"Rusiyanın ekspansiya təbliğatını
aparan Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvanın Ermənistanı tamamilə öz
orbitində boğacağına anons edən açıqlama ilə çıxış edib. MDB məkanında cərəyan
edən hadisələrin ölçüsünün böyüyərək digər ölkələrə sıçraması ehtimalları
getdikcə güclənir”.
Sfera.az xəbər verir ki, bunu
siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov deyib.
Onun sözlərinə görə, Rusiyanın
ambisiyaları Moskvanın yeni modelə ehtiyacını ortaya çıxarır və Kreml SSRİ
modelli bir ittifaq yaratmağa can atır:
"Qazaxıstan hadisələri zamanı
Aleksandr Lukaşenko oxu Özbəkistana yönəltmişdi, indi isə o, Moskvanın təlimatı
ilə Ermənistanı hədəf alır. Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyovun
"YouTube”da yayımlanan "Solovyov Live” verilişinə verdiyi eksklüziv müsahibədə
deyib ki, Ermənistanın çıxış yolu yoxdur: "Ukrayna əgər səhvlərə yol verməsə,
15 il ərzində bu "təhlükəsizlik məkanında” yer ala bilər. Ermənistanın çıxış
yolu yoxdur. Sizcə, onlar kiməsə lazımdır? Onlar artıq bunu gördülər”.
"Azərbaycanla Türkiyənin strateji
müttəfiqliyinin xarakteri elə qurulub ki, bu həm digər ölkələrə yönəlməyib, həm
də birgə müdafiə mexanizmlərini gücləndirir - Lukaşenko bunu da dilə gətirib.
Amma Lukaşenko digər ölkələrin - Türkmənistan, Özbəkistan və Tacikistanın öz
ehtiyaclarına görə Rusiyanın patronajlığı altında yaranacaq hansısa ittifaqa
qoşulacağını bildirib”, - deyə politoloq əlavə edib.
Ekspertin sözlərinə görə,
Lukaşenkonun dedikləri Kreml divarları arasında Ermənistana dair planların
mövcudluğunu göz önünə gətirir:
"Rusiyanın İrəvan qarşısında şərti
budur ki, o Qərblə təmasların siyasi gələcəyini Moskvaya qarşı yönəldən akta çevirməsin
və zamanla Rusiyanın iradəsi altına keçsin, daha doğrusu vassallığını elan
etmiş olsun. Ermənistan onsuz da Rusiyanın
forpostu kimi ad çıxarıb, amma Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra eyni
anda iki stulda oturmaq siyasəti yürütdü ki, bu da Kremlin qəzəblərini
alovlandırdı. İndi isə Kreml NATO ilə qarşıdurma
fonunda özünün əzələlərini nümayiş etdirmək üçün çevrəsinə daha çox ölkə çəkmək
istəyir. Rusiya Ermənistandan istədiyini ala
bilməsə, bu ölkənin taleyinə yeni qara günlər yazılacaq. Bu da nəticə verməsə,
Rusiya Gümrüdəki hərbi bazasının gücünü İrəvana yönəldəcək”.
A. Kərimovun sözlərinə görə,
Lukaşenkonun dediyindən belə nəticə hasil olur ki, Moskva Bakıya müdaxilə edə
bilmir:
"Şuşa Bəyannaməsinin
imzalanmasından sonra Azərbaycanın qətiyyəti Türkiyənin zəmanəti altında daha
da gücləndi, Bakının bərabərməsafəli xarici siyasəti Moskvanı narahat etmir. Təbii
ki, Rusiya Azərbaycanı özünün ittifaqında görmək niyyətindən vaz keçməyib, amma
bunun üçün addımları sadəcə təklif verməkdən o yana keçə bilmir. Lukaşenkonun bəyanatı həm də o deməkdir
ki, Rusiya Qarabağ məsələsində açıq qalan bir çox məsələnin Azərbaycanın xeyrinə
yekunlaşması üçün Ermənistanı təzyiq altında saxlayacaq və bu rıçaqdan Ermənistana
qarşı alət kimi istifadə edəcək.
Rusiyanın təbliğat dili olan
Lukaşenkonun açıqlaması Azərbaycanın Ermənistana qarşı yaranan cəbhədə əlini
gücləndirir və gözlənilən ssenarilərə qarşı "B” planını aktuallaşdırır. Yəqin ki, bundan sonra Paşinyan
hansısa öhdəlikdən boyun qaçırsa, buna cavab olaraq Bakı-Moskva trafikində birgə
müzakirələr aparılacaq və Paşinyanı cəzalandırmaq üçün yeni mexanizmlər
formalaşdırılacaq. Azərbaycanın "B” planı heç də sadəlövh
tezisə əsaslanmır, Bakı həm də Moskvadan "əsən küləklərə” qarşı da bufer zona
yaradır. Son zamanlar Azərbaycanla Türkiyə
arasında artan hərbi-siyasi təmaslar bu bufer zonanın koordinatlarını, məqsədlərini
aydınlaşdırmaq məqsədi daşıya bilər”.
Turan Rzayev