Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

02 Mart 2022 | 16:50
OXUNUB: 4359
Ləğv edilmiş MTN-nin Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev, həmin idarənin əməkdaşları Vüsal Ələkbərov, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmənin açıq keçirilməsinə baxmayaraq mətbuat nümayəndələrinin prosesi izləməsinə icazə verilmir. Bu səbəbdən jurnalistlər məhkəmə prosesində baş verənlər barədə zərərçəkənlərdən və onların vəkillərindən məlumat almalı olurlar.

Sfera.az xəbər verir ki, prosesdə zərərçəkmiş Elşən Mədətovun (2008-ci ildə MTN-ə aparılan E.Mədətovdan 250 min dollar alınıb. Tələb olunan məbləği verməyəcəyi təqdirdə Vüsal Ələkbərov ona "ölüm iynə”si vurulacağını deyib. Bundan sonra E.Mədətov əmlaklarını satmağa başlayıb -red.) epizodu üzrə şahid qismində Hikmət Şükürov dindirilib. O, E.Mədətova 120 min manat verməklə ondan dəyirman və restoranı aldığını təsdiqləyib. E.Mədətovun MTN tərəfindən tutulmasını və sonradan azad edilməsini eşidib.


"Mövlam Şıxəliyevlə yanaşı onun ailə üzvlərinin də istintaqa cəlb edilsin”

Daha sonra prosesdə zərərçəkən Hüseyn Səfərov vəsatətlə çıxış edərək M.Şıxəliyevlə yanaşı onun ailə üzvlərinin də istintaqa cəlb edilməsini istəyib: ”Məhkəmə prosesində də, istintaq zamanı da müəyyən olunub ki, bizdən alınan əmlaklar, pullar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına keçirilib. Onun ailə üzvləri cinayət yolu ilə əldə olunan əmlakların leqalizasiyasında, izlərinin itirilməsində birbaşa iştirak ediblər”.

Zərərçəkmiş vəsatətini yazılı şəkildə məhkəməyə təqdim edib.


Prosesdə digər zərərçəkmiş İbrahim Zeynalovdan 10 milyon dollar rüşvət alınması epizodu araşdırılıb. Hazırda yataq xəstəsi olan İbrahim Zeynalovu prosesdə oğlu İlqar Zeynalov nümayəndə qismində təmsil edib.

"Ya çıxış qapısına gedəcəksən, ya da İstintaq Təcridxanası tərəfə...”

Bu epizod üzrə "Ümid-İ” MMC-nin direktoru Qüdrət Baloğlanov şahid qismində ifadə verib. Bildirib ki, İbrahim Zeynalovun həbsindən sonra Yasin Məmmədov onu ekspert kimi işə cəlb edib: "Yasin Məmmədov məndən İbrahim Zeynalovun rəhbərlik etdiyi müəssisənin torpaqlarının onun dediyi kimi qiymətləndirilməsini tələb edirdi. Mənə iki qapı göstərirdi. Deyirdi ki, ya MTN binasından çıxış qapısına tərəf gedəcəksən, ya da bu biri qapıya, İstintaq Təcridxanası tərəfə. Məcbur etdi ki, onun istədiyi kimi rəy verim”.

Şahid deyib ki, Yasin Məmmədov onun adından İbrahim Zeynalovun oğlu İlqar Zeynalovdan 50 min manat rüşvət alıb: "Sonradan bildim ki, mənim rəy verməyimə görə İlqar Zeynalovdan 50 min manat alıb. Ona da deyib  ki, guya həmin pulu mənə verib”.

Təqsirləndirilən şəxs Y.Məmmədov şahidin dediklərini təkzib etməyə çalışıb.

Eyni epizod üzrə zərərçəkmiş İ.Zeynalovun 83 yaşlı bacanağı Rahil Abbasov deyib ki, İbrahim Zeynalov həbs olunandan sonra ondan 10 milyon dollar tələb olunub: "Qohum-qardaş pul yığmağa başladı. Mənim 14 min manat pulum vardı. İbrahimin oğlu İlqarı çağırdım, pulu ona verdim. Bir müddət sonra İbrahimi həbsdən azad etdilər”.

"Atam bircə kəlmə "pulu çatdır” dedi, sonra telefon söndürüldü”

Zərərçəkmişin oğlu İlqar Zeynalov məhkəməyə verdiyi ifadəsində deyib ki, atasını 2008-ci ilin dekabrında MTN-ə aparıblar. Təxminən yarım ay sonra ona zəng vurub MTN-ə gəlməsini tapşırıblar: "Özünü müstəntiq kimi təqdim edən şəxs dedi ki, sabah saat 10-da MTN-ə, Yasin Məmmədovun yanına gəl. Ertəsi gün getdim, məni Yasin Məmmədovun otağına apardılar. Təxminən yarım saata kimi məni sorğu-sual elədi. Sonra otağına çağırdığı başqa bir müstəntiqə tapşırdı, o da öz iş otağına aparıb dindirdi, məni sərbəst buraxdılar”.


İ.Zeynalov deyir ki, MTN-də dindirildikdən bir müddət sonra sonra atasının vəkili ona məktub gətirib. Məktubda "50 min” yazılıb. Bunun nə demək olduğunu soruşduqda vəkil "atan mənimlə görüşəndə dedi ki, İlqara de, bu məbləği təcili çatdırsın Yasinə, yoxsa Yasin şirkətdə mühasib işləyən Qüdrəti tutacaq”. Məktubda xəttin atasına məxsus olmadığından İ.Zeynalov pul verməyib. Lakin iki gün sonra vəkil daha bir məktub gətirib. Həmin məktubda "dediyimə əməl elə” yazılıb.

Zeynalov daha sonra bildirib: "Xətt atama məxsus idi. Məktubu alandan az sonra Yasin Məmmədovun telefonundan zəng gəldi. Danışan atam idi. Bircə kəlmə "pulu çatdır” dedi, telefon söndürüldü. Zəng vurdum, Yasin dedi ki, nazirliyin arxa qapısının yanında poliklinika var,  orada gözlə, sənə yaxınlaşacaqlar. O zaman evin birini satmışdım. Həmin puldan 50 min manat sellofan torbanın içərisinə qoyub Yasinin dediyi yerə getdim. Ona yenidən zəng vurdum. Bir qədər sonra təxminən 30-35 yaşlarında olan, orta boylu bir kişi yaxınlaşdı, məndən İlqar Zeynalov olub-olmadığımı soruşdu. Yasin Məmmədovun göndərdiyi şəxs olduğunu dedi. Maşına oturub 50 min manatı aldı, saydı və maşından düşüb MTN-in arxa qapısına gedib binaya daxil oldu”.

"Mövlam Şıxəliyev əmimə deyib ki...”

İlqar Zeynalov ifadəsinin davamında əmisi Məzahim Zeynalovun 2009-cü ilin martında MTN-in istintaq təcridxanasında atası ilə görüşdüyünü deyib. Görüşdən qayıdandan sonra ona atasının arıqladığını, xəstəliyinin daha da ağırlaşdığını, ev dustaqlığına çıxarılmasını istədiyini bildirib.

"Məzahim əmim atamın vəkili vasitəsi ilə Mövlam Şixəliyevlə görüşmüşdü. Bizə başqa vəkil tutmağa da imkan vermirdilər. Mövlam Şıxəliyev əmimə deyib ki, cinayət işinin yiyəsi odur, istədiyi zaman atamı buraxa bilər. Əgər İbrahimi buraxmaq fikrinə düşsə, bu barədə Yasin Məmmədova bildirəcək. Həmin söhbətdə əmimə demişdilər ki, Mövlam Şixəliyev Yasin Məmmədova atamın buraxılması üçün tələb olunan məbləği deyəcək, o da bizə bu barədə xəbər verəcək. Atamın azad edilməsi üçün pul tələb edəcəklərini başa düşdüm. Nərimanov rayonu, Çəmənzəminli küçəsindəki mənzilimi 245 min manata satdım, qalan əmlakların bir qismini də satışa çıxardım”,-o ifadəsində bunları deyib.

"10 milyon dollar verə bilərsənmi?”

Zərərçəkmişin oğlu deyib ki, atası həbsdən buraxılmamışdan iki ay öncə Yasin Məmmədov onunla görüşüb, söhbət edib. Həmin görüşdə ondan "10 milyon dollar verə bilərsənmi?” deyə soruşub: "O qədər pulumuzun olmadığını, ancaq bir-iki milyon dollar düzəldib verə biləcəyimizi dedim. Yasin isə "mümkün deyil, 8 milyon dollar verərsən” dedikdə məcbur olub razılaşdım”.

Bu söhbətdən sonra İ.Zeynalov mal-mülklərini, mənzillərini, avtomobillərini satıb, qohum-əqrəbadan pul toplamağa başlayıb: "Mülklərimizi, avtomobillərimi satdım. Əmim Məzahim Binəqədi rayonundakı villasını 700 min dollara satdı, əlavə də 500 min dollar verdi. Atamın dostu Aydın İbrahimovdan 2 milyon manat borc aldım. Atam həbsdən çıxandan sonra həmin pulun əvəzində özü yaşadığı villanı Aydına verdi. Neftçala rayonundan olan, atamın dostu, sonradan rəhmətə gedən İlyas Panəliyev 450 min dollar borc pul verdi. Atamın dayısı oğlu Cəfərağa Tağıyev 500 min dollar borc pul, əlavə olaraq özünə məxsus olan "Lexus” markalı avtomobili 60 min dollara və "Toyota Prado”nu 40 min dollara satıb pullarını bizə verdi. Yenə də pul düzəlmədi. Rəhmətlik anam Böyükxanım Zeynalova özünə məxsus bütün qızıl-zinət əşyalarını, gümüş qabları, suvenirləri Mərkəzi Univermaqda, ayrı-ayrı tanışlara satdı. Evdə olan ehtiyat pulu da əlavə elədik. 20-30 nəfər ayrı-ayrı qohumlardan borc pullar yığdıq, yenə düzəlmədi. 2009-cu il iyul ayının sonuna qədər çatışmayan 1 milyon 284 min dolları da yığıb düzəltdik. 8 milyon dolları hazır elədikdən sonra Yasinə zəng edib xəbər verdim. Televizor və ya DVD aparatlarının qutularını tapmağı, pulu həmin qutulara yığmağı və MTN-nin arxa qapısına gətirməyi tapşırdı. Dedi ki, pulu hissələrə ayır qutulara yığ, üç gün ərzində hissə-hissə çatdır. Mağazadan səkkiz ədəd nazik ekran televizor qutuları aldım, hər birinin içərisinə bir milyon pul yığdım. Hər birində 1 milyon dollar pul olan üç ədəd televizor qutusunu maşının yük yerinə qoydum və MTN-nin arxa qapısına apardım”.

 Televizor qutularına yığılan milyonlar

 Y.Məmmədov İ.Zeynalova deyib ki, adam göndərəcək, gəlib qutuları götürəcəklər. Bir qədər sonra iki nəfər şəxs yaxınlaşaraq Y.Məmmədov tərəfindən göndərildiklərini deyiblər və qutuları İ.Zeynalovdan alıb nazirliyin qapısından içəri aparıblar. İ.Zeynalov növbəti gün üç qutunu, sonrakı gün isə daha iki qutunu eyni qaydada Y.Məmmədova çatdırıb. Bundan sonra Y.Məmmədovla əlaqə saxladıqda sonuncu ona "narahat olma, atan sabah buraxılacaq” deyib. Avqustun 2-də Y. Məmmədov İ.Zeynalova zəng vurub deyib ki, gəl atanı apar: "On-on beş dəqiqə sonra atamı həbsdən buraxdılar. Sonradan isə atamın barəsindəki qondarma cinayət işini məhkəməyə göndərib şərti cəza təyin etdirdilər”.

İlqar Zeynalovun ifadəsindən sonra Mövlam Şıxəliyev ayağa qalxıb, işçisi olmuş, hazırda təqsirləndirilən şəxs statusunda olan Yasin Məmmədova bir neçə sual verib:

-Səni and verirəm Allaha, aç, de. O pul kimə çatıb? Mənim pul söhbətindən xəbərim olub?

Yasin Məmmədov deyib:

-O pullar Ziyad Səmədzadəyə çatıb.

Hakim müdaxilə edib, İlqar Zeynalova dəqiqləşdirici sual verib:

-Ziyad Səmədzadənin bu məsələyə nə aidiyyatı var?

-İlqar Zeynalov:

-Ziyad Səmədzadənin atamla işbirliyi vardı. Onun vasitəsi ilə bankdan 3 milyon 500 min manat pul kredit götürülmüşdü. Bu pulla bağlı atamla Ziyad Səmədzadənin arası dəymişdi. Bundan sonra da atamı tutdular, başımıza oyun açdılar. Bizi müflis elədilər. Qardaşım, bacım, anam rəhmətə getdi. Atamla mən bu gün rayonda vaqonda yaşayırıq.

Zərərçəkmişlərdən Zaur Əliyev də İlqar Zeynalova dəqiqləşirici sual verib:

-Sizdən tələb oluna puldan əlavə sizdən nəsə aldılar?

İlqar Zeynalov :

-Binə qəsəbəsində 4 hektar torpağımız qalmışdı, onu da aldılar. Mövlam Şıxəliyev, onun oğlu Elgün Şıxəliyev və Yasin Məmmədov atam həbsdən çıxandan sonra o yerin üstünə getdik. Aparıb yeri onlara göstərdik, onlara təhvil verib çıxıb getdik. O torpağın sənədi yox idi. Mövlam Şıxəliyev bizə bir neçə şəxsiyyət vəsiqəsi göndərdi, həmin torpağın onun dediyi adamların adına rəsmiləşdirdik. Sonradan bildim ki, Yasin Məmmədov o torpağın bir hissəsində özünə ev tikib.

Bundan sonra proses martın 15-nə qədər təxirə salınıb.
 
(virtualaz.org)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man