Qafqaz
Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli Sfera.az-a müsahibə
verib.
Müsahib
Ramazan ayının başlanma və bitmə tarixi, nəzirlərin onlayn formada verilməsi,
virtual həcc ziyarəti, Qafqaz Müsəlmanları İdarəsinin növbəti sədrinin kim
olacağı, islam dinində müəllim-şagird münasibətləri, dəbdəbəli yas mərasimləri
və qəbirlər barədə öz düşüncələrini bölüşüb.
Həmin müsahibəni təqdim edirik:
- Surxay bəy, üç müqqədəs ayın başlanğıcı olan Rəğayib
gecəsini (Arzular gecəsi) geridə qoyduq. Bu müqəddəs aylar hansılardır və islam
dini üçün əhəmiyyəti nədən ibarətdir?
- Rəcəb,
Şaban və Məhərrəm ayı üç müqəddəs, həmçinin mənəvi aylar hesab olunur, oyanış
mesajını verir. Bu ayların əzəməti, onun içərisində olan özəl günlərdən və bu
günlərdə keçirilən ayinlərin icrasından asılıdır. Xüsusilə də Rəcəb ayı imamların,
həmçinin bir çox peyğəmbərin doğum gününə təsadüf edir. Bu üç ayda bol dualar edilən
Qədr gecələri də var.
- Hər il Ramazan ayının başlanma və bitmə tarixi
haqda mübahisələr olur. Bu anlaşılmazlığın səbəbi nədir?
- Ölkələr
arasında saat və iqlim fərqi var. Şamaxı Astrofizika Rəsədxanası ilə yaradılan
vahid sistemə əsasən QMİ elmi məlumatlar əsasında Ramazan ayının başlanma və
bitmə tarixininin fətvasını verir. Türkiyə ilə bir gün fərq ola bilər. Bu da
normaldır.
- Nəzirlərin onlayn qaydada verilməsi təsdiqləndi. Siz bu necə dəyərləndirirsiniz?
- Nəzirlərin
hansı yolla verilməsinin əhəmiyyəti yoxdur. İnfaq, nəzir anlayışında əsas olan
bunun istək və Allah rizası üçün edilməsidir. İslam
dini texnoloji yeniliklərə qarşı deyil. Bu mənada nəzirlərin onlayn qaydada
verilməsində pis heçnə görmürəm. Təbii ki, hər şeydən öncə hər bir Azərbaycan vətəndaşı
kimi bizlər də qanuna tabeyik. Milli Məclisdə qanunvericilik necə təsbit
olunacaqsa, bizlər də ona razıyıq.
- Hacı Allahşükür Paşazadədən sonra yeni
şeyxülislam olacaq namizədlər arasında sizin də adınız hallanır. Bu barədə nə
deyə bilərsiz?
- Şeyx
bütün Qafqaz müsəlmanlarının dini rəhbəridir. Allah nə qədər ömür verəcəksə o
da yaşayacaq. Sonrasını isə bizə zaman göstərəcək.
- Səudiyyə Ərəbistanı Kəbə və digər ziyarət yerlərinin
simulyasiyasını virtual aləmə daşıyıb. Virtual həcc mümkündür?
-
Qurani-kərimdə həccin konkret əməlləri qeyd edilib. Hər bir insan həccə birbaşa
getməli, orada "İsmayıl qurbanı”nı kəsməli, şeytana daş atmalıdır. Bundan başqa
Məkkədə zəmzəm quyusu, Həcərül-əsvəd daşı var. Yəni məsələ təkcə həcc ziyarətinə
getməkdən deyil, o abu-havanı hiss edib gözəlikləri görməkdən gedir.
Virtual
həcc ziyarəti gözəl təşəbbüsdür, lakin bunu turistlik olaraq qiymətlədirmək
olar.
- Dünyanın müxtəlif ölkələrində müsəlman dinini seçən
insanların sayında artım müşahidə olunur. Müsəlmanların başqa dini qəbul etməsinə
islam necə yanaşır?
- İslam
dini araşdırma dinidir. açarkən müsəlman olur, sonradan dillərə, firqələrə,
millətlərə bölünür. İslam dini insanların dərisinin rənginə, cinsinə görə
onları mühakimə etmir. İrqçilik islama zidd anlayışdır.
Bu mənada
bir insan bütün bu gözəllikləri bilib dərk edib, ancaq bununla belə islamı tərk
edirsə, deməli, o insan din faktoru ilə deyil, maddi maraq əsasında dini dəyişir.
İslam dini ona qarşı irəli sürülən bütün arqumentləri cavablandıracaq mükəmməl
dindir.
- Son günlər sosial şəbəkələrdə məktəb şagirdlərinin
təhsil aldıqları müəssisələrdə biabırçı görüntülər yayılıb. İslam dinində
şagird-müəllim münasibətləri necə tənzimlənir?
- Müəllimin
Allah yanında dərəcəsi çox böyükdür. Şagird ilə müəllim arasında məsəfə, etik
qaydalar hər zaman olmalı və qorunmalıdır. Əlbəttə ki, bu qorxu və ya müəllimin
şagirdə şiddət tətbiq etməsi ilə deyil, əxlaq, dürüstlük və nümunəvi davranış
ilə olmalıdır. Hər bir müəllim ilk növbədə yetişdirdiyi şagirdinə nümunə
olmalıdır.
Bilirsiniz,
ümumiyyətlə şagirdlərin tərbiyəsində ailə faktoru da olduqca önəmlidir.
Valideyn övladına ilk növbədə gözəl əxlaq aşılamalıdır.
- İslam dinində müəllimin şagirdi döyməsi və ya
fiziki şiddət tətbiq etməsinə icazə verilirmi?
-
İslam dini hec bir halda şiddəti qəbul etmir. Şiddət uşağın şüur altında
aqressiya və nifrət formalaşdırır. Bu da gələcəkdə şiddətə meyilli, hər bir
problemi şiddət ilə həll etmək istəyən fərdlərin yetişməsinə gətirib çıxarır.
İslam dini həm təhsildə, həm də gündəlik həyatda uşaqlara qarşı şiddətin tətbiq
etməsinə qarşıdır.
- "Ölmək yaşamaqdan daha bahalıdır". Gündən-günə
bahalaşan qəbir yerləri, məzar yeri çatışmazlığı... Bu vəziyyət necə tənzimlənməlidir?
-
İslam dini buyurur ki, ölən şəxsə qüsul verilsin, kəfənlənsin qəbri qazılsın və
mərhumun yaxınları, tanışları sevdikləri tərəfindən cənazə namazı qılınsın.
Yerdə qalan məsələlər savab məsələsidir. Əsas məsələ keçirilən yas mərasimində
israfın olmamasıdır. Allah israf edənləri sevmir.
Qəbir
yerləri isə bələdiyyələrin səlahiyyətindədir. Bu məsələni onlar müzakirə etməli
və tənzimləməlidir. QMİ-in üzərinə düşən əsas vəzifə dini ritualların yerinə
yetirilməsidir.
Yas mərasimlərində
pul yığılmasının qəti əleyhinəyəm. Heç kəs də deyə bilməz ki, mən Surxayın
atasının yasına gəlib 5 manat pul vermişəm. Bu atamın mənə vəsiyyəti idi.
Din
xadimlərinə pul vermək məsələsinə gəldikdə isə, hesab edirəm bu məsələ də
razılıq əsasında olmalıdır. Yəni din xadimi quran oxumaq, ya da yasda iştirak
üçün yas sahibindən pul istəməməlidir. Yas sahibi ürəyindən keçirsə, bunu özü
verməlidir. Hər şey Allah rizası üçün olmalıdır.
- Qəbiristanlıqda dəbdəbəli məzarlar da kifayət qədər
çoxdur. Ümumiyyətlə, islam dinində qəbirlər necə olmalıdır və dəbdəbəli məzarlara
münasibət necədir?
- Qəbirlərin
nişangahı olmalıdır. Yəni qəbir seçilməlidir. Bu, əsasən yerdən bir qədər
qalxmaqla edilir. Baş daşlarında isə mərhumun adı, soyadı və doğum, ölüm tarixləri
qeyd edilməlidir. Bunun xaricində edilən şeylər israfdır. İslam dini bütün
hallarda israfa qarşıdır.
Ümumiyyətlə
qəbir yerlərinin satılması da günahdır. Bəzən olur ki, mənə zəng edib deyirlər
Hacı Qurd qapısının yanında yeddi qəbir yerim var necə sata bilərəm? Mən belə
insanlara heyrət edirəm.
Qeyd
edim ki, dəbdəbəli yaslarən, qəbirlərin nə ölüyə, nə də diriyə faydası yoxdur. Belə
şeylərə xərclənən pullar ilə uşaqlar, qocalar evinə ianələr edilsin, şəhid ailələri
sevindirilsin, qazilərə dəstək olunsun. Bu əməllər həm ehtiyacı olan insanlara,
həm mərhumun ruhuna, həm də edənin özünə daha faydalı və xeyirlidir.
Söhbətləşdi:
Turan Rzayev
Fotolar: Səbuhi
Allahverdizadə