Yol-nəqliyyat hadisələrinin səbəbləri nələrdir? - ARAŞDIRMA

Gündəm 22 Fevral 2022 | 19:54
OXUNUB: 1138

Müasir texnologiya səviyyəsində nəqliyyat vasitələri həyatımızın ayrılmaz hissəsinə çevrilib. Həyatın sürətli axınında vaxta qənaət etməyimizə kömək edən bu alətlər bir çox cəhətdən istifadə olunur. Gün ərzində taksi, şəxsi nəqliyyat, avtobus, gəmi, metro və bir çox başqa nəqliyyat vasitələrindən istifadə olunur. Bu nəqliyyat üsullarından istifadə edərkən qəzalar baş verə bilər. Son zamanlar isə bu qəzalar geniş vüsət alıb. Yol-nəqliyyat hadisələrinin səbəbləri və nəticələri nələrdir?

Avtomobilin tarixinə nəzər saldıqda, avtomobil latın və yunan sözlərindən ibarət olub, özü yeriyən deməkdir. Avtomobil barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülmüşdür.

İki böyük alimin bu sahədə davamçısı sayılan fransız Nikolas Cozef 1769-cu ildə buxarla işləyən ilk avtomobil icad etmişdir Bu icaddan bəhrələnən Amadey Bolle 1875-ci ildə həmin sistemlə işləyən avtomobillə Parislə Le-Manş arasındakı məsafəni 18 saata qət etdi. Bu texnika aləmində böyük sensasiya idi. Və bu da dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəltdi. Hələ 1859-ci ildə fransalı mühəndis Etyen Le Nor avtomobillər üçün nəzərdə tutulmuş yeni tipli mühərrik hazırlamışdı və bu hadisədən sonra, onun alman həmkarı Klerk Nikolas həmin mühərriki təkmilləşdirərək (1876), prinsipcə onu bugünkü formaya saldı.

İstər piyada, istər sərnişin, istərsə də sürücü olaq, yol qəzaları bizim və ya başqasının ucbatından baş verə bilər. Müxtəlif səbəblərdən baş verən bu qəzalar insanlara həm maddi, həm də mənəvi ziyan vurur.

Yol-nəqliyyat hadisələrinin səbəbləri nələrdir?

Yol-nəqliyyat hadisələri bir çox amillərdən qaynaqlanır. Ən ümumi səbəblər bunlardır: Sürücü xətası: Nəqliyyat vasitələri sürücülər vasitəsilə işləyir. Bu funksiyanı həyata keçirmək üçün sürücülər bəzi qaydalara əməl etməlidirlər. Xüsusən də sürücünün diqqətsizliyi, yuxusuzluq, alkoqolizm və sağlamlıq problemləri onların qəza törətməsinə səbəb olur.

Piyada və ya sərnişin səhvləri: Bu, çox əhəmiyyətli bir faktordur. Yol-nəqliyyat hadisələri piyadaların diqqətsizliyi və ya qaydalara əməl etməməsi, yaxud sərnişinlərin qaydalara diqqət etməməsi səbəbindən baş verə bilər.

Avtomobil problemləri: Yol qəzalarının ən çox bilinən səbəblərindən biri avtomobilin nasazlığıdır. Mexanik quruluşa malik nəqliyyat vasitələrində yaşanan qüsurlar və ya çatışmazlıqlar yol qəzalarını artıra bilər. Bu səbəbdən sürücülərin nəqliyyat vasitələrinə mütəmadi olaraq texniki qulluq göstərmələri böyük əhəmiyyət kəsb edir.

Yol və xəbərdarlıq səhvləri: Hərəkətdə olan nəqliyyat vasitələri üçün xəbərdarlıqlar kifayət qədər və aydın olmalıdır. Xəbərdarlıq səhvləri və ya nöqsanları, yanlış və pozulmuş yol tənzimləmələri qəzalara səbəb ola bilər.

Yol-nəqliyyat hadisələrinin nəticələri nələrdir?

Yol-nəqliyyat hadisələrinin bir çox mənfi nəticələri var. Bunlar maddi və mənəvi ola bilər:

Ölüm: Ən arzuolunmaz və kədərli nəticələrdən biridir. Qəzanın şiddətindən və təsir yerindən asılı olaraq insanların tələfatı ilə nəticələnə bilər.

Maddi itki: Baş verən yol qəzası kiçik və ya böyük maddi ziyana səbəb ola bilər. Toqquşmanın şiddətindən asılı olaraq, bu zərərlər qəzaya səbəb olan avtomobildə, qəzaya uğramış avtomobildə və ya yerdə ola bilər.

Psixoloji dağıntılar: Qəzada maddi və ya can itkisi olmasa da, avtomobilin içərisində və ya xaricində olan şəxslər bu travmadan təsirlənə bilər. Hiss olunan duyğular insandan və yaşanan şokdan asılı olaraq fərqli ola bilər.

SİA son zamanlar sıx-sıx baş verən qəzalarla bağlı araşdırma apararaq sosioloq, psixoloq və nəqliyyat ekspertlərinin fikirlərini öyrənib:

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, tanınmış QHT sədri Gülayə Səfərova: "Statistikaya nəzər salsaq görərik ki, ötən illərlə müqayisədə dəhşətli yol qəzaları artmaqda davam edir. Bunlara səbəb isə ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, yolayrıclarını keçmə qaydalarının kobud şəkildə pozulması, nəqliyyat vasitələrinin spirtli içkilərin, psixotrop maddələrin təsiri altında idarə edilməsi, piyadaların qadağa olunmuş yerlərdən yolu keçməsi və s. Baş verən bu kimi halların qarşısını almaq üçün təbliğat işini gücləndirmək, cərimələrin miqdarını artırmaq, qəza nəticəsində baş verən cinayətlərin törədilməsinə görə tətbiq edilən cəza növlərini ağırlaşdırmaq lazımdır. Sürücü, piyada, sərnişin məsuliyyəti artırılmalıdır. Piyadalar da, sürücülər də diqqətli olmalı, yol hərəkəti qaydalarına riayət etməlidirlər ki, sağlamlıqlarından, həyatlarından olmasınlar".

Psixoloq Fidan Nizamova: "Yol qəzaları müxtəlif səbəblərdən olur. İnsanların idarə edə biləcəyi tərəf həm piyadaların yolu daha diqqətli, daha məsuliyyətli keçməsi, həmçinin də sürücülərin də eyni qaydada diqqətli, məsuliyyətli olması vacibdir. Burada insanın özündən asılı olan faktorlardan danışacağıq. Çox təəssüf ki, bəzən insanlar yolu, yol keçməyi, maşın sürməyi özünü ifadə etməklə səhv salırlar. Çünki insanlarda sürətli avtomobil idarəsi, yersiz manevrlər etmək bir növ özünü təsdiqlətmək, özünü cəsarətli, gözəl bir şəkildə göstərmək arzusu olur.

Həmçinin, içkili sükan arxasına oturmağı özünə böyük bir qeyri-adi addım kimi görür. Yəni, bir qürur duyulası bir addım kimi görənlər var. Burada yaş kateqoriyası yoxdur. Bu gənclər arasında da, yaşca böyük insanlar arasında da var. Təəssüf ki, bunları idarə etməkdən başlamalıyıq ki, avtomobil idarə etmək özünü ifadə etmək üçün deyil. Bu, bir yol hərəkət vasitəsidir.

Yol keçmək üçün, piyada üçün qaydalar var. Ona ciddi riayət etmək lazımdır. Anlamaq lazımdır ki, bugün yol keçərkən və yaxud da avtomobil idarə edərkən özümüzə icazə verdiyimiz hər artıq addım, qaydalara zidd olan addım faciəvi sonla bitə bilər. Öncə bunun məsuliyyətini anlamaq lazımdır".

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı: "Yol nəqliyyat hadisələrinin artması bizi çox narahat edir. Xüsusən də, tez-tez ağır yol-nəqliyyat hadisələri baş verir. Bu qəzalarda ölən və xəsarət alanların sayı da kifayət qədərdir. Bu hadisələrin müxtəlif başvermə səbəbləri var. Onların arasında çox təəssüflər olsun ki, yol şəraitinin normal vəziyyətdə olmaması amili də var. Yolların işıqlandırılması, işıqlanma xətlərinin düzgün quraşdırılması kimi halları aidiyyatı qurumlar mütləq nəzərə almalıdırlar. Çünki yol nəqliyyat hadisələrinin təhlili göstərir ki, çox ciddi problemlər var və bu problemləri aradan qaldırmaq lazımdır.

Təbii ki, piyada və sürücülər də diqqətli olmalıdırlar. Bu istiqamətdə də təbliğat işlərinə böyük gərək var. Nəzarət mexanizmi də güclü olmalıdır. Cəzalar həllini tapmalıdır. Heçkim başa düşməsin ki, o toxunulmazdır və ona qarşı cəza tədbirləri görülməyəcək.

Çox təəssüflər olsun ki, bizim sürücülərin əksəriyyəti bu psixologiyada formalaşıb ki, kamera, polis, radar yoxdursa istədiyi formada maşın sürə bilər. Nəzərə almaq lazımdır ki, burada insan həyatından söhbət gedir".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man