Gözlənildiyi kimi fevralın 22-də
Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”
imzalandı. 43 maddəlik bəyannaməni ümumilikdə Azərbaycan üçün məqbul saymaq
olar.
Bəyanatda Qarabağla bağlı yekun həllə
nail olmaq, eyni zamanda Ermənistanın destruktiv siyasətini zəiflətmək üçün
konkret bəndlər var:
Bəyannamənin ilk bəndi rəsmi Bakının əlini
qüvvətləndirə bilər. Belə ki, birinci bənddə qeyd edilir: "Rusiya Federasiyası
və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti,
iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin
toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə
qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli
və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında
qururlar”.
Rusiya faktiki olaraq bu bənd ilə bir
daha Azərbaycanın suverenliyini və ərazi bütövlüyünün toxunulmazlığını təsdiq
etmiş oldu. Prinsip etibarilə rəsmi Moskva da digər ölkələr kimi Azərbaycanın ərazi
bütövlüyünü tanıyırdı, lakin bu bəyanat ilə 44 günlük müharibə sonrası dəyişən
siyasi reallıqlar fonunda bunu bir daha təsdiqləmiş oldu.
Digər tərəfdən bu bənd həm də gələcəkdə
rəsmi Bakıya Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycanın daxili məsələsi
olduğu faktını Rusiyaya qəbul etdirməsinə kömək edə bilər. Çünki bənddə qeyd
olunur ki, tərəflər birinin daxili işlərinə qarışmayacaq. Qarabağ Azərbaycanın
daxili işidir. Məntiqlə Rusiya rəsmi Bakının Xankəndidə antiteror əməliyyatı
keçirməsi və ya separatçıların "lider” Araik Arutunyanın həbs edilməsi qərarına
etiraz etməməlidir.
İkincisi, bəyanatın 9-cu bəndini də rəsmi
Bakı üçün müsbət hesab etmək olar. 9-cu bənddə deyilir: "Rusiya Federasiyası və
Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi,
bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə
Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas
kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan
Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr
2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il
tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan
sonra da hər cür dəstək verəcəklər”
Azərbaycan tərəfi onsuz da 10 noyabr bəyanatına
sadiqdir və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. 10 noyabr bəyanatının
icra edilməyən bəndlərin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.
Prezident İlham Əliyev Vladimir Putinlə mətbuat konfransında da açıqca bildirdi
ki, "Ermənistan tərəfinin 10 noyabr bəyannaməsinin
bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması bəndini
yerinə yetirəcəyini gözləyirik”.
Azərbaycan tərəfi bu bəndi əsas gətirərək
regionda kommunikasiyanın açılmasını və sərhədin delimitasiya, demarkasiya
prosesinin həllinin sürətlənməsinə nail ola bilər.
Üçüncüsü, bəyanatın ən diqqətçəkən məqamı
məhz 18-ci bənddir. 18-ci bənddə deyilir: "Rusiya Federasiyası və Azərbaycan
Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə,
transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və
informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər
yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların
neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat
mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin
müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”.
Rusiya tərəfi bəyanatın 18-ci bəndinin məntiqinə
görə, Qarabağdakı qondarma rejimi separatçılıq təhdidi kimi qəbul etməlidir.
Bakı bu razılaşmadan separatçı-terrorçu rejimin ləğvi üçün istifadə edə bilər.
Bənddə separatçılıq təhdidlərinə qarşı səylərin birləşdirilməsi öz əksini
tapıb. Xankəndidə separatçı rejim və onun qondarma lideri hələ də fəaliyyət
göstərir. Rəsmi Bakı bu bəndi əsas gətirərək antiterror əməliyyatlarına başlaya
və Xankəndidəki rejimi büsbütün sıradan çıxara bilər.
Nəticə etibarilə bu bəyanatı Rusiyanın
Azərbaycan-Ermənistan məsələsində neytral mövqeyinin rəsmiləşməsi kimi hesab
etmək olar.
Turan Rzayev