2021-ci ildə Avropa İttifaqına (Aİ) üzv ölkələrdə yol qəzalarında təqribən 19800 nəfər həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının 2021-ci il üçün yol-nəqliyyat hadisələri ilə bağlı ilkin hesabatında qeyd olunub.
Bildirilib ki, 2020-ci illə müqayisədə yol qəzalarındakı ölüm hallarında 5% (1000 ölüm) artım olub.
Ölkələrin yol qəzalarında ölüm hallarının ümumi reytinqində ciddi dəyişiklik olmayıb. Ən təhlükəsiz yol İsveçdə qeydə alınıb (bir milyon əhaliyə 18 ölüm), Rumıniya isə 2021-ci ildə yol qəzalarında ölüm sayına görə birinci olub (93/milyon). Ümumilikdə isə Aİ-də orta hesabla bir milyon əhaliyə 44 yol ölümü qeydə alınıb.
İlkin rəqəmlərə əsasən, doqquz üzv dövlətdə (Danimarka, Almaniya, İrlandiya, Kipr, Litva, Malta, Polşa, Portuqaliya və İsveç) 2021-ci ildə yollarda ölüm hallarında ən aşağı rəqəmlər qeydə alınıb.
Pandemiyadan əvvəlki 2019- cu illə müqayisədə, 2021-ci ildə yol ölümləri 13% azalıb və ən böyük azalma (20%-dən çox) Danimarka, Belçika, Portuqaliya, Polşa və Litvada baş verib. Son iki ildə Latviya, Sloveniya və Finlandiyada yollarda həlak olanların sayında artım müşahidə olunub.
Hesabata görə, yol-nəqliyyat hadisələrinin 52%-i kənd yollarında, 40%-i şəhər yerlərində və 8%-i avtomobil yollarında baş verib. Bütün yollarda həlak olanların 43%-ni avtomobil sərnişinləri (sürücülər və sərnişinlər), 20%-ni piyadalar, 18%-ni iki təkərli nəqliyyat vasitələrinin (motosikl və mopedlər) istifadəçiləri, 10%-ni isə velosipedçilər təşkil edib.
Yol ölümlərinin dörddən üçü (77%) kişilərin payına düşür. Yaşlılar (65+) bütün ölüm hallarının dörddə birindən çoxunu (28%) təşkil edir. Aİ yollarında həlak olanların 12%-i 18-24 yaş arasında olduğu halda, bu yaş qrupu Aİ əhalisinin yalnız 7%-ni təşkil edir. Beləliklə, statistika göstərir ki, gənclər ölümlə nəticələnən yol qəzalarına daha çox məruz qalırlar.
APA
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man