subsidiyaları çörək üçün saxlayan dövrdə xalq arasında “zavod çörəyi” deyilən çörəklərin 5 qəpik artırılan qiymətlərindən sonrakı proseslər monitorinq olundu və indiyə qədər davam etdirilir və sahibkarlar da bunu bilir. Bu proseslər ciddi şəkildə nəzarətdədir. Ehtiyatlarla əlaqədar iki vacib məqamı icazənizlə qeyd edim.

Hələ pandemiya dövrünün başlanğıcında, mart ayından başlayaraq Sizin tapşırığınızla bu proseslər əsasən, ərzaq məhsulları və digər defisit məhsullar, o cümlədən respublikanın dərmanlar və tibb ləvazimatları ilə təchiz olunması istiqamətlərində aparıldı. İctimaiyyət də bilir, cənab Prezident, Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar qiymətlər, taxılın qiyməti ən pik həddə qaldırıldı. Söhbət ancaq heç qiymətdən də getmir. Söhbət ondan gedir ki, bu gün ərzaq taxılı idxal etməyin öz prosesi var. Siz dediyiniz kimi, Ukrayna və Rusiyanın dünya taxıl istehsalında aparıcı rollarını, Ukraynada bu il çətinliklər olacağını nəzərə alaraq bu ehtiyatları artırırıq. Bir məqamı da demək istəyirəm. Sizin tapşırığınızla yerli istehsal, idxaldan asılılığın azaldılması istiqamətində də konkret layihələr hazırlanır və burada foksda olan tədbirlər yaxın dövrdə təqdim olunacaq. Siz bu gün Qarabağda, işğaldan azad olunmuş ərazilərdə əkini dediniz və bizim digər böyük təsərrüfatlarda da bu iş gedir.

Cənab Prezident, Mikayıl Cabbarov dedi, hər məhsul üzrə monitorinq aparılır, əsasən də minimum istehlak bazarına daxil olan, əhali tərəfindən gündəlik istifadə olunan 12 əsas məhsulun həm qiymət baxımından, həm anbarlarda, respublikada olan ehtiyatlar baxımından günbəgün monitorinqi aparılır. Təbii olaraq, bu gün elə bir dövr gəlib ki, ölkələrin çoxu ancaq özlərinin təminatı ilə ilk prioritet edirlər. Bunları nəzərə alaraq, biz də, ilk növbədə, öz daxili ehtiyatlarımıza baxırıq. Əgər artıq yerli istehsal, planlar varsa, onlara ixrac verirlər və sahibkarların İqtisadiyyat Nazirliyinə müraciətinə əsasən beş gün ərzində operativ qaydada bunlara baxılır. Yəni, deyə bilərəm ki, bu gün Azərbaycanda əsas ərzaq məhsulları üzrə kifayət qədər ehtiyatlarımız var.

Prezident İlham Əliyev: Aydındır. Bu məsələ ilə bağlı danışarkən, biz, ilk növbədə, ərzaqlıq buğdanın istehsalını artırmalıyıq. Əlbəttə ki, ehtiyatları yığmalıyıq. Çünki bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və altı ay keçməmiş biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq. Bu, çox yaxşı nəticədir. Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə, suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır.

Bizim şəhid ailələri, müharibə əlilləri üçün inşa etdiyimiz evlərin, mənzillərin sayı artır. Bu, həm işğal dövründə prioritet məsələlərdən biri idi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər öz həllini tapır. Burada məsələ qoyulmuşdur ki, şəhid ailələrinin - həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələləri tezliklə öz həllini tapsın. Bu istiqamətdə bu il və keçən il önəmli addımlar atılmışdır. Əmək və əhalinin sosial müdafiəsi naziri məlumat versin, bu işlər nə yerdədir və ilin sonuna qədər hansı işlərin görülməsi nəzərdə tutulur?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev: Möhtərəm cənab Prezident, Sizin ali rəhbərliyiniz ilə Azərbaycan Ordusunun Qələbəsi nəticəsində ərazilərimizin işğaldan azad olunmasından sonra həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də müharibədə iştirak edən və həyatını itirən şəhidlərimizin ailə üzvlərinə, öz sağlamlığını itirən müharibə əlillərimizə, eyni zamanda, müharibə iştirakçılarına dövlət dəstəyinin genişləndirilməsi idi. Bu istiqamətdə Sizin tapşırıqlarınıza uyğun olaraq tədbirlər bir neçə sahə üzrə aparılmışdır. İlk növbədə, sosial ödənişlərin təminatı üzrə 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunmuşdur. Burada həm şəhid ailəsi üzvləri, həm müharibə əlilləri, eyni zamanda, müharibə veteranları da əhatə edilmişdir. Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, Sizin müvafiq fərman, sərəncamlarınızla 2021-ci ilin əvvəllərində bu kateqoriyadan olan insanlara ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 60 faizədək artırılmışdır. Bu ilin əvvəlindən isə əlilliyə görə aldıqları sosial müavinətlər də 60 faizədək artırılmışdır. Ümumilikdə qeyd etdiyim kimi, 93 min şəxsə 103 min sosial ödəniş təyin olunmuşdur.

Digər bir istiqamət məşğulluq sahəsinə dəstək tədbirləri olmuşdur. Bu çərçivədə 11 min şəhid ailəsi üzvü və müharibə əlilinə məşğulluq tədbirləri görülmüşdür. Onların yarısı özünüməşğulluq proqramlarına cəlb edilmiş və bu çərçivədə onlara kiçik ailə təsərrüfatının qurulması imkanı yaradılmışdır. Digər bir istiqamət isə işədüzəltmə, münasib işlə təminetmə proqramı olmuşdur ki, burada da məşğulluq marafonu çərçivəsində, xüsusilə sahibkarlarımızın bu proqrama aktiv qoşulması nəticəsində yaradılmış vakansiyalara iki mindən artıq şəhid ailəsi üzvü və müharibə əlilləri cəlb edilmişdir. Bu proqramın ən önəmli istiqamətlərindən biri Sizin vurğuladığınız kimi, mənzil təminatı məsələləri idi. Ötən il üç minədək mənzil məhz şəhid ailələri və müharibə əlillərinə təqdim olundu. Cari ilin birinci rübündə də 200 mənzil bu kateqoriyadan olan insanlara təqdim edildi. İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin təqdim olunması planlaşdırılıb. Bu çərçivədə yaxın dövrlərdə növbəti yaşayış kompleksinin açılışı planlaşdırılır ki, ondan sonra bu proses daha da sürətlənəcəkdir.

Cənab Prezident, xüsusi olaraq vurğulayım ki, son üç il ərzində Sizin fərman-sərəncamlarınızla 6300 mənzil məhz bu kateqoriyadan olan insanlara təqdim olunub. Ümumilikdə müstəqillik dövrümüzdə bu rəqəm 12 min 500 mənzildir. Bunun 6300-ü məhz son üç ilin genişləndirilmiş proqramı çərçivəsində icra edilib ki, ilin sonunadək əlavə 1300 mənzilin də təqdim olunması, əlbəttə, bu kateqoriyadan olan insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün çox önəmlidir.

Digər bir istiqamət də reabilitasiya məsələləri idi. Bu çərçivədə müharibədə yaralanmış 8 min əsgərimizə nazirlik tərəfindən 23 min reabilitasiya xidməti göstərilib. Bunu xüsusi olaraq vurğulamaq istərdim ki, əzalarını itirən 190 qazimiz bu günədək dördüncü nəsil 200 elektron protezlə təchiz edilib. Əlavə olaraq, müharibədə yaralanmış 3 minədək əsgərimizə 16 min reabilitasiya vasitəsi təqdim olunub. Bu proses də uğurla icra olunur və davamlı şəkildə həyata keçiriləcəkdir. Ümumiyyətlə, Vətən müharibəsində iştirak edib əzalarını itirən cəmi 6 qazimiz qalıb ki, onlar protezlə təmin olunmayıblar. Bunun da səbəbi onların müalicə proqramıdır. Çünki müalicənin müəyyən bir nöqtəsindən sonra məhz protezləşməyə təqdim oluna bilərlər. Bu sahədə işlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün ötən ilin yayında Sizin verdiyiniz Fərmana uyğun olaraq, avqust ayından etibarən Vahid Əlaqələndirmə mərkəzləri yaradılmağa başlandı - həm DOST mərkəzlərində, həm də Dövlət Sosial Müdafiə Fondunun regional filiallarında. Bu günə artıq Bakı şəhəri və 33 rayonumuz Vahid Əlaqələndirmə Mərkəzi ilə əhatə olunub. Yaxın iki ay ərzində 15 rayonu birləşdirən daha üç mərkəz də yaradılacaq. Ümumiyyətlə, ötən 6 aylıq dövr ərzində bu mərkəzlərdə 26 min vətəndaşımız - şəhid ailəsi üzvü, müharibə əlili qəbul edilib və onlara 6 müxtəlif mərkəzi icra hakimiyyəti orqanının və yerli icra hakimiyyəti orqanlarının göstərdiyi 26 xidmət mərkəzləşdirilərək bu çərçivədə təqdim olunur.

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Dövlətimizin başçısı müşavirəyə yekun vurdu.

Prezident İlham Əliyevin yekun nitqi


-Bu ilin sonuna qədər görüləcək bəzi işlər haqqında danışmalıyıq. Mən bu gün ancaq Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlərlə bağlı, planlarımız haqqında deyəcəyəm. Çünki bütün ölkə üzrə görüləcək işləri dilə gətirsəm, çox vaxt lazım olacaq. Ölkə üzrə bütövlükdə investisiya proqramının icrası nəticəsində işlər plan üzrə gedir və hər bir bölgədə vətəndaşlar bunu görürlər. Bir çox layihələr vətəndaşların məktubları əsasında icra edilir. Vətəndaşları narahat edən məsələlərlə bağlı onlar müraciət edirlər, həm mənə, həm də Prezident Administrasiyasına, hökumətə, aidiyyəti qurumlara və hər bir müraciət diqqətlə əhatə olunur. Ona görə investisiya proqramımızı tərtib edərkən, əlbəttə ki, yerlərdən gələn təkliflərə üstünlük verilir.

O ki qaldı, Qarabağ və Şərqi Zəngəzurdakı işlərə, orada hələ ki, heç kim yaşamır. Ona görə biz orada görüləcək işləri mərkəzləşdirilmiş qaydada etməliyik və edirik. Keçən il genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verildi, böyük infrastruktur layihələri icra edildi. Mən bu gün onların hamısını sadalasam, yenə də çox vaxt gedəcək.

Bu ilin sonuna qədər və növbəti bir-iki il ərzində görüləcək işlərlə bağlı öz tapşırıqlarımı bir daha vermək istəyirəm. Birincisi, şəhərlərin Baş planları ilə bağlıdır. Bizim hazırda Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Artıq mən işlərin gedişatı ilə tanış olmuşam. Digər şəhərlərin Baş planlarının təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir. Çünki burada da qeyd olundu, 2,2 milyard manat vəsait nəzərdə tutulur. Amma birinci rübdə cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə olundu. Əlbəttə ki, Baş planlar təsdiq olunandan sonra biz ancaq praktiki işlərlə məşğul olacağıq. Mən, ilk növbədə, yaşayış binalarının inşasını nəzərdə tuturam. Çünki digər infrastrukturla bağlı layihələr icra edilir. Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu, bizim üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan biz vətəndaşları o bölgələrə yerləşdirə bilmərik. Ancaq tam əmin olandan sonra ki, o ərazilər minalardan təmizlənib, biz vətəndaşları o ərazilərə yerləşdirə bilərik.

Qeyd etdiyim kimi, yeni texnikanın alınması təmin edilir, o cümlədən ən müasir texnika, dronlar və digər müasir cihazlar alınır. Burada, əlbəttə ki, beynəlxalq mütəxəssislərin dəstəyinə böyük ehtiyac var. Bizim indi üç qurumumuz - ANAMA, Müdafiə Nazirliyinin bölmələri və Fövqəladə Hallar Nazirliyi minatəmizləmə işləri ilə məşğuldurlar. Əlbəttə ki, bir müddət bundan əvvəl yerli şirkətlərin buraya cəlb olunması məsələsi müzakirə edilmişdir və bildiyimə görə, yerli şirkətlər də bu işlərə qoşulur. Çünki bu təşəbbüs həm sahibkarlığın inkişafına təkan verəcək, - əfsuslar olsun ki, ölkəmizdə minatəmizləmə prosesi uzunmüddətli olacaq, - eyni zamanda, yerli şirkətlər burada təcrübə toplayıb öz xidmətlərini təqdim edə bilərlər. Xarici şirkətlərə gəldikdə, onların təklifi, əlbəttə ki, bu günə qədər qiymət baxımından bizim üçün o qədər də məqbul olmayıb. Çünki yerli şirkətlərin verdikləri qiymətlə xarici şirkətlərin verdikləri qiymətlər arasında dəfələrlə fərq var. Ona görə mən hesab edirəm ki, üç dövlət qurumu ilə bərabər, yerli şirkətlər nə qədər çox yaransa, o qədər yaxşıdır. Bir də ki, dövlət xətti ilə ən müasir maşın və mexanizmlərin alınması da təmin edilməlidir.

Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində. Mənfur düşmən torpaqlarımızı tərk edərkən 30-dan çox elektrik stansiyasını dağıdıb, yandırıb, o stansiyaların qalıqları orada qalıbdır. Xüsusilə Kəlbəcər, Laçın rayonlarında olarkən bunu hər kəs görə bilər. Biz keçən il bu stansiyaların bərpasına başlamışıq. Bu il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq. Ancaq qalan stansiyaların bərpası və ondan sonra işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar. Çünki əlbəttə, dövlət də bu işi öz üzərinə götürə bilər, ancaq dövlətin digər başqa xərcləri çoxdur – bu, birincisi. İkincisi, bu, sahibkarlar üçün də əlverişli investisiya ola bilər. Nəzərə alsaq ki, azad edilmiş bütün bölgələr bu gün Azərbaycanın digər bölgələri ilə elektrik xətləri ilə birləşdirilib, ona görə orada istehsal olunacaq enerji ümumi sistemə daxil ediləcək. Mən hesab edirəm ki, sahibkarlar üçün bu, çox cəlbedici ola bilər. Mən bilirəm ki, İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası bu işlə məşğuldurlar və təkliflər də verildi. Hesab edirəm ki, hər bir stansiya üzrə təkliflər verilsin və bəlkə bu müşavirədən sonra sahibkarlar da bu məlumatı məndən eşidib daha da həvəsli olacaqlar. Yaxşı olar ki, bu məsələ ilə maraqlanan sahibkarlar üçün qalan stansiyaların yerləri ilə bağlı xüsusi bir təqdimat keçirilsin, təkcə ermənilər tərəfindən dağıdılmış stansiyalardan söhbət getmir. Hazırda xüsusilə, Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər bizə müraciət edirlər. Əgər xarici şirkətlər üçün bu, maraqlıdırsa, deməli, burada mənfəət olacaq. Yerli şirkətləri də cəlb etməliyik, ya xarici şirkətlərlə birlikdə, ya da ki, ayrı-ayrılıqda. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı həddindən artıq böyükdür. Yəni, bütün bunlardan biz səmərəli şəkildə istifadə etməliyik. Həm bərpaolunan enerji növlərinin ümumi enerji balansımızdakı payını 30 faizə artırmalıyıq, - mən bu göstərişi vermişdim, bəlkə də gələcəkdə daha çox olacaq, - həm də ki, təbii qaza qənaət edib onu indiki yüksək qiymətlərlə ixrac edə biləcəyik.

Qeyd etdiyim kimi, artıq bütün bölgələri birləşdirən xətlər var. Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilmişdir. Bu, çox böyük göstəricidir. Eyni zamanda, ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkildi - Daşkəsəndən Kəlbəcərə. Orada dağların hündürlüyü 3500 metrdir, ağır, çətin şəraitdə, qış aylarında biz bunu bacardıq. “Azərenerji”nin mütəxəssisləri yüksək qiymətə layiqdirlər. Bu il “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. İran İslam Respublikası ilə danışıqlar aparılır və hesab edirəm ki, daha da sürətlə aparılmalıdır ki, biz tezliklə burada da razılığa gələk. Çünki bu stansiyaların potensialı çox böyükdür - 240 meqavat gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun yarısı bizə çatacaq. Beləliklə, biz bu imkanlardan da istifadə edə bilərik. “bp” şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar gedir. Ümid edirəm ki, yaxın gələcəkdə bir nəticə də olacaq. Hesab edirəm ki, bu stansiyanın çox böyük potensialı olacaq.

Bütövlükdə artıq bu rəqəmi mən səsləndirmişdim. Təkcə azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min meqavatdan çox potensialı var və biz dünyanın aparıcı xarici şirkətlərindən çoxlu təkliflər alırıq. Nəzərə alsaq ki, bizim qonşu ölkələrlə elektrik xətləri mövcuddur və ixrac imkanlarımız genişlənir və keçən il elektrik enerjisinin ixracatı 2020-ci ilə nisbətdə daha da artıb. Burada doğrudan da həm ölkə üzrə, həm Xəzər dənizini nəzərə almaq şərti ilə çox unikal bir potensial var. Amma mən bu gün azad edilmiş torpaqlarda görüləcək işlər haqqında danışarkən məhz bu məsələni diqqətinizə çatdırmaq istərdim. Eyni zamanda, Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir.

Keçən ay İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi ilə bağlı memorandum imzalanmışdır. Eyni zamanda, o memorandumda elektrik xətlərinin çəkilişi ilə bağlı müddəa var. Ona görə biz bu işlərə də tezliklə başlamalıyıq. Hər halda, Azərbaycan ərazisində görüləcək işlərlə bağlı bu il konkret təkliflər verilməlidir. Cəbrayıl yarımstansiyasından Zəngilana qədər xətlərin çəkilməsi və İran İslam Respublikası ilə son razılaşmaya gələndən sonra artıq İran üzərindən bu xətt gedə bilər.

Eyni zamanda, avtomobil körpülərinin və dəmir yolu körpülərinin inşası da nəzərdə tutulur. Əlbəttə, bu, Zəngəzur dəhlizinin açılmasını inkar etmir. Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Ümid edirəm ki, yaxın gələcəkdə təməlqoyma mərasimi də keçirilə bilər və beləliklə, yeni beynəlxalq nəqliyyat dəhlizi açılacaqdır. Ümumiyyətlə, bizim nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. Əgər bu gün həm limana, həm dəmir yollarına, həm hava limanlarına, avtomobil yollarına və digər infrastruktura bu böyük investisiyalar qoyulmasaydı, Azərbaycan, əlbəttə ki, yeni yaranan bu imkanlardan məhrum ola bilərdi. Ancaq, əksinə, biz bu gün öz nəqliyyat infrastrukturumuzu maksimum işə sala bilərik. Gəmiqayırma zavodunda yeni yük gəmiləri, tankerlər inşa edilir. Yəni, bütün bunlar vaxtında atılmış addımlardır. Əgər biz gəmiqayırma zavodunu inşa etməsəydik, bu gün bu imkanlardan istifadə edə bilməzdik. İndi isə biz heç kimdən asılı deyilik. Nə qədər istəsək, o qədər də bərə, tanker, yük gəmisi inşa edə bilərik və Xəzər üzərindən yükdaşımaların həcmini bu il artıracağıq və gələn il daha da artıracağıq.

Onu da bildirməliyəm ki, 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır. Yəni, biz sürətlə gedirik. Dörd və altı zolaqlı avtomobil yolu da çəkilir.

Mən bir məsələyə də diqqət yetirmək istərdim. Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar.

Digər infrastruktur layihələrinə gəldikdə isə deyə bilərəm ki, Bərdə-Ağdam dəmir yolunun inşası bu il davam edir. Yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Bununla paralel olaraq, Ağdamda və Füzulidə dəmir yolları, vağzalları da inşa edilməlidir. Layihələr təqdim edilməlidir və aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilməlidir və mənə təqdim olunmalıdır.

Nəqliyyat infrastrukturu ilə bağlı digər məsələ Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsidir. Bu da bu ilə nəzərdə tutulur. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaq. O ki qaldı, Laçın Beynəlxalq Hava Limanının inşasına, bunu biz 2024-cü ilə planlaşdırırıq. Orada işlərin həcmi çox böyükdür, həm dağlar partladılmalıdır, həm ərazi düzəlməlidir və orada doğrudan da çox böyük torpaq işləri var. Amma o da mütləq olacaq.

Avtomobil yollarının çəkilişinə gəldikdə, bu il Naftalandan Talış kəndinə qədər yollar tam istismara verilməlidir. Bu, eyni zamanda, Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki yaşayış yeri turizm üçün çox əlverişlidir. Naftalan artıq beynəlxalq turizm mərkəzinə çevrilib və Suqovuşana oradan məsafə çox qısadır. Suqovuşanda da turizm imkanları bu yaxınlarda təqdim edildi - həm turizm, həm yaşayış, həm idman. Yəni, bu yolun çox böyük əhəmiyyəti var və biz Suqovuşana həm Naftalan istiqamətindən, həm də Tərtər istiqamətindən rahatlıqla gedə biləcəyik. Ona görə bu il bu yol istismara verilməlidir.

Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti var və biz bunu artıq bu il istismara verməliyik. Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək. Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Yəni, Azərbaycan-Ermənistan sərhədinə qədər bu yollar çəkilib.

İndi sərhəddə rahat xidmət etmək mümkündür. Davam edən layihələrlə bağlı Azərbaycan ictimaiyyətini məlumatlandırmaq istəyirəm. Deməli, avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir. Cəbrayıl-Hadrut yolu inşa olunur. Zəfər yolu açıldı, amma indi Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq, biz rahat tunellə keçəcəyik. Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi bu il davam etdirilir. Bunun da böyük rəmzi mənası var. İstisu sanatoriyası sovet vaxtında çox məşhur idi. Həm Azərbaycan sakinləri, həm sovet ittifaqının müxtəlif yerlərindən oraya gələnlər çox idi. Amma biz Mehriban xanımla İstisuda olanda dəhşətli mənzərəni gördük. Sanatoriya, su mənbələri tamamilə dağıdılıb. Mən demişəm bu vəhşi qəbilə hər yerə burnunu soxub, o cümlədən oraya. Keçmiş sanatoriyadan ancaq bəzi qalıqlar qalıb. Ona görə mən qərara gəldim ki, orada yeni, müasir otel inşa edilsin. İndi təqribən 150-160 yerlik otelin layihəsi hazırlanır. Biz müalicəvi içməli suyun istehsalına da başlamalıyıq. Bu göstəriş də verildi. İndi ilkin təmaslar olubdur və hesab edirəm ki, bu il hər iki vacib və böyük rəmzi məna daşıyan layihələrin təməli qoyula bilər. Eyni zamanda, əminəm ki, necə deyərlər, bu tarixi ədaləti bərpa edəcəyik və yenə də beynəlxalq səviyyəli kurort yaranacaq. Çünki Laçın aeroportu istifadəyə veriləndən və Toğana-Kəlbəcər avtomobil yolu, tunel çəkiləndən sonra həm Gəncə istiqamətindən, həm Laçın istiqamətindən Kəlbəcərə gəlmək çox rahat olacaq. Əminəm, çox vaxt keçməyəcək ki, İstisu yenə də öz şöhrətini qaytaracaq. Azad edilmiş torpaqlarda indi içməli su mənbələrinin layihələndirilməsi gedir. Onların arasında, əlbəttə ki, Şuşa şəhərinin içməli su layihəsi prioritetdir. Çünki artıq Şuşada insanlar yaşayır. Şuşada yaşayış binaları da tikilir və tezliklə insanlar qayıdacaqlar. Ona görə Şuşanın içməli su layihəsi bu il tam istifadəyə verilməlidir. Ermənilər müharibə zamanı Şuşadan qaçarkən o su xətlərini də partlatmışdılar, növbəti vəhşilik törətmişdilər və işğal dövründə 17 bulağın 17-sini də yararsız vəziyyətə salıb qurutmuşdular. Bunlar vəhşiliyin təzahürləridir və bu, bir daha onu göstərir ki, Şuşa ermənilər üçün həmişə yad şəhər olub. Həmişə Şuşaya paxıllıq edirdilər, öz çirkin arzularını yaşadırdılar ki, nə vaxtsa Şuşanı onlar işğal edəcəklər. Əfsuslar olsun ki, 1992-ci ilin mayında Şuşa milli xəyanət nəticəsində işğal olundu. İndi isə biz Şuşaya qayıtmışıq, biz Şuşanın sahibləri qayıtmışıq və əbədi orada yaşayacağıq. Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı, əlbəttə ki, çox önəmlidir və hesab edirəm ki, prioritet olmalıdır. Azərbaycan xalqı da bu yanaşmanı təqdir edir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib və bu il görüləcək işlərlə bağlı tapşırıqlar vermək istəyirəm. Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Artıq yer müəyyən olundu, biz onun təməlini qoyduq.

İndi digər tarixi abidələrin bərpası gedir. Bəzi təkliflər, eskizlər var və əlbəttə ki, biz Şuşanın tarixi simasını bərpa etməliyik. Hər hansı bir tarixi memarlıq ansambla xələl gətirə biləcək başqa layihə orada icra edilməməlidir. Şuşada yeni teleqüllənin təməli qoyuldu və yəqin ki, yaxın gələcəkdə layihə təqdim ediləcək. Təqdim edilən kimi mütləq vəsait ayrılmalıdır. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Bu layihələrin təməli qoyuldu. Keçmiş poçt binasında “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq.

Onu da bildirməliyəm ki, Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına start verildi. Yeni beşulduzlu otelin inşası üçün yer seçildi. O, həmin yerdir ki, o vaxt qondarma qurum orada dırnaqarası parlament inşa etmək istəyirdi və digər şeytan yuvası orada yerləşmişdi. Müharibə zamanı o da yox oldu. İndi orada beşulduzlu otelin layihəsi mənə təqdim edildi. Şuşanın memarlığına uyğun gözəl bir bina olacaq. Şəhər meriyası binası əsaslı şəkildə təmir edilir və onun yanında yeni konfrans zalı inşa olunur. Çünki indi Şuşada böyük tədbir keçirmək üçün yer yoxdur. Ona görə konfrans zalı meriya binasına bitişik olacaq və orada yaxın gələcəkdə ən mötəbər tədbirlər keçiriləcək.

Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini dəvət etmişik. Artıq məndə ilkin məlumat var, vaxtından qabaq anons vermək istəmirəm, amma hesab edirəm ki, çox maraqlı festival olacaqdır. Artıq bu ənənəni də biz bərpa etmişik. Bildiyiniz kimi, TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir.

Azad edilmiş ərazilərdə suvarma ilə bağlı layihələrin icrası bu il nəzərdə tutulur. Bu layihələrin xüsusiyyəti ondan ibarətdir ki, hazırlıq işləri çox vaxt aparır. Çünki layihələndirmə işləri düzgün aparılmalıdır, yerlər düzgün seçilməlidir. Harada kanal çəkiləcək, harada su anbarı tikiləcək – bu, doğrudan da vaxt aparan məsələdir. Ona görə mən heç kimi tələsdirmirəm. Amma, eyni zamanda, artıq təsdiq edilmiş layihələrin icra edilməsi üçün də biz mütləq vəsait tapmalıyıq. Burada da qeyd olundu ki, biz indi büdcəni profisitlə icra edirik. Vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan çox və gömrük orqanları 200 milyon manatdan çox vergi toplamışlar. Yəni, bizim indi imkanımız var.

Suvarma işləri həm azad edilmiş torpaqlar üçün, həm bütün ölkə üçün ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri olacaq. Bu layihələr elə icra edilməlidir ki, bizim ümumi suvarma təsərrüfatımıza inteqrasiya olunsun. Bax, buna da çox ciddi fikir vermək lazımdır. Çünki azad edilmiş torpaqların relyefi belədir ki, - xüsusilə Kəlbəcər, Laçın, Qubadlı zonasını nəzərdə tuturam, - oradan həm suvarma suyu, həm içməli su öz axarı ilə gəlib Ağdama, Bərdəyə və digər yerlərə çata bilər. Bu, ümumi suvarma sistemimizə inteqrasiya edilməlidir. Eyni zamanda, biz çaylarımızdan içməli su mənbəyi kimi istifadə etməliyik. İşğal dövründə çaylarımız da ekoloji terrora məruz qalmışdır, çaylarımız da işğal altında idi və düşmən bizi çaylarımızdan da məhrum etmişdi. Çünki biz Tərtər çayının suyundan faktiki olaraq istifadə edə bilmirdik. Tərtər çayı isə Azərbaycanın ən böyük çaylarından biridir. Suqovuşan ermənilərin əlində olduğu üçün yayda suyu kəsirdilər, bizə qarşı ekoloji terror törədilmişdi. Qışda isə buraxırdılar ki, o da daşqınlara səbəb olurdu.

İndi Qarabağda ermənilərin yaşadıqları yerdə qaz xətti nasaz vəziyyətə düşmüşdür və bir müddət qaz yox idi. Dünyaya hay-haray qaldırmışdılar ki, Azərbaycan burada humanitar fəlakət törədir. Naxçıvan qazını onlar 15 il kəsib belə vəziyyətdə saxlamışdılar. Naxçıvanda isə qış daha sərtdir. Haradasa şaxta mənfi 30 dərəcəyə çatır. Yaxşı, naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər qazsız yaşamışlar. Kim məhrum etmişdi onları? Ermənilər və Ermənistan rəhbərliyi, Ermənistan dövləti.

Bir adam, bir təşkilat, bir ölkə səsini qaldırmışdı? Yox! Biganə idilər. Amma bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin - Amerikadan tutmuş Avropaya qədər. Birincisi, Avropanın özündə elə ölkələr var ki, orada qaz yoxdur, ümumiyyətlə yoxdur, qazlaşdırma aparılmayıb. İndi mən ad çəkmək istəmirəm. Elə ölkələr var ki, qazlaşdırmanın səviyyəsi 3-5 faizdir. Orada humanitar fəlakət hökm sürür? Bunlar bir həftə qazsız qalıblar, bu, humanitar fəlakətdir? Bəs, Naxçıvan 15 il qazsız qalanda niyə humanitar fəlakət deyildi. Sualdır bu. Bu suala cavab var? Var! İkili standartlar və ayrı-seçkilik. Biz indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər. Biz, sadəcə olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə bilər? Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq. Ona görə etmişik, humanizm göstərmişik. Amma Naxçıvanı qazsız qoyan o hadisəni heç vaxt unutmamışıq. Biz 2005-ci ildə İranla razılaşma əsasında İrandan Naxçıvana qaz çəkdik və Astaradan İran Astarasına qaz xətti çəkdik və svop əməliyyatları keçiririk. O vaxtdan bu günə qədər Naxçıvan belə təmin edilir, İrandan qaz alır. Amma bizim qazımız kəsilmişdir, bizim suyumuz kəsilmişdir.

Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan əvvəl xüsusi məruzə hazırlandı və qəbul edildi - Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı məruzə. Orada hər şey açıq-aşkar deyilmişdi. Tərtər çayının suyundan bizi məhrum etmişdilər. Halbuki Heydər Əliyev Suqovuşan su anbarını inşa edəndə Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100 min hektar torpağını suvarması nəzərdə tutulurdu və su gedirdi. İndi biz Suqovuşana qayıtmışıq, indi suyu bərpa etmişik və yeni kanallar da çəkiləcək. Digər çaylar, - qoy, bunu həm Azərbaycan vətəndaşları, həm dünya bilsin, ermənilər bizi nədən məhrum etmişlər, - Həkəri çayı - ən böyük çaylardan biri, istifadə edə bilmirdik. Bazarçay. Buna Bərgüşad çayı da deyilir. Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay. Bütün bu çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər. Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Biz bu məsələni qaldırmışıq. Məsələni qaldıranda bizə söz verildi ki, bu fəlakəti törədən şirkət gəlib bunu təmizləyəcək. Amma artıq bundan bir il vaxt keçib, bizə heç bir təklif verilmir. Oxçuçayı zibilləyən, zəhərləyən “Cronimet” şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər. Ondan sonra Ermənistan hökuməti korrupsiyalaşmış həmin o erməni nümayəndələrindən bu kombinatın payını alıbdır. Ancaq bu fəlakəti törədən “Cronimet” şirkəti buna cavab verməlidir, yoxsa yox? Mən demişəm ki, beynəlxalq məhkəmələrdə məsələ qaldırılmalıdır. İndi mən çox şey demək istəmirəm, biz artıq hüquqi iddia ilə də çıxış edəcəyik, hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb olunub. Biz erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik. O cümlədən xarici şirkətləri, hansılar ki, bizim təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirlər ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq.

Görün, işğal altında qalan su anbarları nə qədər idi. Xudafərin - 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarı, Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd – bax, bu su anbarları işğal altında idi. İndi biz onları bərpa edirik və bərpa edəcəyik. Konkret layihələrə gəldikdə, mən bu sahədə hansı işlər görüləcəyini də bildirməliyəm. Həkəriçay su anbarının tikintisi nəzərdə tutulur, yeni su anbarı olacaq. Suqovuşan su anbarının və kanalın təmiri. Kanalın uzunluğu 5,2 kilometrdir, təmirdən sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri. Onu da bildirməliyəm ki, Xaçınçay su anbarı düz Fərrux dağının altındadır, Fərrux kəndinin düz böyüründədir və ermənilərin hərbi mövqeləri bu su anbarının istismarını təhlükəyə salmışdı, yəni, böyük bir təhlükə mənbəyi idi. Dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. Fərrux dağını məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var. Ondan sonra Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay Sol Sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su mənbələrinin müəyyən edilməsi nəzərdə tutulur. Çünki sovet vaxtında olan su mənbələri bəzi səbəblərə görə uyğun olmaya bilər. Ona görə bu kompleks tədbirlər nəzərdə tutulur və Bərgüşad su anbarının layihəsinin hazırlanması bu il öz həllini tapmalıdır. Bu yaxınlarda verilən yeni təklif əsasında Zəngilan, ya da Qubadlı rayonlarının birində yeni su anbarının tikintisi nəzərdə tutulur və bu kanalların inşası bizə imkan verəcək ki, yaxın zamanlarda 10 min hektarı suvarma ilə təmin edək. Yenə də demək istəyirəm ki, bütün bu işlər ümumi su təsərrüfatı sistemimizə inteqrasiya edilməlidir.

Digər layihələrə gəldikdə bildirməliyəm ki, Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik.

Üç məktəbin inşası bu il başa çatmalıdır – Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və qeyd etdiyim kimi, Şuşa şəhərində məktəb. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.

Mən Ağdam və Cəbrayıl rayonlarında iki sənaye parkının təməlini qoymuşam və bu yaxınlarda iqtisadiyyat naziri mənə orada görüləcək işlər barədə məruzə etmişdir. Maraq böyükdür, yerli şirkətlər çox böyük maraq göstərirlər və mən əminəm ki, yaxın, bəlkə də 1-2 ilə, 3 ilə o parklar üçün nəzərdə tutulmuş çox böyük ərazi bəlkə çatmaya da bilər. Ona görə mən çox şadam ki, Azərbaycan sahibkarları böyük həvəslə, ürəklə bu işlərə qoşulurlar. Başa düşürəm ki, bəlkə də ilkin mərhələdə iqtisadi cəhətdən o qədər də böyük səmərə verməyəcək. Ancaq mən bunu onların necə deyərlər, vətəndaşlıq borcu kimi qəbul edirəm və şadam ki, onlar mənim çağırışıma cavab veriblər. Eyni zamanda, azad edilmiş bölgələrin potensialını, nəqliyyat yollarını nəzərə alaraq əminəm ki, bura qoyulan hər bir manat xeyir gətirəcək.

Beləliklə, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görürük. Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları - biz planlı şəkildə bu işləri görəcəyik. Bu, ancaq azad edilmiş torpaqlarda bu il görüləcək işlərin siyahısıdır və əminəm ki, bütün planlar həyatda öz əksini tapacaq. Biz istədiyimizə nail olacağıq. Azad edilmiş torpaqlarda görülən işlərlə bağlı Azərbaycan xalqına bundan sonra da müntəzəm məlumat veriləcəkdir.

Sağ olun.

***

14.45

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Prezidentin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib- YENİLƏNİB Prezidentin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib- YENİLƏNİB Prezidentin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib- YENİLƏNİB Prezidentin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib- YENİLƏNİB Prezidentin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib- YENİLƏNİB

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man