Qırğızıstan-Tacikistan
sərhədində vəziyyət yenidən gərginləşib. İlkin məlumatlara görə, dünən saat 17:30-dan 18:00-a qədər
Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının əməkdaşları
Tərt-Keçə Batken rayonunun ərazisindən keçən Batken-İsfana yolunu birtərəfli
qaydada bağlayıblar. Qarşıdurmalar zamanı hər iki tərəfdən ümumilikdə 17 nəfər
yaralanıb. Koço-Boyu və Dahma bölgələrində tərəflər arasında toqquşmalar fasilə
ilə davam edir. Qırğızıstan tərəfinin atəşkəslə bağlı tələblərinə tacik hərbçilərin
məhəl qoymadığı bildirilir.
Günahkar kimidir: Tacikistan, yoxsa Qırğızıstan?
Rəsmi məlumatlardan və tərəflərarası itkilərdən məlum
olur ki, gərginliyi başladan tərəf Tacikistandır. Statistikaya diqqət yetirək:Tərəflər
arasında qarşıdurmalar zamanı ümumilikdə 17 nəfər yaralanıb. Onlardan 11-nin
Tacikistan, 6-nın isə Qırğızıstan vətəndaşı olduğu bildirilir. Aydın məsələdir
ki, hücum edən, ya da gərginliyi başladan tərəfin itkiləri daha çox olur. Digər
bir məsələ də Qırğızıstan tərəfinin atəşkəslə bağlı tələblərinə tacik hərbçilərinin
məhəl qoymamasıdır. Göründüyü kimi, Tacikistan tərəfi məqsədli surətdə və öncədən
hazırlanmış plan əsasında sərhəddə gərginliyi pozur.
Təlimat Kremldən gəlib!
Qırğızıstan-Tacikistan sərhədində baş verənlərin pərdəarxasında
Qazaxıstanda olduğu kimi yenə də Rusiya dayanır. Qırğızıstan-Tacikistan sərhədindəki
toqquşmaları Kremlin Türküstan tamaşasının ikinci pərdəsi də adlandırmaq olar.
Məsələ ondadır ki, Qazaxıstandakı proseslərlə
Qırğızstan-Tacikistan sərhədində baş verənlər arasında məntiqi əlaqə var. Belə
ki, Kreml Türküstan tamaşasına ilk olaraq Qazaxıstanda başladı. Qazaxıstanda təbii
yanacağın qiymətinin iki dəfə artmasından sonra baş verən etirazlar nəticəsində
əvvəl Prezident Qasım Jomart Tokayev hökuməti istefaya göndərdi, Qazaxıstanın
birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən
istefa verdi, sonda isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT)
hərbi yardım istənildi. KTMT-nin Qazaxıstana gəlməsi və Nazarbayevin tərəfdarlarının
bir-bir vəzifədən uzaqlaşdırılması ilə Kreml Qazaxıstanda istəyinə nail oldu.
Qırğızıstan-Tacikistan sərhədində baş verən
toqquşmalarla isə Kreml Türküstan tamaşasının ikinci pərdəsini səhnələşdirir.
Qırğızıstan Tacikistan sərhədindəki toqquşmaların Kremlin ssenarisi əsasında
baş verdiyini sübut edən digər bir məqam isə Qırğızıstan Sərhəd Xidmətinin
yaydığı məlumatdır. Məlumatda qeyd olunur ki, Tacikistan hərbçilərinin sərhəddəki
məlum hərəkətləri razılaşdırılıb ki, bu da onların təxribata qabaqcadan hazır
olduğunu təsdiqləyir.
Məlumatdan da görünür ki, Tacikistan tərəfi bu hücuma
öncədən, həm də planlı şəkildə hazırlaşıb. Təlimat isə Kremldən gəlib. Prinsip
etibari ilə arxasında güc olmadan Tacikistanın Qırğızıstanla qarşı-qarşıya gəlməyə
nə hərbi gücü, nə də iqtisadi potensialı var.
Kremlin hədəfi Fərqanə vadisinə nəzarət etməkdir!
Əvvəla onu qeyd edim ki, Tacikistanla Qırğızıstan
arasında sərhəd problemi əvvəldən mövcud olub. Delimitasiya və demarkasiya üzrə
danışıqlar prosesi 2002-ci ildə intensivləşib, komissiyaların və işçi qrupların
200-ə yaxın iclası keçirilib. Hazırda sərhəd xəttinin 550 km-ə yaxını təsvir
edilib. Lakin iki ölkənin sərhədində yerli sakinlər arasında vaxtaşırı münaqişələr
yaşanıb ki, bu da tez-tez atışmalarla müşaiyyət olunur. Moskva isə hazırda
bundan ustalıqla istifadə edir.
Kremlin planını qısa olaraq belə xarakterizə etmək
olar:
Birincisi, Kreml öncədən silahlandırdığı Tacikistan
qoşunlarını Qırğızıstan üzərinə hücuma təhrik edir. Beləcə əvvəldən bəri mövcud
olan tacik-qırğız sərhəd münaqişəsi yenidən alovlanır.
İkincisi, tərəflər arasında gərginlik bir müddət davam
edir. Qarşılıqlı itkilər fonunda rəsmi Moskva KTMT kartını oynayır və tərəfləri
atəşkəsə riayyət etməyə çağırır. Bu faktiki olaraq KTMT-nin, əslində isə
Kremlin tərəflər arasında gərginliyin getdiyi əsas regiona, Fərqanə vadisinə gəlişinin
anonsdur.
Üçüncüsü, Qazaxıstanı tərk edən KTMT qüvvələri Fərqanə
vadisinə gəlir, beləcə Kreml Türküstan tamaşasının ikinci pərdəsi başa çatdırır.
KTMT-nin baş katibi Stanislav Zas artıq Qırğızıstan və
Tacikistan sərhədində baş verənlərlə bağlı tərəfləri dərhal atəşkəsə əməl etməyə
çağırıb. Zas bildirib ki, sərhəddə yenidən toqquşmaların baş verməsi, yaralıların
olması ciddi narahatlıq doğurur: "Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma
dərhal dayandırılmalıdır. Münaqişə müstəsna olaraq danışıqlar masası arxasında
sülh yolu ilə həll edilməlidir. KTMT Qırğızıstan və Tacikistana münaqişənin həllində
lazımi yardım göstərməyə hazırdır”.
Zas əslində tərəflərə KTMT üzvü olduğunu xatırladaraq təşkilatı
regiona dəvət etmələrini tələb edir. Kremlin istəyi açıqdır. Mövcud gərginliyin
bitməsi üçün KTMT qoşunları Fərqanə vadisinə gəlməli, burada proseslərə nəzarət
etməlidir. Fərqanə vadisinin önəmi isə hər kəsə məlumdur. Bu bölgə Özbəkistana
yaxınlığı isə onun əhəmiyyətini artırmış olur.
Kreml Fərqanə vadisinə nəzarət edərək Türküstan
ssenarisinin 3-cü pərdəsinə hazırlıqlar görür. Növbəti hədəf Özbəkistandır. Rəsmi
Moskva buna da nail olsa, "arxa bağça”sında tam nəzarəti ələ alacaq və bütün
gücünü Ukrayna cəbhəsinə yönəldə biləcək.
Turan Rzayev