Ötən gün Baş Prokurorluq Araik Arutyunyanın tezliklə həbs ediləcəyini və məhkəmə qarşısına çıxarılacağını açıqlamışdı. "Özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin olunacaq”, deyə məlumatda qeyd olunmuşdu.
Maraqlıdır, Arutyunyan nə zaman məhkəmə qarşısına çıxarıla bilər?
Bununla bağlı Sfera.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutyunyanın cinayətkar olduğunu xatırladıb. Millət vəkili qeyd edib ki, sözügedən şəxs istər Vətən Müharibəsindən öncə, istərsə də müharibə boyunca və sonrakı mərhələdə xalqımıza qarşı böyük cinayətlər törədib:
"Əlbəttə, bütün bunların qarşılığında Baş Prokurorluq tərəfindən Araiklə bağlı bir sıra materiallar yığılmaqda davam edirdi. Xüsusilə də, Vətən Müharibəsi dövrü və sonrakı mərhələlərdə həmin şəxs və digər erməni cəlladları barədə bilgilərin toplanması istiqamətində zaman-zaman informasiyalar verilirdi. Bu baxımdan, prokurorluq tərəfindən bir sıra işlər aparılıb və görünür, artıq yekunlaşmaq üzrədir. Məhz yığılmış materialların istintaqa təqdim edilməsi təmin ediləcək”.
Müsahibimiz vurğulayıb ki, Arutyunyan və onun kimi digər cəlladların əli xalqımızın qanına bulaşıb:
"Onlar tərəfindən dinc əhaliyə qarşı törədilmiş cinayətlər cavabsız qalmayacaq. Arutyunyan və digərləri buna görə məsuliyyət daşıyırlar və qanun qarşısında da cavab verməlidirlər. İstintaq başa çatdıqdan sonra düşünürəm ki, beynəlxalq hüquq müstəvisində Azərbaycan öz haqlı tələbini davam etdirəcək. Erməni vəhşiləri, vandalları cəzalandırılacaq”.
Günay Rəsulqızı
Sfera.az